Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Siyəzən rayon İcra hakimiyyətinin başçısı, Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü Novruz Novruzovu 70 illik yubileyi ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli Novruz müəllim,
Sizi 70 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, iş avandlığı və yaradıcılıq uğurları diləyirəm!
Siz hələ gənc yaşlarından dövlət qulluğunda – müxtəlif məsul vəzifələrdə çalışmaqla yanaşı, ədəbiyyata olan marağınızı da davam və inkişaf etdirmiş, öz şeir, hekayə və publisistik yazılarınızla çıxış etmisiniz.
Siz Novruz Nəcəfoğlu imzası ilə nüfuzlu ədəbi nəşrlərdə, o cümlədən “Azərbaycan”, “Ulduz”, “Qobustan” dərgilərində, “525-ci qəzet”də və b. mətbuat orqanlarında öz yaradıcılıq örnəklərinizlə çıxış edirsiniz. Son illər daha çox hekayə və povestlər yazırsınız.
Sizin “Bir qış gününün xatirəsi”, “Yollar uzanan gün”, “Keçən cavan çağım ola…” “Atüstü bir nağıl”, “Bir mən oyaqdım”, “Nağıl adam”, “Yuxuya gedib gecə” kitablarınız oxucularınızın marağına səbəb olub. “İçimdə bir ocaq var” kitabınızda şeirləriniz, “Unudulmazlıq haqqı”nda isə oçerkləriniz toplanıb. “Yurd yaddaşı” isə sizin ədəbi yaradıcılığınıza həsr olunub.
Xarici ölkələrə səfər təəssüratlarınızın toplandığı “Dünya duracaq yer deyil”, “Sinqapur – Böyük dünya şəhəri, iddialı ölkə”, “Gördüyüm və eşitdiyim Yaponiya” kitabları publisistikamızın diqqətçəkən örnəkləri kimi qarşılanıb.
“Nəcəflə üz-üzə”, “Ən böyük adam”, “Tufan” və ingiliscə “Tural, Humay and Nijat” kitablarınız uşaqlar üçün nəzərdə tutulub.
“Umutsuz yolçu”, “Beyaz Geçitte” əsərləriniz Türkiyə türkcəsində, “Oтнаянная пътница” kitabınız rusca yayınlanıb.
Bir sıra şeirlərinizə musiqi bəstələnib.
Sizi 70 illik yubileyiniz və yaradıcılıq uğurlarınızla bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)