1990-cı ildə törədilən qanlı cinayətin instintaqını aparan mərhum Azərbaycan prokuroru İdris Əsgərovdan alınmış müsahibəni illər sonra “Ədəbiyyat və incəsənət” portalı təqdim edir.
Aida Eyvazlının təqdimatında.
İdris Əsgərov respublikamızın qocaman və adlı sanlı, şərəfli prokurorluq işçisi kimi təqaüdə 1996-ci ildə çıxıb. Sonuncü vəzifəsi Respublikanın Baş Prokurorluğunda nəzarət idarəsinin rəisi olub. 1990-cı ilin 20 Yanvar hadisələrini yaddaşında yaşadan yaşlı nəslin nümayəndələrindən biri kimi, 1998-ci il 20 yanvarda “Panorama” qəzetində çalışdığım zaman hadisələrlə bağlı etdiyim dəyərli müsahibəni oxucuların diqqətinə çatdırıram. İdris müəllim həmin hadisələrdən iki il keçəndən sonra Moskvaya gedərək keçmiş SSRİ rəhbərlərini, Azərbaycan xalqına qarşı cinayət törətmiş şəxsləri dindirmişdi. O həmin günləri belə xatırlayırdı:
... Həmin gecə Yazov Bakını vertolyotdan seyr edirdi...
...Tariximizə qanlı şənbə kimi daxil olan həmin gecə, Sovet Ordusu doğma Bakımıza quldurcasına basqın edərək dinc əhaliyə, sözün əsil mənasında divan tutdu. Qocaları-gəncləri, qadınları-körpələri qəddarcasına güllələdi. Tarixdə misli görünnməmiş qanlı bir cinayət törətdi. Həmin gecə Bakının aydınlıqla qoşa doğulmuş saf səmasında, basqınçıların silahlarından atılan güllələr bir-biri ilə kəsişərək xalqımızın sinəsinə çalın-çarpaz dağ çəkdi. Küçələr al qana boyandı, insan cəsədləri yan-yana düzüldü. Küçədən keçən, işdən qayaıdan, mətbəxdə iş görən neçə-neçə adam qətlə yetirildi. Qəflətən şəhəri dörd tərəfdən bürümüş bu qanlı-qadalı bəlanı anlamaq elə-belə mümkün deyildi. Sanki insanlar cəhənnəmi öz gözləri ilə gördülər. Ancaq səhər Vladimir Dubinyak adlı bir generalın Bakı şəhərinin komendantı kimi verdiyi əmrdən məlum oldu ki, sən demə SSRİ Ali Sovetinin Rəyasət Heyəti özünün 19 yanvar 1990-cı il tarixli fərmanı ilə yanvarın 20-dən Bakı şəhərində fövqəladə vəziyyət elan edibmiş.
20 yanvar faciəsinin qanlı səhifələrini mən gözlərimlə görmüşəm. Peşə fəaliyyətimlə əlaqədar olaraq, uzun illər ən ağır cinayətlərlə qarşılaşsam da, onların heç biri 20 yanvar hadisələrində gördüklərim qədər məni dəhşətə gətirməyib. Bu kütləvi qırğının qarşısında, donub qalmışdım. Bu zaman məndə belə bir istək yarandı ki, kaş XI Ordunun Vətənimizə soxulmasını təmin etmək üçün Azərbaycan Demokratik Respublikası rəhbərlərinə ultimatum göndərmiş, bolşevik babalarımızı qanlı səhnənin qarşısına dəvət edib, bizə miras qoyduqları cəmiyyəti onlara nümayiş etdirə biləydim.
1990-cı il yanvarın 22-də hələ Bakı küçələrində xalqa divan tutulduğu bir vaxtda, “İzvestiya” qəzetinin müxbirləri Litovkin və Mostovinkov yazırdılar: “Küçədə bizə yaşlı və ağlayan bir qadın çataraq dedi: Mən əsil bakılıyam. Valideynlərim bura XI Ordu ilə gəliblər. Mən yaşadığım evin üstündə banditlər oturmuşdular. Əvvəllcə onlar əsgərləri atəşə tutdular, əsgərlər də məcbur olub cavab atəşi açdılar.” Yəqin ki, bu sitatdan sonra izahata ehtiyac yoxdur.
Xalq öz Şəhidlərini böyük ehtiramla şəhərin ən yüksək nöqtələrinin birində dəfn etdi. Xalqın ziyarətgahına çevrilmiş müqəddəs Şəhidlər Xiyabanı yarandı. Dünyanın hərbi baxımdan ən qüdrətli iki dövlətindən birinin nizami ordusu tərəfindən gülləbaran edilmiş mərd xalqımız əyilmədi, sınmadı, nəhayət öz tarixi məqsədinə çataraq müstəqillik əldə etdi. İndi bütün bunlar bizə nəsə bir təskinlik verir.
