ƏSGƏR ÇÖRƏYİ… ya da sonra yaşayarıq... Featured

Polkovnik Zahid Teymurov, Birinci Qarabağ müharibəsi iştirakçısı - “Ədəbiyyat və incəsənət” üçün 

 

 

Müharibədə çörək bol olur. Döyüşdən dönməyənlərin də payı qalır. Amma nadir hallarda müharibə çörəyini rahat, insan kimi yeyə bilirsən.

Cəbhə şəraitində hərə çörəyini səngərin bir tininə, bir küncünə sığınıb yeyir. Ötəri, ayaq saxlamadan baxırsan, çənə, dodaqlar da fikirli tərpənirlər. Gözlər isə uzaqlarda donub qalıb. Əsgər sifətinə çox baxmaqdan həmişə çəkinmişəm, dərinliyə getməkdən qorxmuşam. O gözləri, o baxışları seyr edəndə, mütləq onun hələ bir uşaq olduğunu, atası, anası, nişanlısı, həyat yoldaşı olmasını düşünməmək mümkün deyil. Məcbursan, duyğularını qapadıb, onu yalnız bir əsgər biləsən, düşmən qarşısında duran döyüş vahidi.

  ...Horadizin solundakı təpələrdə Bakı yangınsöndürənlərinin mövqeyində idim. Kənd Horadizdə bərkimiş düşmən atəşə ara vermirdi. Mənimlə gələn pulemyotçu əsgərin - Azərin dizindən aşağa baldırını güllə parçalamışdı. Qanaxmanı saxlamaq üçün ,, jqut" qoyulandan sonra, dedim, aparsınlar aşağı- səhra tibb çadırına.  Döyüş bitəndən sonra yendik aşağı. Çərrah işində idi: yaralı bədəndən qanlı güllələri çəkib atırdı dəmir qaba. Çadırda yaralılar inildəyirdi. Onların içində Azər yox idi. Lap küncdə, üzərinə parça örtük sərilmiş cansız bədənlərin arasında gözləri açıq, dodaqları təbəssümdə keçinmişdi Azər.

Cərrahı səslədim. Yarasını göstərdim.

-Sənin burnunun dibində qanaxmadan insan keçinib! - bağırdım üstünə.

Başını salıb aşağa, qanlı qolu ilə alnının tərini sildi.

-Çatdıra bilmirik. Qoşunlardan arası kəsilmədən ağır yaralılar gətirirlər. İtkiləri də  çoxdur.

Uşaqlar Azərin üstünə baxırdılar. Döş cibində bir dəyircəkli qələm və yarımçıq məktub var idi.

Gödəkçənin sol cibində bir parça  çörək.

Məktubu anasına yazmışdı: ,,Narahat olma mama, əynimiz isti, yeməyimiz boldur. Sənin xörəklərinə, əlbəttə, çatmaz. Gələndə bir göy qutabı bişirərsən mənə, yekə sacda. Yeyəndə kərə yağını əridib, üstünə axıda..."

…Hər çörək əlimə alanda o əsgər çörəyi düşür yadıma. Doyunca yaşamayan, sevinməyən, sevməyən, yeməyən əsgərin sonraya saxladığı çörək.

Qələbədən sonra nə qədər ,,sonralara" ümid ilə döyüşdük, yaralandıq, şəhid olduq... İmkan olmadı bu uşaqlarla bir oturub dərdləşim. Ümid etdim ,,sonraya"...

Sonra, lap qızıl qiymətinə o çaydan alıb Azərlə içəydik, bir Şuşa çörəyini iki bölüb onunla yeyəydik...

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.