Azərbaycanın ən böyük gənclər festivalı iki illik fasilədən sonra daha fərqli, daha böyük və daha möhtəşəm formatda yenidən gəlir. “Yay Fest” yenidən açıq elan olunub.
Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Turizm Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan, Bakıdan və regionlardan 500-dən çox gəncin qatıldığı ən böyük gənclər festivalına adətən dövlət himni ilə start verilir. Gənclərlə müxtəlif panellərdə ən mötəbər şəxslər görüşürlər. Məsələn, hələ ki son festivalda bu görüşlərsə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva, Təhlil və strateji araşdırmalar idarəsinin rəisi Hüseyn Hüseynov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, “ASAN Xidmət”in sədr müavini Ceyhun Salmanov, KOB-un İdarə Heyətinin sədr müavini Faiq Abbasov, xalq artisti və dövlət mükafatı laureatçısı, tanınmış kinorejissor Vaqif Mustafayev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Kənd Təsərrüfatı Nazirliyinin “AMAL” layihəsinin rəhbəri Elvin Nəbiyev, teleaparıcı Nərgiz Cəlilova, aktyor Taleh Yüzbəyov, ASAN Radionun direktoru Emin Musəvi, “Belə-belə işlər” layihəsinin redaktoru Səbinə Məlikova, idman jurnalisti Sənan Şəfizadə və kinorejissor Emil Quliyev görüşüblər, gənclər faydalı və əyləncəli zaman keçiriblər. Festival iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər, tarix elmləri doktoru Solmaz Rüstəmova Tohidinin çıxışında ermənilər tərəfindən Azərbaycanın müxtəlif bölgələrində törədilmiş soyqırımlar haqqında ətraflı məlumatlandırılıblar.
Yay Fest Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin nümayiş etdirdiyi hərbi proqram ilə də yadda qalıb. Hərbi proqram çərçivəsində gənclərimiz müasir silah, avadanlq və texnikalardan ibarət sərgi ilə tanış olub, əsgər və zabit heyətinin nümunəvi çıxışlarını izləyiblər. Düşərgənin sonuncu günündə startap və innovasiya mövzusunda təşkil olunan paneldə innovasiyalar üzrə gənclərin dostu Sərxan Həşimov startaplar haqda gəncləri maraqlandıran məsələlərdən danışıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov Azərbaycanda formalaşmış İKT və startap ekosistemi barədə ətraflı danışıb. Ümumən, “Yay Fest” bütün iştirakçıların yaddaşında xoş təəssüratlarla qalıb.
Festivalın təşkikat komitəsinin verdiyi məlumata görə, festival bu dəfə daha möhtəşəm, daha maraqlı, daha rəngarəng və iri miqyasda keçiriləcək.
1 ay ərzində keçiriləcək festival 5 fərqli düşərgədən ibarət olacaq. Hər bir gənc yalnız 1 düşərgədə iştirak edə bilər. Qeydiyyatdan keçərkən qeyd olunan tarix və mövzulara görə iştirakçılara uyğun düşərgə seçilməlidir.
Hər biri 5 gün olmaqla, 5 fərqli mövzuda 5 fərqli düşərgə təşkil olunacaq.
Qeyd edək ki, Şamaxıda keçiriləcək festivalda iştirak haqqı qazanan gənclər yaşayış çadırlarında gecələyəcəklər.
Seçimlər zamanı 18-24 yaş arası yaradıcı, ictimai fəal və yüksək göstəricilərə malik gənclərə üstünlük veriləcək.
Düşərgədə iştirak hüququna malik olmaq üçün COVID Pasportu (minimum 1 doza olmaqla) və ya immunitet sertifikatı mütləqdir.
Qeydiyyat http://yayfest.az/ saytı vasitəsi ilə aparılacaq.