Komitə sədri Xalq artistinə təbrik məktubu ünvanlayıb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasının Xalq artisti Əbdül Mahmudbəyova təbrik məktubu ünvanlayıb. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sənətkarın qarşıdan gələn 80 illik yubileyi ilə bağlı təbrik məktubunda deyilir:

 

“Hörmətli Əbdül müəllim,

Sizi – kinorejissor, ssenarist və aktyor olaraq tanınan görkəmli sənətkarımızı 80 illik yubileyinizlə bağlı təbrik edir, sizə möhkəm cansağlığı, yaradıcılığınızda yeni uğurlar diləyirəm!

Siz 1962-1966-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU-da) Adil İsgəndərovun kursunda aktyorluq ixtisasına yiyələnmiş, 1971-1973-cü illərdə isə Moskvada Ali rejissorluq və ssenaristlər kursunun Rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və Georgi Daneliya kimi ünlü sənətkarlardan dərs almısınız. Aldığınız təhsil fitri istedadınızla bir-birini tamamlayaraq, sənət uğurlarınızın əsasını təşkil edib.

Peşəkar əmək fəaliyyətinə 1966-cı ildə “Azərbaycanfilm” kinostudiyasında başlasanız da, Sizin kinoya gəlişiniz hələ uşaqlıq illərinizə təsadüf edir: 1957-ci ildə “Bir məhəllədən iki nəfər”, 1961-ci ildə “Leyli və Məcnun” filminə çəkilmisiniz.

Sonrakı illərdə “Əhməd haradadır?”, “Uşaqlığın son gecəsi”, “Şərikli çörək” “O qızı tapın”, “Nəsimi”, “Qorxma, mən səninləyəm”, “Ağlar-güləyən”, “Qətl günü” və b. filmlərdə rol almısınız.

“Firəngiz”, “Üzü küləyə”, “Qanlı zəmi”, “Şəhərli biçinçilər”, “Doğma sahillər” və b. filmlərin rejissoru, “Gecə qatarında qətl” filminin ssenari müəllifi və rejissoru olmusunuz.  

 Sizin Azərbaycan incəsənəti qarşısında xidmətləriniz yüksək qiymətləndirilib: 1986-cı ildə Azərbaycanın Dövlət mükafatına, 2008-ci ildə Əməkdar incəsənət xadimi, 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülmüsünüz; 2021-ci ildən Prezidentin fərdi təqaüdçüsüsünüz.

 Sizi yaradıcılıq uğurlarınız və yubileyinizlə bağlı Milli Məclisin Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.