Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Peyğəmbər Qədir-xumda buyurur: "Mən sizin aranızda iki dəyərli əmanət qoyub gedirəm. Görüm məndən sonra o iki əmanətlə necə davranacaqsınız." Bu vaxt səhabələrdən biri uca səslə soruşur ki, ey Allahın elçisi, bu əmanətlər hansılardır? Peyğəmbər isə belə buyurur: "Bunlardan biri Allahın kitabı, digəri isə mənim əhli-beytimdir. Bunlara bağlı olduğunuz müddətdə yolunuzu azmazsınız. Allah mənə bu iki şeyin qiyamət günü mənə gəlib çatanadək bir-birindən əsla ayrılmayacağını xəbər vermişdir."
Bu gün İslam dünyasının ən böyük bayramlarından biri olan Qədir-xum bayramıdır. Və biz bu gün sizlərə ziyalı fikri rubrikasında Ramil Bədəlovun Nəzəriyyə və nümunə başlığı altında bu mövzu ilə bağlı olan fikirlərini təqdim edirik.
Həzrət Məhəmmədin 63 illik ömrünün 23 ili peyğəmbərlik dövrü olmuşdur. O bu müddət ərzində çox əziyyət çəksə də, ömrünün sonunadək İslam dinini təbliğ etmişdir. Görəsən, qatlaşdığı hər bir əziyyətin müqabilində onun bir ümmət olaraq bizdən hər hansı bir istəyi varmı? Qurani-kərimin ayələrinə nəzər salsaq, bu xüsusda dörd cür ayə ilə rastlaşırıq. İlk baxışda bu ayələr bir-birini tamamlamasa da, diqqətlə baxdıqda onların bir-birilə əlaqəli olduğunu görərik. Bu xüsusdakı ayələrin birində Allah belə buyurur: "...De: "Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində Əhli-beytim barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm..." Allah bizdən Əhli-beyti sevməyi, onlardan uzaq düşməməyi istəyir. Əhli-beytə olan sevgi bizi xilas edəcək. Məhz buna görə biz həyatımızda Əhli-beyti özümüzə örnək seçməliyik.
Digər bir ayədə isə Allah Peyğəmbərin dilindən belə buyurur: "Mən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində - sizdən kiminsə öz Rəbbinə tərəf yol tutmaq (hərəkət etmək) istəməsi istisna olmaqla, bir muzd istəmirəm". Deməli, Peyğəmbər ümmət üçün çəkdikləri zəhmətlərin müqabilində, bu rəhmətlərin qarşılığı olaraq bu ilahi yolu getməyimizi istəyir. Sanki bir xeyirxah insan bir kəndə bulaq çəkdirir, onun istəyi isə insanların həmin bulaqdan istifadə etməsidir. Bu mənada yuxarıda qeyd etdiyimiz ayə olduqca maraqlı ayədir. Burada yalnız ilahi yolu görməkdən yox, bu yolda hərəkət etməkdən söhbət gedir. Hərəkət etmək isə Quransız mümkün deyil. Başqa sözlə desək, Qurandan uzaq düşməklə bu yolda addım atmaq olmaz. Ayədə Allahın bizə çatdırmaq istədiyi mesaj Qurandan muğayat olmaq mesajıdır. Peyğəmbər bizdən muzd olaraq Qurana uyğun şəkildə yaşamağımızı istəyir.
Yuxarıda qeyd olunan hər iki ayəyə diqqətlə nəzər yetirsək, onların birində Əhli-beytdən, digərində isə Qurandan danışıldığını görərik. Necə ki Peyğəmbər
Qədir-xumda buyurdu: "Mən sizin aranızda iki dəyərli əmanət qoyub gedirəm. Görüm məndən sonra o iki amanətlə necə davranacaqsınız?" Bu vaxt sahabələrdən biri uca səslə soruşur ki, ey Allahın elçisi, bu əmanətlər hansılardır? Peyğəmbər isə belə buyurur: "Onlardan biri Allahın kitabı, digəri isə mənim əhli beytimdir. Allah bu iki şeyin bir-birindən ayrılmayacağını mənə xəbər vermişdir..." Bunlar biri digərini tamamlayır. Bunlardan biri, yəni Quran nəzəriyyə kimi, Əhli-beyt isə nümunə kimi çıxış edir. İlahi yolda hərəkət etmək üçün onların hər ikisinə ehtiyac var. Nəzəriyyə zehni qidalandırırsa, nümunə qəlbi rahatlaşdırır. İnsan nümunələri gördükdə, ilahi yola qədəm qoya biləcəyini və özü də bu nəzəriyyənin canlı nümunəsi ola biləcəyini başa düşür. Çünki tarixdə belə nümunələr var. Nümunə eyni zamanda insana əzm və iradə bəxş edir.
