“Bircə sən yoxsan, əzizim…” - ZEYNAL XƏLİLİN ANIM GÜNÜNƏ Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Fikrimdə aylı, ulduzlu

Asiman var bu gecə!

Könlümdə körpə quzu tək

Bir ümman var bu gecə!

 

Həmdəmim sıldırım dağlar,

Buludlardır bu gecə!

Qonağım qırmızı güllər,

Göy otlardır bu gecə!

 

Şimşəyə "çaxma" desəm mən,

İnan,  çaxmaz bu gecə!

Araza "axma" desəm, mən

Bil ki axmaz bu gecə!

 

Bircə sən yoxsan, əzizim

Bilir aləm bu gecə...

De, neçin olmadın, ey var,

Mənə həmdəm bu gecə?!

 

Bu ecazkar sözlərə bəstələnmiş və Akif İslamzadənin məharətlə ifa etdiyi “Bu gecə” mahnısı kimə tanış deyil ki?

Bəli, bu şeir Zeynal Xəlilindir. 

Ötən gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şeirləri, poemaları sevilə-sevilə oxunan, pyesləri tamaşaçıların hüsn-rəğbətini qazanmış, Əməkdar incəsənət xadimi Zeynal Xəlilin vəfatından 51 il ötdü.

XX əsr Azərbaycan poeziyasının görkəmli simalarından olan Zeynal Xəlil özünəməxsus yaradıcılığı ilə seçilən, həyatın keşməkeşli yollarında ağır sınaqlarla üzləşən, ilhamla yazıb-yaradan, ədəbiyyatımıza imzasını əbədi həkk etdirən maraqlı bir şair ömrü yaşayıb. Cəmi 59 il ömür sürüb. Erkən çağlarında üzləşdiyi yetimliyin çətinliklərini, həyatı boyu zamanın bütün ağırlığını, ictimai-siyasi çəkişmələrini, 1937-ci ilin repressiyalarının törətdiyi fəlakətin vahiməsini, İkinci Dünya müharibəsinin soyuq səngərlərinin fəsadlarını varlığından keçirərək həmişə özünü məğrur, qürurlu aparmağı, poeziyasının baş qəhrəmanı olan insani məhəbbətlə vəsf etməyi bacardı. 

Zeynal Xəlil XX əsrin ən gözəl lirik şairlərindən biri idi. Onun qələmindən çıxan məhsul çoxcəhətli, həm də bu gün öz əhəmiyyətini itirməyən, oxucuların, tamaşaçıların marağını, zövqünü oxşayan poemalar, pyeslər olmuşdur. Zəngin yaradıcılığa malik olan Zeynal Xəlil öz əsərlərində Azərbaycanın poetik tablosunu çox əlvan yaradıb. Şairin bütün müşahidələrinin, poetik münasibətlərinin, mərkəzində insan və onun arzuları dayanırdı.

Zeynal Xəlil 1914-cü ildə Gəncə şəhərində sənətkar ailəsində doğulub. Erkən əmək fəaliyyətinə başlayan Zeynal Xəlil 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur. Şeirə, sənətə olan həvəsi hələ tələbəlik illərindən özünü büruzə vermiş, “Yeni kənd” adlı ilk şeirini də məhz bu vaxtlarda yazmışdır. Bir-birinin ardınca yazılan şeirləri “Gənc işçi”, “Ədəbiyyat qəzeti” və digər mətbuat orqanlarında çap olunmağa başladı. Şairin 1934-cü ildə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən buraxılmış ilk şeirlər kitabı “İstək” göstərdi ki, ədəbiyyata öz mövzusu, nəfəsi, yazı manerası olan bir şair gəlmişdir. Bundan sonra Zeynal Xəlil çətin axtarışlar yolu ilə getdi, daha maraqlı və rəngarəng əsərlər yaratdı. Onun “Tarac” (1936), “Poemalar”, “Qılınc” (1940), “Tatyana” (1942) kimi kitabları oxucularda böyük maraq və hüsn-rəğbət oyatdı. Şairin bir-birinin ardınca çıxan “Düşüncələr”, “Etibar”, “Arzular”, “İki dünya”, “Lalə”, “Bənövşə”, “Şeirlər”, “Ulduzlar”, “Seçilmiş şeirlər və poemalar” və bu kimi onlarla kitabları haqlı olaraq bütün Azərbaycan ədəbiyyatının müvəffəqiyyəti kimi qiymətləndirilir. Zeynal Xəlilin “Ulduzlar”, “Fədai”, “Şah və qarışqa”, “Koroğlunun qocalığı”, “Gülər”, “Səməd Vurğunla görüş” poemalarını da bu siyahıya daxil etsək və bu əsərləri diqqətlə nəzərdən keçirsək şairin ümumi mənzərəsini görərik. Zeynal Xəlilin yaradıcılığı demək olar ki, tarixi qəhrəmanlıq keçmişimizdən tutmuş (“Koroğlunun qocalığı), inqilabi keçmişimizə (Qatır Məmməd), Böyük Vətən müharibəsinə (“Tatyana” poeması və bir sıra şeirlər) və lap son günlərə qədər əhatə edir. Şairin qələmə aldığı şeirləri də oxucular tərəfindən həmişə rəğbətlə qazanmışdır. Bunun isə səbəbi onun şeirlərindəki istilik, ürəyə yatımlılıq, coşqun ehtiras və lirik əhvali-ruhiyyədir.

Zeynal Xəlilin bir dramaturq kimi də ədəbiyyatımızın inkişafında xidmətləri çoxdur. Onun ilk pyesi “İntiqam” bir çox teatrlarda tamaşaya qoyulmuş və müvəffəqiyyət qazanmışdır. Belə əsərlərdən biri də uzun zaman səhnədən düşməyən “Qatır Məmməd” pyesidir. Bu əsərin səhnə həyatı çox uğurlu olub. Elə bu səbəbdən də həmin dramın motivləri əsasında bədii film də çəkilib. Bu filmin ardınca İkinci Dünya müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərləri “Yəhərləyin atları”, “416”, “Döyüşçünün vəsiyyəti” kimi şeirləri, “Tatyana” adlı poeması dillər əzbərinə çevrilib.

Sözlərinə bəstələnmiş mahnılar bu gün də sevilərək dinlənilir, nəsildən-nəslə ötürülür. Bu cəhətdən heç vaxt dillərdən düşməyən, musiqisi Soltan Hacıbəyova məxsus “Kimlər gəldi, kimlər getdi”, musiqisi Emin Sabitoğluya məxsus “Bu gecə”, “Ay işığında” (Qənbər Hüseynli) və s. nəğmələr yaşadıqca, dinlənildikcə Zeynal Xəlil ruhu da yaşayır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.