Ötən gün Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Rəfael Hüseynovun 70 illik yubileyi tamam oldu. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında professor Rəfael Hüseynovun elmi, ictimai və bədii fəaliyyətinə həsr olunmuş virtual kitab sərgisi hazırlanıb.
Bu barədə “Ədəbiyyat və incəsənət”ə kitabxanadan məlumat verilib.
Kitabxananın rəsmi saytına yerləşdirilən https://ryl.az/multimedia/rafael-huseynov sərgidə Prezident İlham Əliyev tərəfindən akademikin “Şərəf” ordeni ilə təltif edilməsi, ədəbiyyatşünaslıq elminin inkişafında olan xidmətləri, ictimai-siyasi fəaliyyəti haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Rəfael Hüseynovun orta əsrlər fars və türkdilli poeziyanın müxtəlif problemlərinə həsr edilmiş 30-dan çox ədəbiyyatşünaslıq əsərinin, dahi şəxsiyyətlərin həyat yoluna həsr edilmiş tədqiqatların müəllifi olması qeyd edilir.
Virtual kitab sərgisində Rəfael Hüseynovun müəllifi olduğu Ulu Öndər heydər Əliyevə həsr olunmuş “İkinci olmayacaq”, Rəfibəylilər nəslindən bəhs edən “Yurdun adındakı Azərbaycan”, Müslüm Maqomayev, Hüseyn Cavid kimi görkəmli şəxsiyyətlər haqqında məlumatların yer aldığı “Vaxtdan uca”, professor Şirməmməd Hüseynovun Xalq Cümhuriyyəti yaradıcılarının irsinin araşdırılmasındakı rolundan bəhs edən “Millət yaddaşının keşikçisi”, “Məshəti Gəncəvi özü, sözü, izi” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri sərgilənməkdədir.
“Ədəbiyyat və incəsənət”
(13.08.2024)