8-ci mərtəbədən atılan insanlıq - AKTUAL Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Çox istəyərdim ki xoş xəbərlər, sevgi məktubları ilə doldurum portalda yerimi. Lakin bizim cəmiyyətdə, insanların insanlığını unutduğu bu dünyada deyəsən bu arzum namümkündür. 

 

Yəqin ki, hər kəsin son günlərdə gündəm olan məsələdən, Ayşən Kazımovadan xəbəri var. Gələcəkdə jurnalist olmaq xəyalı quran biri kimi bu haqda mən də danışmaq, yazmaq istədim. Bu ölkədə hələ də Əhmədlər var və kökləri kəsilməyib. Bu da bir sübutu. 

Ümumiyyətlə düşünürəm ki ailə qurmazdan öncə şəxsləri güclü psixolojik testə salmaq lazımdır. Həmçinin, ailə qurduqdan sonra da hər il bu testlər davam etdirilməli, uyğunsuz cavab çıxanlara isə məcburi müəyyən klinikalarda tədbir görülməlidir. Nə vaxta qədər qadın, uşaq cinayətləri ilə açacağıq  gözümüzü səhərə?

Hadisənin təfərrüatından çox bir şey danışmayacam, yəqin ki, hər kəs azı instagramda, ya twitterdə görüb, televiziyada duyub. Özünə kişi deyən bir nakişi öz həyat yoldaşını, özünə həyatında yoldaş olsun deyə seçdiyi qadını Xırdalanda çoxmərtəbəli bir binanın 8-ci mərtəbəsindən əllərini, ayaqlarını bağlayaraq aşağı atıb. Həm də uşaqlarının gözü önündə. Sonra da deyirlər ki, qadınlar öz mənfəətlərini düşünür, qadınlar kişilərə hörmət etmir, söz eşitmir. Siz kişi ola bildiniz ki, qadın da sizi kişi yerinə qoysun? Sorğulayın özünüzü biraz. 

İndi yenə çıxar kənardan, bizim pəncərə arvadı kimi qeybət edən, camaatımızın arasında "yəqin nəsə zibili varmış" deyənlər. Soruşuram, nə qədər böyük bir qəbahət öz övladının gözü önündə pəncərədən atılmağa bəraət qazandıra bilər? Yox. Bu cəmiyyət qətiyyən normal deyil. Nə qədər ki, ailələr vəhşi övladlarını "evlənsin düzələr" fikriylə evləndirəcək, o qədər də faciələr baş verəcək, kimlərinsə zülm, əziyyətlə böyütdüyü balaları həyatını itirəcək. 

Görün nə dərəcə bir psixopatlıqdan söhbət gedir ki, bu şərəfdən yoxsun "insan" hələ bir düşüb "sən hələ ölməmisən?" deyib can çəkişən qadını təpikləyib. Hansı dövrdə, hansı çağdayıq? Bir insan övladı daha öncə hiss etməyibki bu adamda problem var? İnstagramda, telegramda yayılan videolar hələ... Evdəkilər baxanda mənə icazə vermədilər baxmağa ki, sən baxsan toparlaya bilməzsən özünü. Görün nə dərəcəyə gəlmişik ki, valideynim 20yaşlı məni sosial şəbəkədən uzaq tutmağa çalışır ki, o videoları görməyim. Çünki bilir ki, mən özümü insani hislərlə yetişdirə bilmişəm və o videolar mənə sadə gəlməyəcək. Nə vaxta qədər analar xəbərlərə baxıb "Allah eləməmiş, birdən mənim balamın başına gəlsə?" deyə qorxacaq? Bu hələ çox davam  edəcək? O qədər əsəb, o qədər qəzəb doluyam ki, necə ifadə edim, bilmirəm. Sadəcə biraz vicdan diləyirəm, biraz... Heyvan heyvanlığıyla ana olan, balası olan canlıya dəymir. Bizim irqimiz?... Kaş Nuhun gəmisi tez gəlsə idi bu dünyaya və artıq bu fəlakətləri kənardan izləyəcəyimizə qiyaməti yaşasaydıq. Bəlkə qiyamətdən sonra ən azı o məsumlar günəşlə tanış olardı... 

Xeyrli günlər diləyirəm portalın bütün oxucularına. Təbii ki, belə bir cahanda xeyir tapa biləcəklərsə...

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.