Ölkəmizdə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bir sıra yüksək səviyyəli qonaqları ilə ikitərəfli görüşlər təşkil olunur, əməkdaşlıq əlaqələri müzakirə edilir.
Mədəniyyət naziri Adil Kərimli mayın 3-də İtaliya Respublikası Deputatlar Palatasının vitse-prezidenti Corcio Mulenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, Forumda iştiraklarına görə nümayəndə heyətinə təşəkkürünü bildirən nazir Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” və bu qlobal platforma çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib. Deyib ki, builki Forumun da zəngin proqramı var və bəşəriyyəti narahat edən məsələlər ətrafında faydalı müzakirələr aparılıb.
Qeyd olunub ki, Azərbaycan dövləti İtaliya ilə əməkdaşlığa önəm verir. Təsadüfi deyil ki, 2014-cü ildə “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə imzalanıb. İki ölkə arasında mədəni əməkdaşlıq da inkişaf edir. Xüsusilə, tarixi-mədəni irsin qorunması, memarlıq və dizayn kimi sahələrdə əlaqələr ildən-ilə möhkəmlənir. Azərbaycan tərəfi İtaliya ilə kino sahəsində əməkdaşlıqda da maraqlıdır.
Görüşə görə təşəkkür edən İtaliya Deputatlar Palatasının vitse-prezidenti Corcio Mulen Forumda iştirakından məmnunluğunu bildirib.
Azərbaycanın İtaliya üçün vacib tərəfdaş olduğunu deyən qonaq ölkələrimiz arasında əməkdaşlığın geniş sahələri əhatə etdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, iki ölkə arasında ali təhsil sahəsində də yaxşı əlaqələr qurulub. ADA Universitetində İtaliya-Azərbaycan Universiteti layihəsi bunun parlaq təzahürüdür. Həmçinin bildirilib ki, İtaliyanın tərəfdaş ali təhsil ocaqlarının professorları ADA Universitetində mütəmadi mühazirələr oxuyurlar.
Söhbət zamanı iki ölkə teatrlarının qarşılıqlı qastrol səfərlərinin təşkili və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)