Fazil Mustafa Telli Pənahqızını 70 illik yubileyi ilə bağlı təbrik edib

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Televiziya və Radio Akademiyasının rektoru Telli xanım Pənahqızına təbrik məktubu ünvanlayıb. 

 

Görkəmli televiziya xadiminin 70 illik yubileyi ilə bağlı təbrik məktubunda onun həyat və fəaliyyətinin ən ümdə məqamlarına vurğu edilib. 

“Ədəbiyyat və incəsənət” portalı məktubun mətnini təqdim edir:

 

"Hörmətli Telli xanım,

Sizi 70 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, iş avandlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

 

Siz Azərbaycan Dövlət Universitetinin (BDU-nun) Jurnalistika fakültəsinin ən ünlü məzunlarındansınız (1971-1976).

Peşəkar jurnalist, görkəmli televiziya xadimi olmaqla yanaşı şair-publisist, nasir və ictimai xadim kimi də ün qazanmısınız.

Siz bədii yaradıcılığa tələbəlik illərindən başlamısınız; dövri mətbuatda şeir, oçerk və hekayələriniz yayınlanıb. “Ömrün qoşa izi”, “Tanrımla söhbət”, “Ayrılıqdan sonra çəkilmiş şəkillər”, “Səsində Ay işığı var”, “Sizi sevən Sərdaram”, “Səsin xiffəti”, “Uzun, incə bir yol varmış”, “Yaddaşım qaval daşı” adlı kitablarınız gün üzü görüb.

Bir neçə filmin ssenari müəllifisiniz.

Şeirlərinizə musiqilər bəstələnib və həmin mahnıları ünlü müğənnilər ifa etməkdədir.

 

Siz gənclik illərindən öz yaradıcılıq taleyinizi televiziya ilə bağlamısınız: 1980-1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (indiki “Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də) müxbir, 1981-1982-ci illərdə Dövlət Televiziyasının “Gənclik” redaksiyasında kiçik redaktor, 1982-1992-ci illərdə Televiziyanın İctimai-siyasi və iqtisadi informasiyalar redaksiyasında redaktor, 1992-1993-cü illərdə “Günün ekranı” Yaradıcılıq Birliyi rəhbərinin müavini, 1993-1995-ci illərdə İnformasiya xidməti rəhbəri, 1995-1997-ci illərdə Televiziyanın İkinci Proqram üzrə direktoru, 1997-2005-ci illərdə İkinci Proqram üzrə Baş proqram direktorunun müavini, 2005-ci ildən isə Televiziya Proqramları direktorunun müavini vəzifələrində çalışıbsınız. Hazırda Televiziya və Radio Akademiyasının rektorusunuz.

12 mart 2019-cu ildən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının – indiki Audiovizual Şuranın üzvüsünüz.

Siz Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinizə görə Əməkdar mədəniyyət işçisi fəxri adı və “Tərəqqi” medalına layiq görülmüsünüz. Həmçinin, müxtəlif illərdə bir sıra ictimai mükafatlar, o cümlədən “Ali Media mükafatı” ilə təltif edilmisiniz.

 

Sizi yaradıcılıq uğurlarınız və 70 illik yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm"!

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.