Ötən gün Milli Məclisin Mədəniyyət Komitəsi üç paylaşım edib. “Ədəbiyyat və incəsənət” portalı bu paylaşımları təqdim edir:
1.
Aslan Şirin - 55
Azərbaycan Respublikasının Əməkdar artisti, teatr və kino aktyoru Aslan Şirinin 55 yaşı tamam olur (Aslan Adil oğlu Şirinov; 25.04.1969, Bakı).
Akademik MilliDram Teatrının aktyoru, aparıcı səhnə ustası Aslan Şirin 1996-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyoluğu fakültəsini bitirib. Bir müddət Azərbaycan Televiziyasında aparıcı kimi fəaliyyət göstərən Aslan Şirin, 1998-ci ildən Akademik Milli Dram Teatrına aktyor ştatına götürülüb, teatrın səhnəsində bir çox maraqlı rollar ifa edib.
İlk dəfə hələ 16 yaşında “Bəyin oğurlanması” filmindəki epizodik rolla kamera qarşısına keçən Aslan Şirin, sonradan Azərbaycan Dövlət Televiziyasında hazırlanan “Dəvətnamə” (Həmid), “Bir yay günü” (Əhmədağa) teletamaşalarda oynayıb.
Aslan Şirin ən yaddaqalan rollarını yada salaq: Heydər (M.F.Axundzadə, “Lənkəran xanının vəziri”), Barat (C.Cabbarlı, “Almaz”), Əlibəy (C.Məmmədquluzadə, “Ölülər”), Səməd bəy (C.Məmmədquluzadə, “Anamın kitabı”), Həmzad Qurban (C.Məmmədquluadə, “Dəli yığıncağı”), Yusif (H.Cavid, “Şeyda”), Oqtay (H.Cavid, “Afət”), Baloğlan (A.Şaiq, “Eloğlu”), Kəndli (S.Vurğun, “Fərhad və Şirin”), Gödək (Mircəlal, “Gödək”), Fərəc bəy (İ.Əfəndiyev, “Xurşidbanu Natavan”), Lisanoviç (İ.Əfəndiyev, “Qarabağnamə”), Şeytan (B.Vahabzadə, “Özümüzü kəsən qılınc”), Erməni (V.Babanlı, “Ana intiqamı”), Güloğlan (Əfqan, “Oliqarx”), Aparıcı (Elçin, “Ah, Paris, Paris”), Hoqqabaz (“Mənim sevimli dəlim”), Səkinənin əri (Hidayət, “Bu dünyanın adamları”), Xor dirijoru (X.Qoca, “Hərənin öz payı”), Şeyx Cəfər Tonkabanu (Ə.Əmirli, “Şah Qacar”), Qara (Ə.Əmirli, “Varlı qadın”),
Cəllad (Ç.Aytmatov, “Sokratı anma gecəsi”), Sərkərdə (Sofokl, “Şah Edip”), Aktyor və Ozrik (U.Sekspir, “Hamlet”), Malvolio (U.Şekspir, “On ikinci gecə və ya hər nə istəsəniz”), Leandr (J.B.Molyer, “Skapenin kələkləri”), Kvazimoda (V.Hüqo, “Kvazimoda”), Pyotr İvanoviç Dobçinski (N.V.Qoqol, “Müfəttiş”), Qastone (E.D.Filippo, “Kabuslar”), Çeda (B.Nuşiç, “Nazirin xanımı”), Loperello (M.Friş, “Don Juan və həndəsə”), Kölgə (Y.Şvarts, “Kölgəvə”) və b.
Aslan Şirin teatrdakı obrazlarla yanaşı kino ekranında da maraqlı rollarla çıxış edib. Aktyorun "Ümid”, "Dəvətnamə”, "Bir yay günü”, "Yeni həyat”, "Yoxlama”, "Mürafiə vəkillərinin hekayəti”, "Təklif”, "Bakı, mən səni sevirəm”, "Bir ailəm var” (teleserial), "Avrova, Avropa” (TRT) və b. filmlərdə yaratdığı obrazları tamaşaçılar maraqla izləyib.
Aslan Şirin 2013-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Əməkdar artist Aslan Şirini təbrik edir, möhkəm cansağlığı və yenibyaradıcılıq uğurları diləyirik!
2.
Feyzavər xanım Turanı anırıq
"Feyza Sənət Qalereyası"nın yaradıcısı (İstanbul), Azərbaycan Respublikasının "Dostluq" ordeni, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)" yubiley medalı ilə təltif edilmiş
Feyzavər Turanın anım günüdür (Feyzaver Alpsar Turan; 31.12.1919 – 25.04.2020, İstanbul).
Feyzavər xanım İstanbuldakı MemarSinan adına Gözəl Sənətlər Universitetində oxuyub.
O, Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir, yazıçı-publisist Əli bəy Hüseynzadənin qızıdır.
Feyzavər Turan atasının irsinin qorunub saxlanılması üçün 2017-ci ildə ona məxsus 37 təsviri #sənət əsərini, 48 fotoşəkli, 53 şəxsi əşyanı, 22 orden, medal və nişanı, eləcə də ipək üzərində çap olunmuş "Həyat" qəzetini Azərbaycan hökumətinə hədiyyə edib. Bu əsərlərin bir qismi Azərbaycana gətirilib və bərpa olunub. Əsərlər hazırda "İstiqlal" muzeyində qorunub saxlanılır.
Sayğılarla anırıq.
Ruhu şad olsun!
3.
Ənvər İsmayılovu anırıq
Tanınmış Azərbaycan memarı və dövlət xadimi, Əməkdar mühəndis Ənvər İsmayılovun anım günüdür (10.04.1916, Tiflis – 25.04.1988, Bakı).
Memar Ənvər Ələkbər oğlu İsmayılov uğurla həyata keçirilmiş bir çox memarlıq layihəsinin müəllifi olub. - Onun başçılığı ilə
1947–1950-ci illər arasında Bakının Moskva (hazırkı HeydərƏliyev) prospektində və Nizami küçəsində, eləcə də, Gəncə və Sumqayıt şəhərlərində yaşayış evlərinin,
Naxçıvan şəhərində Dram Teatrı binasının (1949–1952-ci illər), Bakı Dövlət Sirki binasının (1958–1960-cı illər, #memar Faina Leontyeva ilə birgə), Mirzə Ələkbər Sabirin (1958), Xurşidbanu Natəvanın (1959) heykəlinin, “Neftçilər" metrostansiyasının (1965), Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin heykəlinin (1968) layihələri hazırlanıb.
Sayğılarla anırıq.
Ruhu şad olsun!
Azərbaycan Respublikası
Milli Məclisinin Mədəniyyət Komitəsi
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)