Sabah “Oxu Günü-10” sərgi-festivalı başlayacaq Featured

Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), AMEA, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Azərbaycan Naşirlərinin I Forumu öz işinə başlayıb. Forum bu saatlarda öz işini başa çatdırmaq üzrədir. 

Sabahsa Azərbaycan Naşirlərinin I Forumu çərçivəsində “Oxu Günü-10” sərgi-festivalı baş tutacaq.

“Oxu Günü-10” sərgi-festivalı nələri vəd edir? 

 

“Ədəbiyyat və incəsənət” portalı bununla əlaqədar forumun təşkilat komitəsində yer almış XAN nəşriyyatının direktoru Səbuhi Şahmursoydan aşağıdakı bilgiləri almışdır:

 

“Bu il “Oxu Günü-10” layihəsi “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, AMEA, Təhsilin İnkişafı Fondu, Yunus Əmrə İnstitutu və “Hədəf Nəşrləri”nin birgə təşkilatçılığı ilə AMEA parkında keçiriləcək.

27 – 28 aprel tarixlərində baş tutacaq sərgi-festival otuza yaxın nəşriyyat, ondan çox kitab mağazası, onlarla ədib, ziyalı, incəsənət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Sərgi-festivalda Varis, Rüstəm Behrudi, Əkbər Qoşalı, Elxan Elatlı, İlqar Kamil, İlham Tumas, Elay, Tamerlan İsmayılzadə, Aynur Cavid, Ramil Əhməd, Məsudə Cabbar, Erix Qauzer, Fidan Cəfərzadə və başqa tanınmış yazıçıların təqdimat və imza mərasimləri olacaq.

Bundan başqa, Çinarə Məlikzadə, Röyal Musa, eləcə də digər gənc ifaçılar festivala rəng qatacaqlar.

Əlavə məlumat üçün bildirək ki, III və IV “Kitabqurdu” Oxu Marafonunun müəllifləri – Şəmil Sadiq, Amin Sükut, Sevinc Elsevər, Elgüsel, Zahid Xəlil, Xəyalə Murad, Rövşən Abdullaoğlu, Rafiq İsmayılov, Fatimə Alxaz, Rəşad Bayramov və Gülüş Xəlilova da festivalda iştirak edəcəklər.

“Oxu Günü” 2015-ci ildə “Hədəf Nəşrləri” MMC tərəfindən təsis edilib. Layihənin məqsədi ölkədə kitabçılığı inkişaf etdirmək, gənclərin intellektual mühitə adaptasiyasını aktual saxlamaq, oxucu-yazıçı görüşlərini stimullaşdırmaq, endirimli kitablar təqdim etmək və bununla kitabın əhəmiyyətini cəmiyyətə aşılamaqdan ibarətdir.

“Oxu Günü” sərgi-festivalı 2015-ci ildə Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına parkda, 2016-cı ildə Nəsimi rayonu ərazisindəki Zorge parkında, 2017 – 2023-cu illərdə isə Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, “Hədəf Nəşrləri”, Elm və Təhsil və Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə keçirilib.

Elm və təhsil nazirinin 4 mart 2019-cu il tarixli qərarına əsasən hər il aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə bütün ölkə ərazisində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla kütləvi “Oxu Günü” tədbiri keçirilir.

Layihə “Gəlin birgə oxuyaq!” devizi altında təşkil olunur”.

 

Hamını AMEA Parkına dəvət edirik!

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.