Sentyabrın 10-da Beynəlxalq Muğam Mərkəzində “Natəvan” Cəmiyyətinin (Çexiya) iştirakı ilə “All + about = Love, To Be or to Be?” musiqili kino axşamı keçirilib.
AzərTAC xəbər verir ki, gecədə iki qısametrajlı film - “To Be or to Be?” (rejissor Leyla Bəyim, prodüser Boris Qoldberq, Bakıda çəkilişlərin art-direktoru – Ülviyyə Axundova; ABŞ-Çexiya) və “Divarın o tayında” (rejissor və prodüser Azər Ağalarov; Almaniya-İspaniya) nümayiş etdirilib. Beynəlxalq kinofestivalların qalibi olan hər iki ekran əsəri həm Azərbaycanda, həm də xaricdə yaşayan azərbaycanlı yaradıcı ziyalıların nümayəndələrinin iştirakı ilə ərsəyə gətirilib.
Gecədə Qara Qarayev adına Azərbaycan Kamera Orkestrinin ifasında Qara Qarayevin və Bedriç Smetananın əsərləri səsləndirilib.
Tədbirdə, həmçinin Ülviyyə Adıgözəlin ifasında “You and I” və Mariya Cəfərovanın ifasında “Məryəmin laylası” mahnılarının videopremyerası, xoreoqraflar və rəqqasələr Alek Ağalarov və Faye Anderson-Ağalarovanın klipi, habelə məşhur cazmen Salman Qəmbərovun ifasında “Angel in the Night” kompozisiyası və Qasım Xəlilovun (klaviaturalar - Dmitri Miroşniçenko, saksafon - Teymur Süleymanbəyli) ifasında ariyalar təqdim edilib.
Bundan başqa, Leyla Bəyimin librettosu əsasında bəstəkar Elxan Məmmədovun “İmmolatio” rok operasının gələcək layihəsi açıqlanıb.
Tədbirin rejissoru Azər Ağalarov, aparıcıları Leyla Bəyim və Ülviyyə Axundova olublar.
Leyla Bəyimin AzərTAC-a verdiyi məlumata görə, bu tədbir onun üçün böyük mədəniyyət hadisəsinə çevrilib.
“To Be or to Be?” filmi Qərb və Şərq sivilizasiyasının iki mərkəzi, bir-birinə ruhən çox yaxın olan iki gözəl şəhər - Bakı və Praqa arasında körpü qurur. Əbəs yerə deyil ki, “Yerin mərkəzinə səyahət” kitabının müəllifi - mənim qəhrəmanım 298 yaşında “yerin mərkəzini” öz gözləri ilə görmək üçün səyahətə çıxıb... Bu kino səyahəti Avropa film festivallarında yüksək qiymətləndirilib. Çox istəyirdim ki, öz gözəlliyi və enerjisi ilə bənzərsiz olan bu filmi əziz həmvətənlərim, Bakı şəhərinin sakinləri də görsünlər”, - deyə Leyla Bəyim vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)