26 iyun Silahlı Qüvvələr Günüdür Featured

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür. Şanlı zəfər yaşamış bir xalqın silahlı qüvvələri əlbəttə ki, hər cür ehtirama layiqdir. 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bu tarixi günlə əlaqədar  olaraq Azərbaycan Ordusunun qəhrəmanlıq və Zəfər yolunun təbliği məqsədilə geniş videomaterial, “Müzəffər Ordu ilə möhtəşəm qələbə” adlı biblioqrafik icmal və ənənəvi kitab sərgisi hazırlayıb. 

Kitabxanadan “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, videomaterialda Azərbaycan Ordusunun keçdiyi tarix yolu, bu günün əhəmiyyəti haqda geniş məlumat verilir, tarixin bütün hadisələri ardıcıllıqla əks etdirilir. 

Müasir Azərbaycan Ordusunun görüntülərinin yer aldığı materialda AXC dövründə Milli Ordunun yaradılması, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Azərbaycan ordusunun inkişafındakı rolunu əks etdirən faktlar əks olunur. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda bu gün Azərbaycanın qüdrətli və nizamlı orduya malik olmasının Ümummilli Lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olmasından, Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordunun yaradılmasına nail olmasından bəhs edilir.

“Müzəffər Ordu ilə möhtəşəm qələbə” adlı biblioqrafik icmalda isə Milli Ordu quruculuğuna dair “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu”, “Heydər Əliyev və Ordu quruculuğu”, “Azərbaycan tarixinin zəfər salnaməsi”, “Xilaskar İlham Əliyev” kimi kitabların icmalı təqdim edilir.

Müxtəlif dövrlərdə Azərbaycan Ordusu, Azərbaycanın hərbi tarixinə dair nəşr edilən kitablardan ibarət təşkil olunan kitab sərgisində dövri mətbuat materialları, kitabxana əməkdaşları tərəfindən hazırlanmış “26 İyun Silahlı Qüvvələr Günü” və “Müzəffər Ordu ilə möhtəşəm qələbə” adlı vəsaitlər sərgilənməkdədir.

Bu günə kimi Respublika Gənclər Kitabxanasında mütəmadi olaraq həyata keçirilən “Şanlı Zəfər tarixinin qəhrəmanları” və “Milli qəhrəmanlar unudulmur” layihələri çərçivəsində Milli qəhrəmanların, Aprel döyüşlərində iştirak edən igid oğulların, Vətən müharibəsi iştirakçılarının şanlı döyüş yolunu əks etdirən yüzlərlə materiallar hazırlanıb. Bu materialların hər biri kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/azerbaycan-respublikasi-silahli-quvveler-gunu yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.