Komitə sədri folklorşünas alimi təbrik edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, “Xudafərin” qəzetinin baş redaktoru Dos.Dr. Şakir Albalıyevə təbrik məktubu ünvanlayıb. 

Milli ideoloji araşdırmaları ilə ün qazanmış alimin 55 illik yubileyi ilə bağlı yazılan təbrik məktubunda onun həyat və fəaliyyətinin ən ümdə məqamlarına vurğu edilib. 

“Ədəbiyyat və incəsənət” portalı təbrik məktubunun mətnini təqdim edir: 

 

“Hörmətli Şakir müəllim,

Sizi 55 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, elmi, ictimai və mətbu fəaliyyətinizdə yeni uğurlar diləyirəm!

Çox şadam ki, bu ilki yubileyinizi işğaldan qurtulmuş doğma Cəbrayılda mədəni quruculuq, abadlıq işlərinin yüksək vüsətlə davam və inkişaf etməsinin sevinci, qüruru içində keçirirsiniz.

Siz 1989-1995-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almısınız. Tələbəykən – 1992-ci ildə I Qarabağ müharibəsinə qatılaraq, Cəbrayıl, Füzuli rayonları uğrunda döyüşlərdə iştirak etmisiniz. 

2006-ci ildə “Azərbaycan məişət nağıllarında Şah obrazı” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə, 2011-ci ildə dosent elmi adına layiq görülmüsünüz.

Məqalələriniz bir sıra yerli və xarici elmi jurnallarda dərc olunur.

“Azərbaycan məişət nağıllarında şah obrazı” (Bakı, 2008), “Sədnik Paşa Pirsultanlı poeziyasına bir baxış” (Gəncə, 2011), “Sona Xəyal yaradıcılığına bir baxış (Bakı, 2011), “Özüm, Taleyim, Tanrım” (Bakı,  2012), “Cəbrayıl rayonunun toponimləri” (Ensiklopedik bilgi kitabı; ortaq; Bakı,  2014), “Cəbrayıllı Milli Qəhrəmanlar” (Bakı, 2019), “Azərbaycanda doğum mərasimi: funksiyası və semantikası” (Bakı, 2020), “Xalq bayramları probleminin nəzəri əsasları və Novruz” (Bakı, 2020) və b. kitablarınız gün üzü görüb.

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi olaraq öz əsərlərinizdə Azərbaycan xalqının tarixi yaddaşında önəmli yer tutan folklor örnəklərinin ritual-mifoloji semantikası, yaradılış simvolikasının vahid etnokulturoloji sistemdə yeri, bayramların etnososial birgəliyin qorunmasında rolu və s. problemlərin araşdırılmasına geniş yer vermiş, bir sıra elmi yeniliklərlə çıxış etmisiniz.

2009-cu ilin yanvar ayından “Xudafərin” qəzetinin baş redaktorusunuz.

Azərbaycan Prezidentinin 22 iyul 2020-ci il tarixli Sərəncamı əsasında respublikamızda kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinizə görə “Tərəqqi” medalı ilə təltif edilmisiniz.

Sizi yaradıcılıq uğurlarınız və yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.