İslam dini yalnız nəzəriyyədən ibarət deyil, eyni zamanda həm də nümunədən ibarətdir. Diqqət yetirsək, sözügedən ayələrdə ilk baxışda fərqli fikirlər səsləndirilsə də, onlar sanki bir qəpiyin iki tərəfi kimidir; bir üzü nəzəriyyə, digər üzü isə nümunədir.
Qurani-kərimin sözügedən mövzu ilə əlaqədar üçüncü bir ayəsində məzmun dəyişilir. Allah Peyğəmbərin dilindən belə buyurur: "...Mən bunun (ilahi peyğəmbərlik vəzifəsinin təbliği) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm (tələb etmirəm)..." Maraqlıdır, yuxarıda qeyd olunan iki ayədə bizdən iki şey istənildiyi halda, bu ayədə heç nə istənilmir. Bir misalla məsələyə aydınlıq gətirək. Pulu olmayan bir xəstə, həkimin yanına gəlir və ondan müalicə olunmasını istəyir. Həkim nəvaziş göstərərək onu müalicə edir, sonda isə “mən səndən heç nə istəmirəm, yalnız bir istəyim var", - deyə söyləyir. Bunu eşidən xəstə narahat olur ki, birdən həkim ondan gördüyü işin müqabilində pul İstəyər. Lakin həkim xəstədən onun yağlı və şirin şey yeməməsini istəyir. Həkimin istəyinə diqqətlə nəzər yetirdikdə bu istəyin həkimə deyil, məhz xəstəyə aid olduğunu görürük. Əslində, həkim özü üçün heç nə istəmir, yalnız qarşı tərəfin müalicəsi üçün nəsə istəyir. Elə buna görə də hədis qaynaqlarında Peyğəmbərin "səyyar həkim" olduğu qeyd olunur.
Mövzumuzla əlaqədar sonuncu, yəni dördüncü ayə isə belədir: "De ki: "Sizdən istədiyim bütün muzdlar sizin üçündür. Mənim mükafatım yalnız Allahın öhdəsinədir..."
Yuxarıda qeyd etdiyimiz dörd ayənin hər biri bir- biri ilə əlaqəlidir və biri digərini tamamlayır. Nəticə etibarilə Allahın bu ayələrlə bizə vermək istədiyi mesaj bundan ibarətdir: biz Qurandan və Əhli-beytdən heç bir zaman uzaq düşməyək. Quran və Əhli-beyt bir quşun iki qanadı kimidir. Bu qanadlardan biri və ya hər ikisi olmazsa, quş uça bilməz. Biz də mənəvi aləmə qanadlanıb uçmaq istəyiriksə, Quran və Əhli-beyt qanadına bir nəzəriyyə və bir nümunə kimi ehtiyacımız var. Bu mənəvi pərvazın isə insana xeyri var, insan ucaldıqca o xeyri görür və dərk etməyə başlayır. Unutmayaq ki, nümunələr olmasa, nəzəriyyələr tədricən aradan gedər. Nümunələr aradan getdikdə isə nəzəriyyələr də tədricən aradan gedər; yaxşı insanlar olmasa, yaxşılıqlar ölər; ədalətli insanlar olmasa, ədalət dəfn olunar; fəzilətli insanlar yox olarsa, fəzilətlər sıradan çıxar. Bu, məsələnin birinci tərəfinə aiddir. Məsələnin ikinci tərəfi isə budur ki, dəyərlərə verdiyimiz qiymət dəyərlilərə olan münasibətimizdən asılıdır. Dəyərli olana nə qədər qiymət veririksə, nəzəriyyəyə də bir o qədər qiymət veririk. Bir şərtlə ki, ilk olaraq dəyərin nə olduğunu anlayaq. Yəni haqqı tanıyıb, haqqa bağlanmalıyıq.
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)