“Ədəbiyyat və incəsənət” portalı tanınmış yazar və siyasi icmalçı Əkbər Qoşalının növbəti siyasi şərhini təqdim edir.
Azərbaycanın dövlət müstəqilliyi 33 il öncə bərpa olunsa da, biz müstəqilliyin dadını-duzunu, şirinliyini, necə deyərlər, mahiyyət və məzmununu ancaq son 4 ildən bəri gərəyincə hiss edə bilirik. 1918-ci ildə Türk-İslam Şərqində ilk Cümhuriyyəti quran xalqımız, Cümhuriyyət süqut etdikdən sonrakı onilliklər boyunca müstəqillik sevdasını könlündə gəzdirib, onu ədəbiyyatın, sənətin imkanları içində barındıra bildi. 1990-cı ilin 20 yanvarını yaşayan xalq, nəhayət 18 oktyabr 1991-ci ildə qanunverici orqanda Dövlət Müstəqilliyinin Bərpası haqqında qərar qəbul edilməsi ilə öz sözünü demiş oldu. - Tarixə Söz, Sözə Tarix!
“Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir” təsbitini edən Ümummilli lider Heydər Əliyev birinci dəfə ali hakimiyyətə gələndə ölkəmiz müstəqil deyildi, respublika müstəqil siyasət yürüdə bilmirdi; lakin uzaqgörən rəhbər o dönəmin bütün imkanlarından maksimum yararlanaraq - bunu bacararaq (!), xalqımızı, respublikamızı harada, nədə və nə qədər mümkünsə qabağa apardı, inkişafa qovuşdurdu. Məsələn, təhsil (o cümlədən hərbi təhsil), elm, mədəniyyət, incəsənət, kənd təsərrüfatı, sənaye və b. sahələrlə bağlı ciddi irəliləyişləri qədirşünaslıqla vurğulayırıq.
14 iyul 1969-cu il! - Bəli, bu tarix Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi tarixdir. Necə deyərlər, tarix kimi tarix!
55 il öncə respublikamızın inkişaf yolu başlanmış oldu.
55 il öncə Azərbaycanda bütün əməli çalışma sahələrində sürətli inkişaf dönəminə qədəm qoyuldu.
55 il sonra - bu gündən baxdıqda, o tarixi günün şanı-şöhrəti, şərəfi və məsuliyyəti daha aydın, daha dərinləməsinə və üfüqgenişliyi ilə görünür.
Heydər Əliyevin rəhbərliyi dönəmində Azərbaycan donor respublikaya çevrildi. Özü də, bu hadisə qısa müddətdə oldu. SSRİ-də Azərbaycan və daha iki respublika istisna olmaqla, digər respublikalar o illərdə özünü təmin edə bilmirdi. Heydər Əliyev respublikanın belə qabaqcıl mövqeyini xalqımızın nəfinə çevirməyi bacaran, ittifaq miqyasında böyük nüfuz sahibi olan lider idi. Azərbaycanda sənaye müəssisələri yaradılması, kənd təsərrüfatının sürətlə inkişafı, sonucda xalqımızın daha da yaxşı yaşamağa başlaması təsadüf əsəri deyildi, əlbəttə. Əlbəttə, yaradıcı insanların ümumittifaq səviyyəsində ün qazanması, onların yüksək təltifləri yalnız həmin şəxslərin fərdi uğuru olmaqda qalmadı, bu hadisələr xalqımıza, Azərbaycanımıza şan-şöhrət gətirdi. Nəzərə alaq ki, belə qabaqcıl mövqeni, əldə edilən ciddi nəticələri qısqanan və qarşı gələn şəxslər, mərkəzi strukturlar və “müttəfiq” respublikalar var idi; bu baxımdan, Heydər Əliyevin necə maneələri dəf etdiyini, kimləri, nələri sıradan çıxardığını və beləliklə, alovlu vətənpərvərliyini, xalqcanlılığını, uzaqgörənliyini daha aydın anlaya bilirik. Heç şübhəsiz, Azərbaycana qarşı əsassız ərazi iddiaları, Qarabağda separatizm, (o zaman bədnam Stepanakert adı ilə tanınan) Xankəndidəki vilayət strukturlarının rəsmi Bakını saymadan özbaşına hərəkətlənmə çabaları məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, nüfuzu sayəsində baş tutmadı. Heç şübhəsiz, yalnız Heydər Əliyevin keçmiş SSRİ hakimiyyətindən uzaqlaşmasından sonra ermənilər özlərini əl-qolu açılmış kimi hiss etməyə başladı… Sonra olanlar bəllidir.
Bəlli ki, əgər Heydər Əliyev 90-cı illərdə ya (keçmiş) SSRİ ya da Azərbaycan ali hakimiyyətində olmuş olsaydı, başımıza gələn müsibətlər, ağır itkilər olmazdı.
Heç təsadüfi deyil ki, dövlətimizin ən çətin anlarında xalqımız məhz Heydər Əliyevə üz tutdu, 1993-cü ildə onu hakimiyyətə dəvət etdi. Bu da, xalqımızın öz müdrik liderinə müdrik münasibəti idi.
Bəli, 55 il öncə hakimiyyətə gələn Ümummilli liderin yalnız alın yazısının deyil, ağıl yazısının, titanik çalışmalarının, uzaqgörənliyinin, vətəncanlılığının, sevdasının və peşəkarlığının təntənəsiydi ki, müstəqil Azərbaycanda da ilklərə imza atmaq ona nəsib oldu. Dövlət müstəqilliyini bərpa etmiş dövlətin
rəsmi təqvimini Cümhuriyyət təqvimi əsasında yeniləyən Heydər Əliyev oldu.
Ümummilli liderə nəsib olmayanlarsa onun vəsiyyətinə çevrildi və vəsiyyəti çin oldu! - Prezident İlham Əliyev 2020-ci ilin 8 noyabrında xalqa Şuşanın işğaldan qurtuluşunun müjdəsini verərkən bu fövqəladə təsirli sözləri dedi: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!
Bu, böyük Qələbədir!
Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır!
Gözün aydın olsun, Azərbaycan!
Gözünüz aydın olsun, dünya azərbaycanlıları”!
55 illik əlamətdar yubiley gününü öz suverenliyini, ərazi bütövlüyünü bərpa etmiş, işğalın ağır izlərini aradan qaldıran, “Böyük Qayıdış”ı uğurla həyata keçirən, həqiqi müstəqil, güclü Azərbaycanda qeyd edirik. Bu qürurverici hadisələrin sevincinin Ümummilli liderin ruhunu şad etdiyinə inamımız tamdır.
Bəli,
“Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan”!.. - Səməd Vurğunun bu misralarla süslənmiş “Azərbaycan” şeiri Heydər Əliyevin ən çox sevdiyi şeir idi… Ən çox sevdiyi şair isə ünlü “Heydərbabaya salam”ın ünlü yazarı
Şəhriyar idi. Şəhriyar deyirdi:
Heydərbaba, igid əmək itirməz,
Ömür kecər, əfsus bəhrə bitirməz,
Namərd olan ömrü başa yetirməz,
Biz də, vallah, unutmarıq sizləri,
Görəmməsək, halal edin bizləri.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(15.07.2024)