“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti 100-ə yaxın xarici filmin yayım hüququnu alıb.
QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAC-a bildirilib ki, müxtəlif nüfuzlu kino kompaniyalarının məşhur filmləri ilk dəfə Azərbaycan dilində təqdim ediləcək.
Amerika, Avropa şirkətlərinin istehsalı olan müxtəlif janrlı filmlər hazırda tərcümə olunur. Tərcümə bitdikdən sonra dublyaj olunaraq tamaşaçılara təqdim ediləcək.
Filmlərin yanvardan etibarən yayımlanması planlaşdırılır. İlin sonuna kimi başqa yeni filmlərin də alınması nəzərdə tutulur.
Azərbaycan Televiziyasının 2022-ci il üçün layihələri bununla yekunlaşmır. Yeni verilişlər hazırlanacaq, sənədli və bədii filmlər istehsal olunacaq.
Yeni layihələrlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.