2024-cü ilin ədəbiyyat adamları mükafatlandırıldı - RAMİZ RÖVŞƏN, HƏMİD HERİSÇİ, VARİS, AYDIN TALIBZADƏ, AQŞİN YENİSEY… Featured

 

Bu gün Azərbaycan Yaradıcılıq Fondunun təşkilatçılığı ilə 2024-cü ilin  “Ədəbiyyat adamı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Dillər Universitetində təşkil edilən mərasimdə çıxış edən Xalq yazıçısı, akademik, Azərbaycan Yaradıcılıq Fondunun sədri Kamal Abdulla müsabiqənin qaliblərinin tam obyektiv şəkildə seçildiyini deyib. 
Kamal Abdulla söyləyib: “Bildiyimiz kimi, may ayı Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlamətdardır. Biz də fondumuz adından qərara gəldik ki, bu özəl gün münasibətilə ədəbiyyatçılarımız, ziyalılarımız üçün bir mükafat təsis edək və onu hər ilin may ayında 5 nəfərə təqdim edək. Artıq beşinci ildir təqdim edirik. Bəs niyə ədəbiyyat adamı? Fikrimcə, bu ad çox iddiasız, mütəvazi addır. Bizim aləmimizdə ədəbiyyat adamı sakitcə ədəbi fəaliyyətlə məşğul olan, zəhmətkeşliyi, peşəkarlığı əsas prinsip seçən, ədəbiyyatı həyat kimi, həyat tərzi kimi yaşayan, “ədəbi yaxşılıqlar edən”, ədəbiyyatın dostu olan şəxsdir. Bu mükafatın unikallığı ondadır ki, burada rəqiblər yoxdur”. 
Daha sonra qaliblər Ramiz Rövşən, Həmid Herisçi, Rüstəm Behrudi, Aydın Talıbzadə, Azər Turan, Varis, Aqşin Yenisey, Nərgiz Cabbarlı, Ulucay Akif, Etimad Başkeçid təltif olunublar. 
Qaliblər çıxış edərək mükafata layiq görüldükləri üçün təşəkkür ediblər.
Tədbir çərçivəsində yaradıcılıq fakültəsinin məzunlarına diplomlar da təqdim edilib.
Qeyd edək ki, “Ədəbiyyat adamı” layihəsi çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxşaxəli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.

“Ədəbiyyat və incəsənət”
(03.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.