Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
İşğaldan azad edilmiş rayonlarımız - xüsusən Ağdam və Füzuli bütün dünya xalqlarına dəfələrlə nümayiş etdirilməli, sivilizasiya epoxasında hələ də barbarlıq edən mənfur düşmənimizin iç üzü açılmalıdır. Bütün tikililərin, o cümlədən mədəniyyət abidələrinin məhv edilməsi bəşəri cinayətdir, buna başqa ad qoymaq mümkünsüzdür.
Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət (dünya, ölkə və yerli) dərəcələrinə görə bölgüsü Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilib. Həmin qərarla o vaxt işğal altında olan ərazilər üzrə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınmışdı.
2020-ci ildə işğaldan azad edilmiş, eləcə də 2023-cü ildə antiterror tədbirlərindən sonra nəzarətə götürülmüş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması aparılıb. Prezidentin 2020-ci il 29 oktyabr tarixli Fərmanının müvafiq bəndinə uyğun olaraq, görülən işlər nəticəsində 196-sı Şuşa şəhərində olmaqla ümumilikdə 542 abidənin, eləcə də 368 tarixi, memarlıq və arxeoloji əlamət kəsb edən obyektin inventarlaşdırılması həyata keçirilib.
Amma bu işlər bütün abidələrə şamil edilməyib. Əlbəttə ki, dərhal sual yaranır. Görəsən niyə?
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevanın bildirdiyinə görə, inventarlaşdırılma işlərinin aparılması mümkün olmayan abidələrin sayı 163-dür. Əlbəttə ki bu, ümumi saya baxmış (705) böyük rəqəmdir.
Səbəb olaraq isə nazirlik rəsmisi bildirib:
“Həmin abidələrin əksəriyyəti təhlükəsizlik baxımından riskli, yaşayış məntəqələrindən kənar, yüksək dağlıq və meşəlik ərazilərdə yerləşir. Həmçinin arxeoloji abidələrin yerlərinin müəyyənləşdirilməsi üçün yetərli məlumatların olmaması, eləcə də işğaldan əvvəlki dövrlərə aid siyahılarda abidələrin ünvanlarının dəqiq göstərilməməsi inventarlaşdırılma işlərində çətinlik törədir”.
İndi isə məsələnin digər tərəfinə diqqət edək.
2020-ci və 2023-cü illərdə Dövlət Xidməti tərəfindən həyata keçirilən inventarlaşdırma işlərinin nəticələrinə əsasən, ilkin mərhələdə 300-dən çox tarix və mədəniyyət abidəsinin vəziyyətinin təhlili nəticəsində məlum olub ki, dövlət qeydiyyatında olan 51 abidə tamamilə dağılıb, 120-dən çox abidə isə qismən dağılıb və ya qəzalı vəziyyətdədir. Bu statistik rəqəmlər ilkin nəticələrdir və müvafiq işlər davam etdirilir.
Və ümidvarıq ki, bütün əhəmiyyətli abidələrimiz tezliklə qayğı ilə əhatələnəcəklər.
Şəkildə: Ağdam - vəhşi qəbilələr yağmalayandan sonra
“Ədəbiyyat və incəsənət”
(07.06.2024)