Bu günü uzun illər SSRİ-nin tərkibində olarkən Azərbaycanda bayram ediblər. Dünyanın quru ərazisinin 6-da 1-ni tutun, guya insan rifahına hesablanmış, əslində totalitar quruluş olan SSRİ ilə bağlı bizdə heç də xoş olmayan ovqat var, çünki bu ölkə Rusiya imperiyasının yeni məzmunlu davamı olub. 1918-ci ildə çar Rusiyasından qopub müstəqillik qazanan Azərbaycanımız 1920-ci ildə bu dəfə bolşevik Rusiyasının işğalına məruz qalıb. Müxtəlif adlar altında fəaliyyət göstərən sovet imperiyası 1922-ci ilin 30 dekabr günündə Ümumittifaq Sovetlərinin 1-ci qurultayında SSRİ adlı bir dövlət şəklində qurulub, onun ilk subyektləri Rusiya, Ukrayna, Belorusiya və Zaqafqaziya respublikaları olublar.
Bu gün Rusiyada, eləcə də onun əsas əlaltısı Belorusda geniş bayram ediləcək. SSRİ-nin, rusların nostaljisi ilə yaşayan bizim bəzi sakinlər də bu gün əlli-əlli vodka vurasıdırlar. Rusiya bu gün də bölgədə öz hökmranlığını yeritməyə çalışır, yeni məzmunlu daha bir imperiya qurmaq çabası göstərir, onlara züy tutanlarımız da yetərincədir, amma qəlbi istiqlalla döyünən həmyerlilərimiz, xüsusən də gəncliyimiz, bilsin ki, bu bayram bizim üçün deyil.
Varisin “Həftənin təqvimi” yazısından