Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” (Naxçıvan bölməsi)
Ağac həmişə Tanrı ilə bəndə arasında əlaqəlındirici vasitə olub. Buna görə də ziyarətgahların bir hissəsi ağacla bağlı pirlərdir. Tanrıçılıq dininin yadigarı olan ağac pirləri nəinki Azərbaycanda, digər türkdilli xalqların yaşadığı bölgələrdə də həmişə var olub.
Ulu türklərin inancına görə, el-obanı, Vətəni qoruyan ağac həm də sevgiləri qoruyan bir obraz kimi dəyərləndirilib. Professor Ş.Cəmşidov Qarabağ bölgəsindən rəvayət edərək yazır ki, arana, dağa köç edənlər öz əşyalarını ağacın dibinə əmanət qoyub gedər və heç kəs aylarla sahibsiz qalan əşyalara toxunmazdı. “Manas” dastanında da göstərilir ki, övladı olmayan qadınlar alma ağacının altında rəqs etməklə övladlarının olacağına inanırmışlar. Tapınaqları ziyarət edənlər arzuları hasil olsun deyə ağaca güllü parça, rəngli ip, yaylıq bağlayırlar. Qədim Şumer dastanı “Bilqamıs” dastanında da ağac kultu əsas yer tutur. Qazaxlar səhralardakı tək ağacı, Altay türkləri isə tək-tənha çinar ağaclarını pir hesab edərək ona qurban gətirirdi. Azərbaycanda vaxtilə yaşayan hunlar isə daha çox palıdı müqəddəsləşdiriblər. Vaxtilə Ağqoyunlu hökmdarı Gilan hakimi Şərif Həsənxandan Şah İsmayılın qaytarılmasını dəfələrlə tələb edir, lakin o, İsmayılın öz yanında olmadığına and içir və onu sıx bir meşədə, yüksək ağaclar arasında qurulan bir çadırda gizlədir. Bu da o dövrdə ağacın müqəddəsliyinin rəmzi hesab olunurdu. Azərbaycan Respublikasının Dövlət Gerbində, o cümlədən polis geyim formalarında palıd yarpağının təsviri uzunömürlülük rəmzi olaraq əski çağlardan mövcud olmuş ağac kultu ilə bağlı düşüncənin bir nümunəsidir.
Ağaca tapınmanı yazılı ədəbiyyatda M.Ş.Vazeh qoca zahidlə Zərdüşt Peyğəmbərin söhbətində belə təsvir edir: “Bitkilərin kökünü yeməklə 20 ildir ki, insanlardan uzaq, sükuta qərq olmuş səhralarda ancaq Allaha dua edərək ruhən dincələ bilmək üçü nyalqız yaşayıram” – deyən qocaya Zərdüşt Peyğəmbər belə cavab verir: “Sənin iyirmi il insanlardan uzaq düşüb tək-tənha yaşamağındansa, o susuz səhralarda bir ağac əkib-becərməyin, ona qulluq etməyin daha müqəddəs iş olardı”.
Bir çox bölgələrdə olduğu kimi, Naxçıvanda da ağac və kollara parça bağlama inancı hələ də qalmaqdadır. Camaldın kəndi yaxınlığındakı Alməmməd pirində armud ağacına, Havuş pirində armud ağacına, Tənənəm kəndindəki “Pir Süleyman”türbəsində qaraçalı koluna, Ərəfsə pirinin ətrafındakı kola və sair yerlərdə parça bağlama adəti vardır. Müqəddəslik statusunda olan belə tapınaqlardan biri Ərəfsədə ümidsiz insanların üz tutduğu ağac kultudur. “Hər ağaca parça bağlanmaz”,– deyib bura üz tutanların sayı heç də az deyil. Əsasən də, bölgənin sakinləri daha çox bu ağaca üz tutub ondan mədət diləyirlər. Kimisi ondan uşaq, kimisi sağlamlıq, kimisi də yaxşı həyat yaşaması üçün ağaca gecə-gündüz səcdələr edir, dil tökürlər. Bəli, ağaca qulluq lazımdır, sitayiş yox. Ona su vermək, qol-budağını daramaq, qulluq göstərmək, sevmək lazımdır. Yaşıl dünya naminə həmrəy olmaq, yaşıllıqlar salmaq ən ümdə vəzifə olmalıdır. Hərkəsin öz ağacı olmalıdır. Bu inanc isə yaşıl dünya naminə həmrəy olmaqdır. Ağacın qol-budağına bər-bəzək, yaylıq, parça bağlamaqdansa, ona su verməyi və qulluq etməyi daha üstün tutaq. Totem üçün yox, sevgi üçün, inam üçün, yaşıllıq üçün həmrəy olaq. Ağaclara qulluq edək ki, bol-bəhərli olsun. Kölgəsində kök salaq və gələcək nəsillərə izah edək ki, bu inancı totemə çevirməsinlər.
“Ədəbiyyat və incəsənət”
(02.08.2024)