- İdris nüəllim, 20 yanvar qırğınının təşkilində və icra olunmasında bilavasitə iştirak etmiş şəxsləri dindirmisiniz. Bu barədə deyə bilərsiniz, yaddaşınızda nə qalıb?
- O danışıqların hamısı bir maqnit lentindəki kimi yaddaşıma yazılıb. Tale elə gətirdi ki, Bakıda qanlı cinayəti hazırlayıb, həyata keçirmiş Sovet İttifaqı rəhbərliyinin bir sıra nümayəbdələri ilə görüşüb onları sorğu-suala tutmaq, bir hüquqşünas istintaqçı kimi mənə nəsib oldu. SSRİ Ali Sovetinin sədri Anatoli Lukyanovu, SSRİ Müdafiə naziri Dmitri Yazovu, SSRİ DTK-sının sədri Vladimir Kryuçkovu 1992-ci il fevralın 19-da Moskvada rəsmi olaraq, Müstəqil Azərbaycan Dövləti adından Respublikanın o zamankı Baş prokuroru Murad Babayevlə birlikdə dindirdik. Bu şəxsləri dindirmək üçün bir sıra çətinliklərlə üzləşdik. Əvvəla onlar Rusiya prokurorluğu tərəfindən həbs olunmuş, dövlət çevrilişi cəhdidndə ittiham edilirdilər. Onların hər birinin müdafiəçisi var idi və müdafiəçinin iştirakı olmadan heç kəslə görüşmək istəmirdilər. Bütün maneələri aradan qaldıraraq, biz hər üç müttəhimi onların müdafiəçilərinin iştirakı ilə dindirdik.
- Dindirmə zamanı onlara verdiyiniz sualların mahiyyəti mənim üçün də maraqlıdır.
- Biz çalışırdıq ki, onlar xalqımızın qarşısında öz günahlarını etiraf etsinlər. Əvvəlcə marşal Dmitri Yazovu gətirdilər. Aman Allah, böyük bir millitarist, fövqəldövlətin hərbi qüvvələrinin rəhbəri bu imiş... Mənim xalqıma divan tutmaq komandasını verən marşal bu imiş ?! Sözün düzü, ilk görüşdə mən emosiyalarımı cilovlaya bilmədim, vətəndaşlığım peşə borcumu üstələdi. Məndə bu insana qarşı nifrət oyandı. Onunla prokurorluq işçisi kimi danışmaq qabiliyyətim bir anlıq yox oldu. Lakin özümü ələ aldım. Bunu dindirmənin istədiyimiz kimi aparılması da tələb edirdi. İlkin olaraq, dindirmə, öz qaydasında gedirdi. Əsil “soldafon” xislətli bu adam ifadə verməyə başladı. Onun qarşısında, kəskin ifşaedici suallar qoyulduqda, öz müdafiəçisinin məsləhəti ilə ifadə verməkdən imtina etdi. Lakin biz bütün lazimi suallari onun qarşısında qoyaraq, baş vermiş kütləvi insan qırğınında şəxsi məsuliyyətini ona anladırdıq. Bizim verdiyimiz ifşaedici sualları dinlədikcə onun necə psixoloji həyəcanlar keçirdiyi indi də gözümüzün qabağındadır. Adamların kütləvi surətdə güllələnməsi haqqında çəkinmədən əmr verən bu marşal, daxilən olduqca qorxaq və aciz idi.
Dmitri Yazovun ifadələrindən:
“...1990-ci il yanvarın 19-da məni prezident Qorbaçovun yanına dəvət etdilər. Daxili İşlər naziri Bokatin də ora dəvət olunmuşdu. SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov və SSRİ Ali Sovetinin sədri Aleksandr Lukyanov da Qorbaçovun iş otağında idilər. Qorbaçov dedi ki, Bakıda təhlükəli vəziyyət yaranıb. Mən və Bokatin ora gedib qanun-qayda yaratmalıyıq. Həmin gün Bakı vaxtı ilə saat 17.00-da biz Bakıya gəldik. Bakıda Qərb istiqamətinin baş komandanı, general N.Popovun otağında SSRİ prezidentinin nümayəndələri Yuri Primakov və Oleq Şeninlə birgə Azərbaycan KP MK-nin birinci katibi Əbdürəhman Vəzirovla görüşüb, vəziyyəti müzakirə etdik və fövqəladə vəziyyət olunması qərarına gəldik. Yanvarın 19-dan 20-nə keçən gecə nizami Sovet Ordusunun hissələri Bakı şəhərinə yeridildi. Qoşun şəhərə girərkən şiddətli müqavimətə rast gəldiyindən, atəş açmağa məcbur olduq...!”
