Dünən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti" mövzusunda "Diplomatiya həftəsi"nin növbəti günü oldu və gün Azərbaycanın mədəniyyət sahəsinə həsr olundu.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, tədbirdə əsas qonaq qismində Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iştirak edib.
Mədəniyyət naziri Anar Kərimov “Azərbaycanın mədəni irsinə qarşı erməni təcavüzü” mövzusunda təqdimatla çıxış edib.
Nazir tarixi irsimizə qarşı erməni vandalizmini əyani nümayiş etdirən təqdimatla abidələrimizin hazırki vəziyyəti və onların bərpa olunması üçün dövlətimizin həyata keçirəcəyi işlərdən danışıb.
Anar Kərimov müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdiyini vurğulayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdığını bildirib. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.
Tədbirin sonunda Nazir gəncləri maraqlandıran sualları cavablandırıb.
Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatlarının nümayəndələrinin iştirakı ilə keçirilən diplomatiya həftəsi cari ilin 26 iyul tarixinədək davam edəcək.