2015-ci ildən etibarən xüsusilə aktuallaşan Rusiya və Azərbaycan layihələri Xəzər regionunun inkişaf drayverləridir və Xəzər İqtisadi Forumu üzrə istər Rusiyanın müxtəlif şəhərlərində, istərsə də Bakıda müxtəlif mövzular üzrə politoloq və ekspertlərin müzakirələri davam edir. 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatında öz əksini tapmış nəqliyyat kommunikasiyalarının açılması, erməni işğalından azad edilmiş ərazilərdə beynəlxalq iqtisadi kooperasiya zonalarının yaradılması, Xəzəryanı ölkələrin turizm sektorunun perspektivləri də müzakirə olunan mövzulardandır.
Həmin müzakirələrin iştirakçılarından biri, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Analitik Qrupunun rəhbəri, Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyev qaldırılan məsələ ilə bağlı AzərTAC-ın suallarını cavablandırır.
- Bu yaxınlarda paytaxtımızda keçirilən 2021-ci ilin yekunlarına həsr olunmuş “Rusiya–Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində” adlı dəyirmi masada siz də ekspert kimi iştirak etdiniz. Bu haqda fikirlərinizi bilmək maraqlı olardı.
-İlk növbədə diqqətinizə görə təşəkkür edirəm. Bildiyiniz kimi, Azərbaycanla Rusiya arasında münasibətlər uzun bir tarixi dövrü əhatə edir. Ölkələrimizi və xalqlarımızı təkcə sərhədlər deyil, həm də siyasi, mədəni, sosial bağlar bir-birinə birləşdirir, insanlararası münasibətlər böyük önəm kəsb edir.
SSRİ-nin süqutundan sonra müstəqillik əldə edən Azərbaycan və Rusiya arasında ilk illərdə bəzi səbəblərdən müəyyən gərginliklər yaşansa da ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra bir çox sahələrdə olduğu kimi, Azərbaycanla Rusiya arasındakı münasibətlərdə də gərginliklər aradan qalxmağa başladı.
2003-cü ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan-Rusiya münasibətlərində inkişafın yeni mərhələsi başlandı. Dəfələrlə Azərbaycan Prezidenti Rusiyada rəsmi və işgüzar səfərlərdə olub, həmçinin Rusiya Prezidenti Vladimir Putin də bir neçə dəfə Azərbaycana yüksəksəviyyəli səfərlər edib.
Rəqəmlərə müraciət etsək görərik ki, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi dinamik şəkildə artır. Rusiyanın 1000-ə yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bizim iqtisadiyyata şimal qonşumuz tərəfindən 6,2 milyard dollar sərmayə yatırılıb. Bizim də Rusiya iqtisadiyyatına 1,2 milyard dollarlıq investisiyamız var. Cənubi Qafqaz regionunda Rusiya ticarətinin təqribən 50 faizi bizim ölkənin payına düşür. Bu gün Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqə saxlayır ki, onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə çərçivə sazişləri bağlayıb. Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır.
- 44 günlük müharibə nəticəsində Qarabağın işğaldan azad edilməsindən sonra Rusiya–Azərbaycan münasibətləri hansı məcraya yönəlib və gələcək perspektivlər nə vəd edir?
-Əslində bu çox geniş bir mövzunu əhatə edən sualdır və qısa cavaba sığan deyil. Hazırkı reallıqlar ilk növbədə qarşılıqlı siyasi etimada söykənən yeni əməkdaşlıq və birgə fəaliyyət istiqamətlərinə təkan verib. Sadəcə bir faktı deyim. Bildiyiniz kimi müasir dünya operativ ticarətin və çevik əlaqələrin üzərində qurulub. Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək beynəlxalq “Şimal-Cənub nəqliyyat dəhlizi”nin və “Zəngəzur dəhlizi”nin yaradılması bu baxımdan ən perspektivli layihələrdən biridir. Bu dəhlizlər Rusiya üçün beynəlxalq əhəmiyyət daşıdığından Cənubi Asiya və Hind okeanına çıxış üçün qısa yoldur. Həmçinin regiondan Avropaya yük tranzitini də xeyli sürətləndirməyə imkan verəcək ki, bu da ölkələrimiz üçün əlavə dividendlərin yaranması deməkdir. Ticarət sanksiyalarından əziyyət çəkən şimal qonşumuz üçün bunun nə qədər əhəmiyyət kəsb etdiyi göz önündədir.
Kiçik bir haşiyəyə çıxım. İşğaldan azad olunmuş Cəbrayıl ərazisində, Araz Vadisi iqtisadi rayonunda “KAMAZ”ın servis mərkəzinin yaradılmasını xüsusi simvolik əhəmiyyət kəsb etdiyini də vurğulamaq istəyirəm. Bu azad olunmuş ərazilərimizdəki iqtisadi rayonlara Rusiya kapitalının ilk qaranquşu hesab edilə bilər.
Digər tərəfdən, Rusiya eyni zamanda, Ermənistanla Azərbaycan arasında sülh danışıqları prosesində vasitəçilik missiyasını üzərinə götürüb və bu missiyanı uğurla həyata keçirir ki, bizim bölgədə dayanıqlı sülh yaransın. Azərbaycan Prezidenti İlham Əliyev son Soçi görüşündə səsləndirdiyi bəyanatında da bu məqama yer ayırmışdı.
