“Sürəyyanın eşqi olmasaydı mən şair yox, həkim olardım"...
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı
Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,
Batmış qulağım gör nə döşürməkdədi darı
Bir quş : “Ayığam”-söyləyərək gahdan inildər,
Gahdan onu day yel deyə laylay huş aparı
Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən
Məndən aşağı kimsə yox, ondan da yuxarı
Qorxum budu, yar gəlməyə birdən yarıla sübh,
Bağrım yarılar, sübhüm, açıla tarı!
Dan ulduzu istər çıxa, göz yalvarır, çıxma
O çıxmasa da ulduzumun yoxdur çıxarı
Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,
Qaş beylə ağardıqca, daha baş da ağardı
Eşqin ki, qərarında vəfa olmayacaqmış,
Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?
Sanki xoruzun son banı xəncərdi soxuldu,
Sinəmdə ürək varsa, kəsib qırdı damarı.
Rişxəndilə qırcandı səhər, söylədi:-Durma,
Can qorxusu var eşqin, ulduzun bu qumarı
Oldum qaragün ayrıları o sarı teldən,
Bunca qara günlərdir edən rəngimi sarı.
Göz yaşları hər yerdən axarsa, məni tuşlar,
Dəryaya baxar, bəllidi, çayların axarı.
Əzbəs məni yarpaq kimi hicranla saraldıb,
Baxsan üzünə, sanki qızılgüldü, qızardı.
Mehrabi-şəfəqdə özümü səcdədə gördüm,
Qan içrə qəmim yox, üzüm olsun sənə sarı.
Eşqi var idi Şəhriyarın güllü, çiçəkli,
Əfsus, qara yel əsdi, xəzan oldu baharı.
Böyük Azərbaycan şairi, "Fərqi yoxdur, o tay da, bu tay da vətəndir" söyləyən, vəfat günü İranda "Milli şeir" günü kimi qeyd olunan ustad Şəhriyarın dəqiq doğum günü bəlli deyil. Amma bir versiyaya görə, bu tarix 31 iyuldur.
Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından olan Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir.
Təbrizdə orta təhsil aldıqdan sonra Tehran Universitetinin "diş həkimliyi və əczaçılıq" fakültəsinə daxil olub.
Tələbəlik illərində şair Sürəyya adlı bir qızı sevir və sevdiyi xanıma Pəri deyə xitab edir. Mənbələrə görə Sürəyyanı şahın qohumlarından başqa bir nəfər də sevir. Bu səbəblə Şəhriyar tibb universitetin son kursunda oxuyanda şah rejimi onu Nişapura sürgün edir. Şair həm sevdiyi qızdan ayrılmağa həm də təhsilini yarımçıq qoyaraq Tehranı tərk etməyə məcbur olunur.
Şəhriyar Tehranı tərk etməzdən öncə son dəfə sevdiyi xanımla görüşmək istəyir, lakin Sürəyyanın görüşə getməsinə mane olurlar. Deyilənlərə görə şair "Behcətabad xatirəsi" adlanan və "Heydərbabaya salam" və "Səhəndim"" əsərlərindən sonra ona ən çox şöhrət gətirmiş şeirini məhz həmin gecə Pərini gözləyərkən qələmə almışdır.
Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məlikü-şüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunub.
Şair ömrünün son günlərində Tehranın Mehr xəstəxanasında yatmış və 1988-ci il sentyabrın 18-də ağciyər iltihabı və ürək çatışmazlığından dünyasını dəyişmişdir. Öz vəsiyyətinə görə Təbrizdəki Surxab qəbiristanlığında “Məqbərətüş-şüəra”da (“Şairlər məqbərəsində”) dəfn edilmişdir. Onun ölüm günü İranda “Milli şeir” günü kimi qeyd olunur.
“Ədəbiyyat və incəsənət”
(31.07.2024)