Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri keçirilir. Görüşlərdə sakinlərin problem və təklifləri yerində dinlənilir, məsələlərin həlli istiqamətində müvafiq addımlar atılır.
Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu mayın 6-da Quba rayonunda gerçəkləşib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Məlumata görə, qəbuldan əvvəl nazir və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Ümummilli Liderin Quba şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Sonra mərkəzin foyesində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və "Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə nümayiş etdirilən Quba, Qusar və Xaçmaz uşaq incəsənət məktəbləri şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış olub.
Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən, Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarından olan vətəndaşlar iştirak ediblər. Vətəndaşların müraciətləri işlə təmin olunma, mədəniyyət sahəsi ilə bağlı layihələr, təkliflər və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.
“Ədəbiyyat və incəsənət”
(07.05.2024)