- Bu siyasi-iqtisadi münasibətlərimizin həm də mədəni tərkibi var. Bu sahədə hansı perspektivləri gözləmək olar?.
-Azərbaycanda rus mədəniyyətinə, rus dilinə hər zaman qayğı ilə yanaşılıb. Ölkəmizdə təhsilin rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir, paytaxtımızda Rusiyanın iki aparıcı universitetlərinin filialı mövcuddur. Bizim ali məktəblərdə rus dili bölmələrində 16 mindən çox tələbə təhsil alır. Rusiyada isə 15 min azərbaycanlı tələbə oxuyur. Bu kiçik rəqəmlər deyil. Təhsil isə ikitərəfli münasibətlər üçün əsaslı bünövrədir. Mütəmadi olaraq qarşılıqlı mədəniyyət layihələri reallaşdırılır. 2005-2006-cı illərdə ölkələrimiz arasında qarşılıqlı şəkildə mədəniyyət illəri keçirilmişdi. Düşünürəm ki, bu ənənə davam etsə çox yaxşı olar. Əslində bu sahədə əməkdaşlığın çox möhkəm bünövrəsi var.
- Bu sahəyə turizm potensialını da əlavə etmək olar.
- Tamamilə haqlısınız. Rusiya vətəndaşları tərəfindən Azərbaycana turist səfərlərinin əhəmiyyətli dərəcədə artdığını da unutmaq olmaz. Pandemiyadan əvvəlki ildə bu rəqəm bir milyon nəfərdən çox idi. Eyni zamanda, gələn il Rusiya tərəfindən Xəzər dənizində kruiz gəmilərinin üzəcəyini də vurğulamaq lazımdır. İlkin hesablamalara görə 30 min turist Xəzərdə ilk dəfə reallaşacaq kruiz səyahətindən istifadə edə biləcək. Bu mövzu mənim üçün ələlxüsus doğmadır. Təvazökarlıqdan uzaq da olsa deyim ki, Xəzərdə kruiz gəmilərinin hərəkətə başlaması ideyasının müəlliflərindən biri də mənəm. 2004-cü ilin aprel ayında Bakıda Azərbaycan-Rusiya birinci İqtisadi forumu keçiriləndə bu mövzunu rusiyalı iş adamı “Tin Tour” şirkətinin baş direktoru Vladimir Fialkinlə kluarlarda səsləndirmişdik və sonralar mövzunun mütəmadi gündəmdə olmasına çalışmışdıq. 2017-ci ilin fevral ayında Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı Xəzər dənizində gəmi turlarının təşkili məqsədilə Xəzər dənizinin sahilyanı dövlətləri ilə danışıqlar aparmağa stimul vermiş oldu.
- Bu kruiz səyahətindən ölkəmiz hansı dividendləri əldə edə bilər?
-Hazırda Həştərxan vilayətində inşa edilmiş “Pyotr Velikiy” gəmisinin 2022-ci ilin yayında suya buraxılması nəzərdə tutulub. Bizim üçün bu kruiz gəmisinin yola düşməsinin müsbət məqamları olduqca çoxdur. Çünki Xəzər dənizində yeganə paytaxt şəhəri Bakıdır. Digər liman şəhərləri Həştərxan, Mahaçqala, Ənzəli, Türkmənbaşı və Aktu, ilk növbədə əyalət şəhərləridir. Əgər lazımı infrastruktur yaradılarsa Sumqayıt və Lənkəran da liman kimi marşruta salına bilər. Gəminin hər şəhərdə lövbər salması yerli turizm üçün əlavə gəlirlər və iş yerləri deməkdir. “Made in Azərbaycan” brendli məhsulların bu ərazidə münasib qiymətlərlə satışını təmin etmək olar. Eyni zamanda, sərnişin gəmilərinin sərbəst hərəkəti müalicə turizminin inkişafına da təkan verə bilər. Abşerondakı sanatoriyalarla bərabər Sumqayıt və Lənkərandakı sanatoriyaların bərpası və fəaliyyəti üçün də ən mülayim şərtlər çərçivəsində yerli və xarici investorları cəlb etmək olar.
Təkcə Sumqayıtda “Neptun bayramı” festivalını bərpa etməklə bu şənliyə xeyli əcnəbini cəlb etmək mümkündür. Adətən, belə kruizlər 7-15 gün üçün nəzərdə tutulur.
Sadəcə narahatlıq doğuran bir məqam var ki, Xəzərdə naviqasiya müddəti azdır və küləyin səmti həmişə önəm kəsb edir. Yəqin ki, bu faktor da nəzərə alınacaq.
Bir sözlə əməkdaşlıq sahələrimiz və istiqamətlər olduqca çoxdur. Bir sözlə dövlətlərimiz arasında münasibətlər mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur.
Bütün bunlar özü əyani şəkildə sübut edir ki, Azərbaycan-Rusiya münasibətləri sürətli xətt üzrə irəliləməkdədir və xalqlarımızın mənafeyinə tam uyğundur.