Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzenin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində dünən İçərişəhəri ziyarət edib.”İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov tərəfindən qarşılanan qonaqlar Bakı Xan Sarayı Kompleksinin parkı və Yeraltı hamamla tanış olublar.
Gürcüstanlı rəsmilər, eyni zamanda, “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzində də olublar, burada onları ən dəyərli əl işləri nümunələri ilə tanış ediblər. Daha sonra qonaqlar Bakı Fotoqrafiya Evini ziyarət ediblər.
Həmçinin ekskursiya zamanı ziyarətçilərə Qız Qalası, Qala divarları kimi abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə dolğun məlumat verilib.
Kaxa Kaladze və Nümayəndə heyəti qədim şəhərdən xoş və zəngin təəssüratla ayrılıblar, Azərbaycan mədəni irsini yüksək qiymətləndiriblər.
Xatırladaq ki, Kaxa Kaladze vaxtı ilə futbolçu olub, Gürcüstan futbol tarixinin bir nömrəlisi hesab olunur. Azərbaycanlılar onu İtaliyanın “Milan” klubindakı möhtəşəm çıxışı ilə xatırlayırlar.