Yazıçılar Birliyinin 90 yaşı tamam oldu Featured

Məlahət Qənbərova, “Ədəbiyyat və incəsənət” üçün

 

Bu isti yay günlərində, daha dəqiqi, iyun  ayının 11-də Azərbaycan Yazıçılar Birliyinin yaranışının 90-cı ildönümü tamam oldu. Bu münasibətlə birliyin Natəvan klubunda “Milli ədəbi-bədii, ictimai-siyasi təfəkkür” kitabının təqdimetmə mərasimi keçirildi. 

 

Kitabda AYB-nin 90 illik mövcud olduğu dövr ərzində keçdiyi böyük ictimai-siyasi, ədəbi yol geniş işıqlandırılıb. Kitabın məsləhətçisi Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, tərtibçilər filologiya üzrə elmlər doktoru, dosent Gülxani Pənah, filologiya üzrə elmlər doktoru, dosent Salatın Əhmədova, elmi redaktorları filologiya üzrə elmlər doktoru, professor Səhər Orucova və hüquq üzrə gəlsəfə doktoru Rasim Raufoğlu, redaktoru isə bu sətirləri qələmə almış mənəm - Məlahət Qənbərova. 

 

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin birinci katibu Çingiz Abdullayev çıxış edərək Gülxani Pənaha AYB rəhbərliyi adından təşəkkür etdi, qonaqları salamladı: “Mən 1988-ci ildən katib, 2021-ci ildən isə birinci katib vəzifəsində çalışıram. Bu illər ərzində Yazıçılar Birliyi tarixdə iz qoyan əlamətdar günlərə şahidlik edib. Yazıçılar Birliyi hər zaman ədəbiyyatımızın, mədəniyyətimizin, dilimizin, mənəvi dəyərlərimizin keşiyində durub, öz haqq səsini ucaldıb. 1990-1991-ci illərdə Xalq hərəkatının önündə yazıçılar gedib. Azərbaycan xalqının milli düşüncəsinin formalaşmasında ədəbiyyatımızın danılmaz rolu olub. 1990-cı ilin Qanlı 20 yanvar hadisələri, Xocalı faciəsi zamanı dünyaya haqq səsimizi ucaldan da Yazıçılar Birliyi olub. Qarabağ məsələləri başlanan zaman ilk səsini qaldıran ictimai təşkilat Yazıçılar Birliyi oldu. Fəaliyyət göstərdiyi illər ərzində Azərbaycan Yazıçılar Birliyi ağrılı-acılı dönəmlərlə yanaşı, qürurverici və sevincli anlarla dolu məqamlar da yaşadı. Lakin əminliklə demək olar ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir. 11 yazıçının övladı Qarabağ müharibəsində şəhid olmuşdur. Vətənin ərazi bütövlüyü və azadlığı uğrunda haqq savaşında bir çox jurnalist, gənc yazıçı və şairlərimiz şəhidlik zirvəsinə ucalmışdır”.

 

Azərbaycan Yazıçılar Birliyi Həmkarlar Komitəsinin sədri şairə Firuzə Məmmədli öz çıxışında “Milli ədəbi-bədii, ictimai-siyasi təfəkkür” kitabından zəngin təəssürat aldığını söylədi, kitabı tərtib etdiyinə görə Gülxani Pənaha təşəkkür etdi.

Təqdimat mərasimində çıxış edən Asif Rüstəmli, Gülxani Pənah, Aygün Bağırlı, Səhər Orucova, Salatın Əhmədli, İntiqam Qasımzadə, Vaqif Yusifli, Təyyar Salamoğlu, Lütfiyə Əsgərzadə, Gülnarə Cəmaləddin, Zərəngiz Dəmirçi Qayalı, Mirvari Xəlilzadə təqdim olunan kitabın məziyyətlərindən danışdılar, 1934-cü ildə təsis olunan Azərbaycan Yazıçılar Birliyinin 90 il ərzində keçdiyi keşməkeşli yollardan, tarixi mərhələlərdən, repressiya qurbanlarından, Qarabağ müharibəsindən, şanlı qələbəmizdən söz açdılar.

Kitabın yüksək şəkildə tərtibatı, AYB-nin fəaliyyətinin fəsillər üzrə geniş şəkildə işıqlandırılması maraq doğururdu. 

Çıxış edənlərin hamısı tədbirin səmimi ab-havada keçdiyini qeyd etdilər, tədbirdən çox məmnun olduqlarını söylədilər. 

Gəlin 90 yaşlı müdrikə - AYB-yə insanların mənəvi kamilliyi yolunda bundan sonrakı fəaliyyətində uğurlar arzulayaq.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.