VI çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Gəncə Dövlət Dram Teatrının ədəbi-hissə müdiri, teatrşünas Anar Bürcəliyevi yubileyi ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda yubilyarın həyat və fəaliyyətinin ən ümdə məqamlarına vurğu edilib:
“Hörmətli Anar müəllim,
Sizi 50 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, ictimai və yaradıcı çalışmalarınızda yeni uğurlar diləyirəm!
Siz özünəxas sənət gələnəkləri, yaradıcılıq ortamı olan qədim şeir-sənət ocağı Gəncədə, Xalq artistləri Məmməd Bürcəliyev və Sədayə Mustafayevanın ailəsində doğulmusunuz. 1987-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor, 1990-cı ildən isə rejissor köməkçisi işləmisiniz. Ali təhsilinizi, doğma teatrın göndərişi əsasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakültəsində almışınız (1991-1996).1993–1994-cü illərdə dövri mətbuatla və televiziya ilə yaxından əməkdaşlıq etmiş, 1995-ci ildə Gəncə şəhərində “Kəpəz TV” Teleradio Verilişləri Şirkətinin yaradıçılarından biri olmuş, şirkətin “Xəbərlər” departamentinə başçılıq etmisiniz. 1996–1997-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İncəsənət Baş İdarəsinin aparıcı inspektoru, 1997–1999-cu illərdə Gəncə Dövlət Dram Teatrının sərəncamçı direktoru vəzifələrində çalışmısınız. Hazırda Gəncə Dövlət Dram Teatrının ədəbi-hissə müdirisiniz.
Respublikamızda çıxan ayrı-ayrı qəzet, jurnallarda 400-dən artıq məqalə, resenziya, oçerk və həmçinin müsahibələriniz yayınlanıb.
Xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin 95 illik yubileyinə həsr olunmuş “Xoşbəxt bürc altında” televiziya filminin, həmçinin, “Xocalı – Unuda bilmədiklərimiz”, “Gəncə Tibb Kolleci - 80” sənədli televiziya filmlərinin ssenari yazarısınız.
“Əsl el adamı” (Xalq artisti Məmməd Bürcəliyevin həyat və yaradıcılığı haqqında; 1998), “Səhnə həyat nurumdur” (Xalq artisti Sədayə
Mustafayevanın həyat və yaradıcılığı haqqında; 2000), “Azərbaycan kinosunun tarixi və inkişafı” (Ensklopedik bilgi kitabı; 2001), “Qoşa qanad” (Əməkdar incəsənət xadimi, rejissor Vaqif Şərifov və Əməkdar artist Simuzər Namazovanın həyat və yaradıcılıqları haqqında; 2011), “Onun dünyası” (Şair-dramaturq Fəridə Əlyarbəylinin həyat və yaradıcılığı haqqında; 2019), “Məqalələrim, resenziyalarım, oçerklərim, müsahibələrim” (I cild – 2019; II cild – 2020) və b. kitablarınız gün üzü görüb.
2011-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2017-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüsünüz.
Sizi yaradıcılıq uğurlarınız və əlamətdar yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!
“Ədəbiyyat və incəsənət”
(12.09.2024)