Bu günün ən əlamətdar hadisəsi biz azərbaycanlılar üçün Yeni ilin gəlişi ilə bərabər, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etməyimizdir. Bu 30 ilə yaxın tarixə malik olan Həmrəylik Gününü azərbaycanlılara Heydər Əliyev ərməğan edib. Hələ Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məslisinin sədri olarkən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi təşəbbüsünü irəli sürmüşdü. 1991-ci ilin dekabr ayında Muxtar Respublikanın Ali Məclisinin bu barədə qəbul etdiyi qərar çox keçmədən bütün Azərbaycan üzrə keçərli oldu və ümumilikdə dünya azərbaycanlılarını əhatə etdi.
Dünya azərbaycanlılarının birlik və həmrəyliyinə ciddi diqqət yetirən Heydər Əliyevin bu sahədə atmış olduğu daha bir mühüm addım 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi oldu. Bu qurultay bir tərəfdən Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğısının göstəricisi idisə, digər tərəfdən soydaşlarımızda onların arxasında güclü bir Azərbaycan dövlətinin dayandığı əminliyinin, güvəninin yaranması idi. Artıq soydaşlarımızla iş, onların birlik və bərabərliyi, həmrəyliyi istiqamətində aparılan siyasət çoxşaxəli xarakter daşıyır. Dünya azərbaycanlılarının həmrəyliyinə töhvə verən qurum kimi Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin ortaya qoyduğu əməyi də mütləq qeyd etməliyik. Və bu prosesdə dövlətlə yanaşı, qeyri-dövlət təşkilatları da xüsusi fəallıq nümayiş etdirirlər. Bu baxımdan Heydər Əliyev Fondunun çoxşaxəli və uğurlu fəaliyyətini xüsusi qeyd etmək yerinə düşər. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası da xaricdə yaşayan soydaşlarımızın birlik və bərabərliyi, həmrəyliyi istiqamətində atılan mühüm addımlardan biri hesab edilə bilər. Dünyanın dörd bir yanında yaşayan soydaşlarımızın məhz bu kampaniya çərçivəsində birlik və həmrəylik nümayiş etdirməsinin nəticəsidir ki, bu gün dünyanın bir sıra ölkələrinin qanunverici orqanlarında ermənilərin Xocalıda törətdikləri vəhşiliklər soyqırım kimi tanınıb. Yeri gəlmişkən, mənim “Qırmızı ləçəklər” adlı romanım da bu kampaniya çərçivəsində Xocalı həqiqətlərinin dünyada yayılması işinə xidmət edir.
Yaşasın dünya azərbaycanlılarının həmrəyliyi!
Varisin “Həftənin təqvimi” yazısından