Bir qrup Azərbaycan ziyalısı Qazaxıstan xalqına müraciət ünvanlayıb

“Ədəbiyyat və incəsənət” portalı müraciətin mətnini təqdim edir:

 

"Qardaş  Qazaxıstanda baş verən son qanlı olaylar Azərbaycan ictimaiyyətini, o cümlədən  elm və qələm adamlarını qayğılandırdığı qədər, həm də çox narahat edir. Qazaxıstan və Azərbaycan xalqları  qədim dövrlərdən bəri atalarımızın bizə miras qoyduğu  qonşuluq, dostluq və qardaşlıq əlaqələrini bu günümüzə qədər qoruyub gətirib. Bizim dinimiz, inancımız, mədəniyyətimiz, tariximiz birdir. 

Qazaxıstanda  kənar qüvvələrin iştirakı ilə hazırlanan terror və iğtişaşları pisləyir,  hər zaman sülh və həmrəyliyin beşiyi olan   qardaş ölkəyə əmin-amanlıq diləyirik. Vətənin azadlığı, rifahı və insanların dincliyi yolunda canından keçənlərə Tanrıdan rəhmət diləyirik. İğtişaşlar nəticəsində yaralananlara can sağlığı, zərəçəkənlərə isə səbr və dözüm arzulayırıq. 

Qazaxıstan azərbaycanlılara hər zaman qucaq açıb. Hələ ötən əsrin 30-cu illərindən etibarən sovet quruluşunun qanlı repressiyasına məriz qalan həmyerlilərimizi  böyük ürəkli qazax xalqı öz yurdlarında, ocaqlarında qəbul edib, onlara sevgi və mehribanlıq göstəriblər. Qardaş xalqdan bu sevgini görən azərbaycanlılarımız da sürgünlük illərindən sonra talelərini  Böyük Çölə etibar ediblər. Böyük Çöldə yaşayan qazax bacı-qardaşlarla, Qazaxıstana pənah gətirən digər milli azlıqlar və millətlərlə birlikdə Qazaxıstanı qurub-yaradıblar. 

1986-cı ilin 16 dekabrında  Sovet zəncirlərini ilk dəfə qıran Almatıdakı qazax qəhrəmanları oldular. 1991-ci ildə Qazaxıstan və Azərbaycan çoxdan arzuladıqları müstəqillikilərinə nail oldular. Müstəqilliyin yolu qan-qadalı olur. 

Qazax xalqının taleyi ilə Azərbaycan xalqının taleyi hər zaman oxşar olub. 1990-cı il 19-20 yanvarda sovet tankları “azadlıq” şüarı ilə küçələrə çıxan azərbaycanlılara atəş açdı. Azərbaycanın şərəf və qəhrəmanlıq tarixinə  19-20 yanvar qara hərflərlə  “Qara yanvar” kimi yazıldı. 

O qanlı tarixi yaşadığımız günlərdə qazax xalqı bizim yanmızda oldu. Dünyanın tanınmış insanı Oljas Süleymenov Almatıdan uçub Bakıya gəldi. Qazax xalqı adından öz dəstəyini göstərdi. 

Çox əfsuslar olsun ki,  müstəqilliyinin 30 ili ərzində dünya səhnəsində xüsusi yer qazanan Qazaxıstan kimi nüfuzlu, sülh və həmrəyliyin bərqərar olduğu bir yurdda, xarici və daxili düşmənlər sabitliyi poza bildilər. İndi Qazaxıstanın da tarixində  “Qanlı  yanvar”  tarixi var.

Vətən və torpaq, dövlətçilik uğrunda canından keçənləri nə tarix, nə də xalq unutmur. 

Biz Azərbaycan ziyalıları, ədəbiyyat və söz adamları  inanırıq ki, güclü və qüdrətli Qazaxıstan dövləti, qeyrətli və mərd qazax xalqı bu qarışıq zamandan üzüağ çıxacaq. Və ədalət zəfər çalacaq!

Biz sülhsevər azərbaycanlılar  həm qardaş Qazaxıstana, həm də bütün dünyaya sülh və əmin-amanlıq arzu edirik!!!

BİRGE BOLAMIZ! BİRGEYİK!!!"

 

Elxan Zal Qaraxanlı - şair-publisist, Mahmud Kaşqari adına Beynəlxalq Fondun sədri

Ofelya Babayeva - şair, əməkdar müəllim,  “Şöhrət” Ordeni mükafatı laureatı 

Tənzilə Rüstəmxanlı, Azəri Türk Qadınlar Birliyinin sədri, "Şöhrət" ordeni mükafatı laureatı 

Firuz Mustafa -  fəlsəfə elmləri doktoru, yazıçı-dramaturq, əməkdar incəsənət xadimi

Elçin Hüseynbəyli - yazıçı-dramaturq, əməkdar incəsənət xadimi

Yunus Oğuz - yazıçı, “Olaylar” qəzetinin baş redaktoru

Zemfira Məhərrəmli - əməkdar jurnalist

Aida Eyvazlı Göytürk, beynəlxalq dərəcəli mükafatlar lauraetı, jurnalist-publisist

Varis Yolçiyev - yazıçı, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri

Əkbər Qoşalı - şair

Xəyal Rza - şair, Beynəlxalq Türk Müəllifləri təşkilatının sədri

Əyyub Qiyas - yazıçı dramaturq

İbrahim İlyaslı - şair, Sumayıt Poeziya evinin direktoru

Elmar Şeyxzadə, “Mir Literaturı” qəzetinin baş redaktoru

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.