Başqırdıstan Respublikasında müxtəlif ölkələrdən iştirakçıları bir araya gətirən “Tura-xan” etnik-bədii simpoziumu uğurla başa çatıb.
AzərTAC xəbər verir ki, bu tədbirdə Azərbaycanı “Arts Council Azerbaijan”ın nümayəndəsi Eldar Babazadə təmsil edib.
Başqırdıstan Respublikası Mədəniyyət Nazirliyinin, Başqırdıstan Respublikasının Mədəni İrsin Daşınmaz Əmlak Obyektlərinin Mühafizəsi və İstifadəsi üzrə Elmi-İstehsalat Mərkəzinin, “Şulqan-Taş mağarası” Tarix-Mədəniyyət Muzey-Qoruğunun dəstəyi ilə “Avrasiya Köçəri Sivilizasiyalar Muzeyi” Qeyri-Kommersiya Təşkilatı tərəfindən təşkil olunmuş simpozium ənənəvi təsviri sənət növlərinin yenilənməsi və Avrasiya Köçəri Sivilizasiyalar Muzeyinin yaradılması layihəsinin təşviqi üçün mühüm platformaya çevrilib.
Azərbaycan Rəssamlar İttifaqının üzvü Eldar Babazadə iştirakla bağlı duyğularını və təəssüratlarını bölüşüb: “Belə əlamətdar beynəlxalq tədbirdə Azərbaycanı təmsil etmək mənim üçün böyük şərəf idi. Xalqların mədəni irsinin qorunması və təbliğ edilməsi məqsədilə müxtəlif ölkələrdən bir çox rəssamın birləşdiyini görmək məni sevindirdi. Bu, unudulmaz və ruhlandırıcı hadisə idi”.
Simpozium Azərbaycanın, İranın, Qazaxıstanın, Qırğızıstanın, Monqolustanın, Tacikistanın, Özbəkistanın və Rusiyanın bir neçə regionundan 15 tanınmış və məşhur rəssamı bir araya gətirib. On gün ərzində onlar vətənlərinin özünəməxsusluğunu və mədəniyyətini əks etdirən 24 unikal əsər yaradıblar. “Tura- xan” beynəlxalq simpoziumunun iştirakçıları tərəfindən yaradılmış rəsm əsərləri, keçə panelləri, xalçalar və keramik plitələr Avrasiya Köçəri Sivilizasiyaları Muzeyinin gələcək qalereyasının fondunda yer alacaq.
Bundan əlavə, Lyaysan Gilmanovanın mentorluğu ilə rəssamlar xalqlar dostluğuna həsr olunmuş birgə keçə panno yaradıb, Yekaterina Repnikovanın rəhbərliyi ilə isə keramika üzrə ustad dərsləri keçirilib.
Simpozium “Tura-xan məqbərəsi” mədəni irs bazasında və “Şulqan-Taş mağarası” Tarix-Mədəniyyət Muzey-Qoruğunda keçirilib və bu, iştirakçılara nəinki təcrübə mübadiləsi aparmağa, həm də zəngin mədəniyyətə və bölgənin adət-ənənələrinə qərq olmağa imkan verib.
Simpoziumda təqdim olunan əsərlər xalqlar arasında mədəni dialoqun və qarşılıqlı anlaşmanın inkişafına mühüm töhfə olub.
“Ədəbiyyat və incəsənət”
(06.08.2024)