Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Tarix boyu bədnam qonşularımız torpaqlarımıza göz dikdikləri kimi mədəniyyət nüminələrimizi də mənimsəməyə çalışıblar. Amma Mədəniyyət Nazirliyi yeni tərkibdə bu xoşagəlməz hallara qarşı əsl mübarizəyə qoşulub.
Sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni, “erməni xalq mahnısı” qeydi ilə müxtəlif musiqi platformalarında yerləşdirilib.
Yəqin bildiniz, söhbət yeddidən yetmiş yeddiyə bütün xalqımızın sevərək dinlədiyi bir mahnıdan gedir:
Sevgilim seyrə çıxaq
burda gəl ilk baharı
Gül açıb ömrümüzün
ən şirin arzuları
Anadır arzulara
hər zaman Qarabağ
Danışan dil dodağım
tar, kaman Qarabağ
Qarabağ can
Qarabağ ana yurdum...
Bu çəmənlərdə gəzir
Vaqifin şux gözəli
Ruhunu burdan alır
Natavanın qəzəlı…
Xüsusən söhbət Qarabağımızdan gedən bir mahnıdan gedirsə, bu zaman onun müdafiəsinə köklənmək vacibdir.
Mədəniyyət Nazirliyi milli musiqi irsimizlə bağlı bu plagiatlığın qarşısının alınması istiqamətində Nazirlik və Əqli Mülkiyyət Agentliyi tərəfindən birgə iş aparır.
Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü il 9 iyul tarixində geniş şərh, 10 iyul tarixində isə Mədəniyyət Nazirliyi ilə Agentliyin Birgə Bəyanatı yayılıb.
Bəyanatda deyilir:
“Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi aşağıdakıları bildirir: Qor Yepremyanın ifa etdiyi “Sirun jan” adlı mahnının “Youtube” platformasından silinməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir. Tədbirlər çərçivəsində Agentlik tərəfindən bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun “Youtube” administrasiyasına müraciətinin hazırlanmasında hüquqi yardım göstərilib, müraciət və müvafiq sübutedici sənədlər ingilis dilinə tərcümə olunub. Agentliyin dəstəyi ilə qeyd edilən sənədlərin bəstəkarın vərəsəsinin adından “Youtube” və digər rəqəmsal platformalarla iş üzrə ixtisaslaşmış və Agentlikdə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (RAYS) - https://rays.az/tərəfindən “Youtube”a göndərilməsində texniki yardım göstərilib”
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi bu işdə dəstəyə və erməni oğurluğuna qarşı etiraz münasibət göstərildiyinə görə geniş ictimaiyyətə təşəkkürünü bildirir.
Görülən tədbirlərin ilkin nəticəsi olaraq, Gor Yepremyanın rəsmi “Youtube” səhifəsində (hüquq pozuntusuna səbəb olan ilkin mənbədə) yerləşdirilmiş “Sirun jan” adlı mahnının video yazısı müəllif hüquqularının pozulması səbəbindən “Youtube” rəhbərliyi tərəfindən silinib (URL: https://www.youtube.com/watch?v=xbFwavNaTHI).
Hazırda “CD BABY” distribütor şirkəti tərəfindən rəqəmsal musiqi platformalarında (“Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və s.) yerləşdirilmiş “Sirun jan” mahnısının digər audio və video yazılarının, hüquq pozuntusuna səbəb olmuş ilkin mənbədən götürülərək törəmə mənbələrdə yerləşdirilmiş nüsxələrinin silinməsi ilə bağlı müvafiq işlər aparılır.
Nəticə barədə Nazirlik əlavə məlumat veriəcəyini bildirir.
Digər mənimsəmə halları ilə də mübarizə aparılacağı şəksizdir. Bu arada hər kəs külüngü bir yerə vurmalı, hər bir vətəndaşımız mədəniyyətimizə yiyə çıxmağımızla bağlı öz töhfəsini verməlidir. YooTube platformasında, kabel televiziyası kanallarında hər kəs diqqətli olmalı, hansısa mənimsəmə faktı ilə rastlaşarsa bunu ictimai müzakirəyə çıxarmalı, Mədəniyyət Nazirliyinə məlumat verməlidir.
“Ədəbiyyat və incəsənət”
(15.07.2024)