“Biz Forum çərçivəsində keçirilən tədbirlərdə daha inklüziv dünya və sülh yaratmaq üçün önəmli mövzuları müzakirə etdik. Bunlardan mədəniyyət və irs, təhsil və texnologiya, din, miqrasiya, gənclərin cəlb olunması və turizmin mədəniyyətlərarası dialoqa təsirini misal göstərə bilərik”.
“Ədəbiyyat və incəsənət” portalının AzərTAC-a istinadən yaydığı bu sözləri mədəniyyət naziri Adil Kərimli “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimində çıxışı zamanı deyib.
Forumda Bakıda keçiriləcək COP29 ilə bağlı önəmli fikirlər səsləndirildiyini bildirən nazir qeyd edib: “Bu gün Bakı Forumu yekunlaşır. Forumun açılış mərasimində Prezident İlham Əliyevin dərin məzmunlu çıxışına və mədəniyyətlərarası dialoqa göstərdiyi xüsusi dəstəyinə görə minnətdarıq.
Bizim əsas məqsədimiz mədəniyyətin bəşəriyyətin qarşıdan gələn iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır. Daha güclü və dayanıqlı gələcək üçün dəyişikliklər etməliyik”.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)