"Mart-aprel aylarında pandemiya tamamilə bitəcək" Featured

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, COVID-19-un "Omicron" variantının simptomları son günlərdə həm internetdə ən çox axtarılan, həm də həkimlərdən soruşulan sualdır. Bu variant ölkəmizdə yanvar ayının 10-da aşkarlansa da, təxminən bir aydan artıq müddətdir ki, "Omicron" ştammının simptomları ilə xəstə olan insanlar var və onların sayı günbəgün artmaqda davam edir.

 

Bir çox hallarda həmin simptomlarla PCR testi etdirənlərin nəticəsi neqativ çıxır. Lakin düşüncələrə görə, həmin variantın bizim laboratoriyalarda aşkarlanması üçün imkanlar yetərli deyil. Səhiyyə Nazirliyindən sorğumuza cavabda bildirilmişdi ki, COVID-19-a yoluxmanın hansı ştamla baş verdiyi xüsusi laboratoriyalarda aparılan araşdırma ilə aşkar edilir. "Azərbaycanda neçə belə laboratoriya var?" sualına isə nazirliyin cavabı belə olub ki, mütəmadi olaraq genetik analizlər aparılır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Kluqe mətbuat konfransında bildirib ki, bu ştamm çox sürətlə yayılsa da, yoluxanların çoxunda asimptomatik hallar qeydə alınır, ölüm halları yüksək deyil.

İmmunoloq Vladimir Bolibok da mətbuata açıqlamasında deyib ki, "Omicron" yoluxduruculuq baxımından qızılcanı keçib. Düzdür, bu varianta yoluxanların əksəriyyəti xəstəliyi ağır keçirmir, amma yoluxma sayının bu qədər sürətlə getməsi Azərbaycan səhiyyəsinin istər tibbi personal, istərsə də xəstəxanalarda çarpayı sayı, dərman ehtiyatı baxımından vəziyyətini nəzərə alsaq, nə dərəcədə təhlükəli ola bilər?

Farmakoloq-həkim Müşfiq Hüseynov söyləyir ki, yeni ştammın daha yüngül simptomlarla müşahidə edilməsi hansısa təhlükənin olacağı ehtimalını zəiflədir: "Bəli, son günlərdə demək olar ki, hamı kütləvi şəkildə yoluxur. Amma sevindirici haldır ki, xəstəlik 14 günə deyil, daha az müddətə bitir. Bu variantda iybilmə, dadbilmənin itməsi çox nadir hallarda olur. Ciyərlər elə də ciddi zərər görmür. Əsas simptomları tamamilə qripə bənzəyir. Qızdırma, öskürək, boğazda ağrı, burun axması kimi simptomlarla müşahidə olunur".

"Buna görə də Azərbaycan səhiyyəsinin vəziyyəti necə olur-olsun, bu ştamla bağlı hansısa təhülkə hiss etmirəm və olası da deyil. Xəstəxanalar bu işdə kifayət qədər professionallaşıb. İnsanlar da anlayıblar ki, hər xırda şeydən ötrü həkimə getməyin mənası yoxdur. Çox adam evdə özü-özünü müalicə edir və edəcək", - deyə mütəxəssis bildirib.

Həkim qeyd edir ki, "Omicron" ştammı Azərbaycanda çoxdan var: "Mən digər müsahibələrimdə də demişəm. Bu variantın Azərbaycanda aşkarlanması son günlərdə təsdiq edilsə də, mən hesab edirəm ki, bizdə çoxdan var idi. Sadəcə laboratoriyalar bu ştammı təyin edə bilmirdi. Həkimlər simptomlarından əmin deyildilər. PCR testinin də neqativ çıxmasına görə yoluxanlar qrip kimi müalicə olunurdular. 15-20 gündür ki, şəhərin böyük bir hissəsi, ən çox da uşaqlar qripdirlər".

Həmsöhbətimizin fikrincə, bu cür kütləvi yoluxma COVID-19-un sonuncu dalğasının yaşandığını təsdiqləyir: "Mən bunu sentyabr ayında da demişdim, yenə də bildirirəm ki, mart-aprel aylarında COVID-19 tamamilə bitəcək və həyat normal axarına geri qayıdacaq. Yay aylarında koronavirusla bağlı hansısa problem olmayacaq".

"Yoluxma sayında bir müddət artım müşahidə olunacaq. Bu da əvvəlcədən təxmin olunan idi. Fevral-mart aylarında sonuncu dalğa yaşanacaq. Amma bundan da qorxmaq lazım deyil. Ümumiyyətlə, "Delta" variantı haqqında da qorxulu fikirlər səsləndirilirdi. Amma təhlükəsi deyildiyi kimi hiss olunmadı. İnsanlar artıq özlərini necə qorumalı olduqlarını, hansı halda həkimə müraciət etməli, necə müalicə olunmalı olduqlarını bilirlər", - deyə Hüseynov fikrini yekunlaşdırdı.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.