Sizə bir təşəkkür borcum var! - MEHRİBAN XANIM ƏLİYEVAYA MÜRACİƏT Featured

 

Türk dünyasının milli dəyərlərini, fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirən, dini tolerantlığı, multikulturalizmi gücləndirən, Şərqlə Qərb arasında mədəni dialoqa nail olan , beynəlxalq aləmdə adı xüsusi hörmətlə çəkilən Vətən qızı Mehriban Əliyeva!

Sizə bir təşəkkür borcum var!!!

Nəyə görə və niyə?!

 

Ona görə ki,  sevgi dolu ürəyinizin istisini Günəş kimi təmənnasız paylayırsınız!!! Sevginizdən neçə qəlbə işıq düşür. Eşq ilə, sevgi ilə qurulan yurd, ocaq bərbad ola bilməz. İnsan öz evini, oçağını sevməsə, qonşunun, el-obasının da ocağı yanmayacaq. 

Vətən qızı, mən sizin milli kökükümüzə bağlılığınızdan danışacağam. Can üstə olan  milli musiqimizə dəyər verib, Mərkəzi Asiya və Şərq regionunda Muğamın dirçəldilməsi kimi möhtəşəm bir layihəni həyata keçirməklə ruhumuza qida verdiniz. Sözümüz, səsimiz, muğamımız, sazımız dirçəldi. Bundan sonra bu mədəni və mənəvi dəyərlərimiz yaşamağa pasport aldılar. Dünyanın hansı ölkəsinə getdinizsə, milli irsimizi, musiqimizi özünüzlə apardınız. Mədəniyyətimizi, tariximizi görmək istəməyənlərə görk etdiniz, kor gözləri, kar qulaqları açdınız.

Mədəniyyətimizin, incəsənətimizin və muğam sənətimizin beşiyi olan Şuşa şəhərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Heydər Əliyev Fondunun prezidenti kimi sizin təşkilatçılığınızla "Xarıbülbül" və "Muğam" Musiqi festivallarında bütün dünya bir daha dövlətimizin gücünün, xalqımızın müdrikliyinin, dövlət başçımızın əzminin, yenilməz iradəsinin şahidi oldu.

Abrımız, ismətimiz, milli kodumuz olan kəlağayını UNESKO-nun Maddi İrs Siyahısında birincilər sırasına yazdınız. Bu da tariximizin, mədəniyyətimizin kiçik bir maddi nümunəsi idi. Kəlağayının sehri  və və qədim tarixini qəbul etmək Azərbaycanın, türk dünyasının qədim ənənələrini qəbul etməkdir. Gün o gün olsun ki, Azərbaycan qadınları və qızları sizin timsalınızda kəlağayımızı, milli geyimlərimizi şad və xürrəm günlərində milli geyim kimi öz sandıqlarına əlavə etsinlər. 

Ölkəmizin hər yerində, xarici ölkələrdə - bütün qəbullarda və mərasimlərdə qız və gəlinlərimiz, kişilərimiz milli libasa bürünsünlər. Bu da milli ruhumuzu özümüzə  qaytaracaq. Milli ruhu güclü olan, milli dəyərlərini qoruyan xalq əbədiyaşardır.

Göy Tanrısının Yer üzündə olan işıqlı qızı, Mehriban xanım!

Siz kimsəzilərin yanında oldunuz, əli hər yerdən üzülənin əlindən tutdunuz. 2016-cı ilin aprel döyüşlərindən sonra qarşınıza çıxan hər bir şəhid anasını bağrınıza basıb, könlünüzün istisi ilə viran olmuş qəlblərinin ağrısını aldınız. Evi uçmuş, yurdu viran olmuşların yurduna, evinə gedib, onların tək olmadığını—Vətən boyda, Azərbaycan boyda sahibləri olduğunu dediniz. Siz təkləri tək qoymadınız. 

Siz bir şəhid anasının, bir köçkün, kimsəsiz ananın qarşısında diz çöküb əlindən öpüb, nazını çəkdiniz. Bu əyilmək də sizi elin-obanın gözündə ucaltdı.  Sizi xəyal edib düşünən sıravi azərbaycanlıların evinə gedib, süfrələrinin başında oturub çayını içib, duz-çörəklərini kəsdiniz. Qədim milli adət-ənənlərimizi yaşatdınız. 

Bir şəhid qadınına məhkəmə tərəfindən haqsızlıq olanda, onun Tanrı dərgahında olan həyat yoldaşının ruhu şad olsun deyə, yazdığım statusumdan iki saat sonra, həmin xanıma artıq himayə etdiyinizdən xəbər tutdum. Oğlunun ürəyində itmiş inamını işıq kimi gözündə yandırdınız.

Sevə -sevə abadlaşdırılmasında iştirak etdiyiniz dini ibadət yerlərimizi, məbədlərimizi, pirlərimizi ziyarət etdiniz. Bu ziyarətlərinizi gerçəkləşdirərkən gözümdən qaçmayan bir məqam oldu. Hansı qocaman ağacı gördünüzsə dayanıb salam verdiniz, gövdəsinə, yarpağına sığal çəkdiniz, daş yaddaşları oyatdınız. Əlinizin istisi tarixlərə şahid daşlara toxunduqca, ürəyinizdən, beyninizdən, ruhunuzdan keçirdiklərinizi Tanrı, Göy Səma qəbul etdi.  O gün- bu gün, müqəddəs bildiyiniz, ayaq basıb ziyarət edtiyiniz hər yerdə Tanrı saf dualarınızı, alqışlarınızı alıb, gözəl pay kimi, buta kimi Azərbaycana, Türk dünyasına qaytarır. Daşların yaddaşı iti olur. Daşların dilini hər yoldan keçən bilməz, daşlar hər yoldan keçənə sirr açmaz. Siz daşları, ağacları ziyarət edəndə Ağ Ana, Kubay Ana, Gün Ana, Umay Ana, Maygıl Ana, Od Ana, Su Ana, Ebe Ana, El ene, Yel Ana, Ulu Ana kimi Tanrı dərgahında dolaşan analarımızın ruhları hər zaman başınızın üstündə dolanır. 

Azərbaycanın Birinci xanımı!  Heydər Əliyev Fondunun adı ilə irimiqyaslı, möhtəşəm layihələri həyata keçirməklə, ölkəmizin həm daxildə, həm də xaricdə böyük nüfuz qazanmasına, yeni dünya cəmiyyətinin öndə olan ölkələrindən birinə çevrilməsinə güclü dəstək olmuş Vətən qızı! 

Heydər Əliyev Fondunun rəhbəri  Mehriban xanım Əliyeva!

İnsan dünyada nə edirsə hesabına yazılır.  Etdiyiniz bütün xeyirxahlıqlar ömür yolunuzun hesabatıdır. Gözləmədiyiniz, bilmədiyiniz yerdə qarşınıza çıxacaq!!!

Göy Tanrısı, Qızıl Günəş, Ay Tanrısı, Yaradan öz mehr-məhəbbətini sevdiklərinizdən və sizdən əsirgəməsin!!! Dünya durduqca xeyirxah əməlləriniz  yaşayacaq. Tarixdə dastan olacaq!!! 

 

Hörmətlə, “İpək Yolu Mədəni və Tarixi Araşdırmalar” 

İctimai Birliyinin sədri, jurnalist                    Aida Eyvazlı Göytürk.                                                          

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.