Yazov deyirdi ki, bu zaman şəhərin üzərində vertolyotla uçaraq bunları özü müşahidə etmişdi. İnsan qırğınını belə soyuqqanlılıqla müşahidə edən hərbiçini insani baxımdan xarakterizə etmək üçün əlavə sözə ehtiyac yoxdur. Yazov, qəflətən yaxalanmış cinayətkarlar kimi, son dərəcə məntiqsiz, dolaşıq danışaraq, aşkar çaşqınlığa yol verirdi. Yanvarın 19-da axşam Bakıya gələn Yazovun bir neçə saat ərzində vəziyyəti öyrənib yüksək vəzifəli şəxslərlə müşavirə keçirməsi, fövqəladə vəziyyət elan edilməsi qənaətinə gəlməsi və şəhərə qoşun yeritməsi müqabilində, onun qarşısında konkret suallar qoyuldu: “1. Bəs SSRİ ALİ Sovetinin Rəyasət Heyəti föqəladə vəziyyət haqqında fərmanı nə vaxt qəbuıl etdi? 2. Əgər bu Fərman Yazov Bakıya gələndən sonra qəbul edilmişdisə, Bakını üzük qaşı kimi mühasirəyə almış qoşun hissələri nə zaman ölkənin müxtəlif yerlərinə səfərbər edilib gətirilmişdi?”.
D.Yazova sual verdik ki, fövqəladə vəziyyət elan edilməsinin xüsusi hüquqi rejimi var. Bu rejimə əməl olunmamış, əhali də xəbərdar edilməmişdi. Bu da insan qırğını ilə nəticələnmişdir. Cavabında marşal nə desə yaxşıdır?!: “Qoşun şəhərə gecə saat 3-də daxil olub. Bu zaman bütün düzgün adamlar yatırlar.” Ona irad tutuldu ki, qoşun şəhərə gecə saat 12-də daxil olub. Sual üzərində xeyli düşündü, durub bir qədər gəzişdi. Bizə sarı dönərək, ifadə verməyəcəyini elan etdi.
O zaman Rusiya ilə Azərbaycan arasında hüquqi yardım haqqında dövlətlərarası müqavilə olmadığından biz ondan sonrakı sullarımıza cavab ala bilmədik.
Keçmiş SSRİ DTK- sının sədri V.Kryuçkov əvvəlcə, ümumiyyətlə, 20 yanvar hadisəsindən məlumatı olmadığını, o dövrdə məzuniyyətdə olduğunu söylədi. Dövlət Xüsusi Xidmət Orqanı başçısının ölkədə baş vermiş kütləvi insan qırğınından bixəbər olması ağlabatan deyildi. Bu iradımıza cavab olaraq, Vladimir Kryuçkov dedi ki, məzuniyyətdə olarkən, həmin hadisə haqqında məlum kanallar üzrə informasiya almışdı.
Dindirmənin gedişində öyrəndik ki, Qorbaçov ordudan fərqli olaraq Təhlükəsizlik Orqanı qüvvələrinin Bakı hadisələrində son dərəcə passiv hərəkət etməsinə görə Kryuçkovu danlamışdır. Görünür tökülən qanlar onu qane etməmişdi. Biz Yazovu və Kryuçkovu ifadə verməyə dəvət edərək dedik ki, kütləvi insan qırğını ilə müşaiyət edilmiş Bakı hadisələrinin qeydi-adiliyi baxımından bu cinayətin bütün təfərrüatı ilə aydınlaşdırılması, hər kəsin təkcə vətəndaçlıq borcu deyil, həm də insanlıq borcudur. Biz onları Rusiya vətəndaşı kimi deyil, planetimizdə yaşayan bir insan kimi ifadə verməyə dəvət etdik. Onlar yenə də tam ifadə verməkdən imtina etdilər.
Görünür qanlı cinayətin iştirakçıları öz yüksək məsuliyyətlərinin bütün acı nəticələrini dərk edirdilər. Anatoli Lukyanov isə ifadə verməkdən imtina etmədi. Lakin, hadisədən guya çox vaxt keçdiyindən, onu unutduğunu söylədi. Rəhbər olduğu ölkədə baş vermiş insanı dəhşətə gətirən qanlı bir cinayəti belə tez unutmaq, şübhəsiz ki, həqiqətdən uzaq bir ifadə idi.
Başlıcası odur ki, bu dindirmələr zamanı onlar başa düşdülər ki, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş soyqırımında onlar bilavasitə günahkardırlar və Azərbaycan xalqının qəzəbi onları hardasa mütləq yaxalayacaqdır. Çünki bu qəddarlığı, amansızlığı Allah heç vaxt bağışlamaz.
İdris Əsgərov müsahibəsini bu sözlərə bitirmişdi. Hamı da bilir ki, 1990-cı il Yanvar hadisəsindən 1 il 9 ay keçəndən sonra, 20 yanvarda əlləri qana bulaşmış rus imperializm ordusunun generalları və marşalları öz rusları tərəfindən öz ölkədaxili məsələləri ucbatından həbsxanalara atıldılar. Amma fərq etməz. Əsas odur ki, onlar cəzalarını aldılar.