Sabah Tərəkəmə yurdu beynəlxalq folklor festivalı başlayır Featured

Bir xalqın formalaşmasında onun folkloru əhəmiyyətli rol oynayır. Çünki mədəniyyətin alt qatı məhz şifahi xalq ədəbiyyatı, folklordur. 

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin dəstəyi, "Miras" mədəni irsin öyrənilməsinə kömək İctimai Birliyinin təşkilatçılığı ilə "Tərəkəmə Çərşənbəsi beşinci beynəlxalq folklor festivalının keçirilməsi" layihəsi çərçivəsində növbəti festival başlayır. 

Sabah - iyunun 1-də, eləcə də ertəsi gün Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu folklor turizm məkanı beynəlxalq festivala evsahibliyi edəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı təşkilatçıya istinadən xəbər verir ki, festival çərçivəsində Bakı şəhərindən, Qazax-Tovuz, Lənkəran-Astara, Şirvan-Salyan, Gəncə-Daşkəsən, Dağlıq Şirvan, Quba-Xaçmaz, Mil-Muğan, Qarabağ, Mərkəzi Aran, Abşeron-Xızı bölgələrindən folklor kollektivlərinin çıxışları olacaq.

Kəndirbazlar, Zorxana, Oxatma, Çilingağac kimi milli oyunlar paralel göstəriləcək. Türkiyə, Gürcüstan və İtaliyadan qonaqlar festivala qoşulacaqlar.

Festival çərçivəsində rəsm əsərləri, dekorativ-sənətkarlıq nümunələri, kənd məhsullarından ibarət sərgi-yarmarka təşkil ediləcək. Tanınmış rəssamlar, heykəltaraşlar, el sənətkarları, idman ustalarının ustad dərsləri keçiriləcək. Oturma gecələrində tərəkəmə həyat tərzi ilə bağlı filmlər izləniləcək, müzakirələr aparılacaq. 

Xarici və yerli qonaqlar kənddə əvvəlcədən müəyyən edilmiş evlərdə qalacaq və ünsiyyət bağları quracaqlar. Səhər tezdən Tərəkəmə marafonu təşkil ediləcək və qonaqlar "Bel daşı əfsanəsi" marşrutu ilə hərəkət edəcəklər. 

Festival hər iki gün maraqlı proqramlarla davam edəcək.

Festivalın keçirilməsi tərəkəmə həyat tərzinin və köç yollarının UNESCO siyahısına alınması ilə səsləşir. Tədbir təşkilatçılarının əsas hədəfi festivalın davamlı olması və UNESCO-nun ilkin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsidir.

Niyə də yox? 

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.