Bizim muzeylər, xüsusilə də regionlardakı muzeylər sadəcə eksponat saxlancı yanaşması ilə çalışır.
AzərTAC xəbər verir ki, bunu dekabrın 28-də ilin yekunlarına həsr olunmuş mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov deyib.
“Təbii ki, istisnalar var. Şamaxı və Sabirabadda yerləşən muzeylərdə müsbət nəticələr əldə edilib. Biz gələcəkdə bu təcrübəni digər regionlarda olan muzeylərə də tətbiq edəcəyik. Gələcəkdə çalışacağıq ki, muzeylər rahatlıqla eksponatları əldə edə bilsinlər. Burada maliyyə məsələləri də nəzərə alınmalıdır”, - deyə nazir vurğulayıb.
A.Kərimov regionlarda fəaliyyət göstərən teatrların fəaliyyətin də toxunub: “Onların fəaliyyəti bizim istədiyimiz səviyyədə deyil. Təəssüflər olsun ki, hər şey Bakıda cəmləşib. Teatrın inkişafını bu gün prioritet istiqamətlərdən biri kimi görürük. Regionlarda həm dövlət, həm də xalq teatrlarının olmasını istəyirik. Bu məsələ ilə bağlı regionlara səfərlərimiz olacaq”.
"Əsas yük paytaxt teatrlarının üzərinə düşür. İstərdik ki, regionlarda teatrlar inkişaf etsin. Bu, çox vacib məsələdir", -deyə nazir bildirib.