Komitə sədri ictimai birlik sədrini təbrik edib

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlını qarşıdan gələn 55 illik yubileyi ilə bağlı təbrik edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, komitə sədrinin yubilyara ünvanladığı məktubda deyilir:

 

“Hörmətli Güllü xanım,

Sizi 55 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, ictimai və yaradıcı fəaliyyətinizdə yeni uğurlar diləyirəm!

Siz “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, “Kəlağayı Ev Muzeyi”nin qurucusu olmaqla yanaşı, “Aşıq Pəri Məclisi”nin sədr müavini (2015-2022), Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Aşıqlar Birliyinin üzvü, “Dədə Ələsgər Ocağı” İctimai Birliyi sədrinin müşaviri olaraq çoxşaxəli məhsuldar ictimai və yaradıcı fəaliyyətinizlə seçilirsiniz.

Siz Gürcüstanın Rustavi şəhərində doğulmusunuz. 1986-cı ildə Rustavidə 7 saylı orta məktəbi bitirmiş, Rustavidə orta ixtisas təhsili almış, uzun müddət Rustavi şəhər nəşriyyatında çalışmısınız. Rustavidə “Azərbaycanlıların Mədəniyyət Mərkəzi”nin qurucularından biri olmusunuz. Şeirləriniz, publisistik yazılarınız Gürcüstanda, Azərbaycanda nəşr olunan qəzetlərdə yayınlanıb, Tiflis radiosunda səsləndirilib. Şeirləriniz özbəkcəyə uyğunlaşdırılıb və “Oşik Pori İnjilari” (“Aşıq Pəri inciləri”) kitabında yer alıb. “Aşıq Pəri Məclisi”, “Aşıq Pəri inciləri” antologiyalarının tərtibçisi və bir neçə kitabın redaktorusunuz. “Azərbaycan kəlağayısı – min illərin yadigarı”, “Kəlağayı əlvan qıyğacı”, “Nağıl kəlağayım, sirr kəlağayım” və b. kitablar sizin rəhbərliyinizlə nəşrə hazırlanıb.

Özünüzün şeirlər və publisistik yazılar kitablarınız gün üzü görüb.

2022-ci ildə Ərzincanda (Türkiyə) keçirilən Türk Dünyası Simpoziumunda, 2023, 2024-cü illərdə Bakıda keçirilən 2-ci, 3-cü Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında uğurla iştirak etmisiniz.

Sizi ictimai fəaliyyətdə, yaradıcılıqda əldə etdiyiniz uğurlar və 55 illik yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.