Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), AMEA, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Azərbaycan Naşirlərinin I Forumu öz işinə başlayacaq.
“Ədəbiyyat və incəsənət” portalı bununla əlaqədar forumun təşkilat komitəsində yer almış XAN nəşriyyatının direktoru Səbuhi Şahmursoydan aşağıdakı bilgiləri almışdır:
Azərbaycanın müstəqillik dövründə inkişaf edən özəl nəşriyyat sektorunun bir növ hesabatlığına, ümumi problemlərin həlli ilə bağlı təkliflərin formalaşmasına, yeni layihələrin hazırlanması üçün şəbəkələşmənin təmin olunmasına töhvə verəcək Azərbaycan Naşirlərinin I Forumundan gözləntilər böyükdür.
Forumun açılış mərasimində ANAİB idarə heyətinin sədri Şəmil Sadiq, Türkiyə Mətbəə və Nəşriyyatlar Birliyinin rəhbəri Mustafa Karagüllüoğlu, eləcə də ölkənin mədəni ictimaiyyətinin tanınmış simaları çıxış edəcəklər.
Forumda nəşriyyat məhsulları və strategiyalarının sərgisindən, nəşriyyat problemlərinə kompleks yanaşma təmin edən panellər təşkil olunacaq.
5 paneldə ümumilikdə 15 spikerin çıxışı nəzərdə tutulan, xarici mütəxəssislərin də cəlb olunacağı layihə yerli nəşriyyat sektorunun real problemlərinə işıq tutmaq, eləcə də beynəlxalq təcrübədən yararlanmaq məqsədi daşıyır.
İlk panel “Nəşriyyat menecmentliyi və kitab marketinqi” mövzusunda olacaq. Panelin moderatoru “Parlaq İmzalar” nəşriyyatının direktoru Nurman Tariq, spikerləri D&R-ın e-ticarət satış direktoru Özgür Topyıldız, Türkiyə Mətbəə və Nəşriyyatlar Birliyinin rəhbəri Mustafa Karagüllüoğludur.
İkinci panel “Redaktə və tərcümə problemləri”nə həsr olunub. Panelin moderatoru “Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, spikerləri Şərq-Qərb nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlı, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğludur.
Üçüncü panelin mövzusu “Müəllif hüquqları və beynəlxalq əməkdaşlıqlar”dır. Panelin moderatoru “Qədim Qala” nəşriyyatının xarici əlaqələr departamentinin rəhbəri Elnarə Əli, spikerləri “İntrotema” Müəllif Hüquqları Agentliyinin rəhbəri Məhəmməd Ağırakça, “Yazar ol”un təsisçisi Ramil Əhməddir.
Dördüncü panelin mövzusu “Tərtibat, dizayn və qrafika”dır. Panelin moderatoru MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu, spikerləri “Erdem Yayınları”nın baş dizayneri Aişə Adaş, “Parlaq İmzalar” nəşriyyatının art-direktoru Ramin Həsənəlizadədir.
Sonuncu – beşinci panelin mövzusu “Uşaq nəşrləri və yeni yanaşmalar”dır. Panelin moderatoru “Ağıllı Bala” nəşriyyatının direktoru Fatimə Alxaz, spikerləri “Erdem Yayınları”nın rəhbəri Məlikə Günyüz, “Libra Kitab” nəşriyyatının direktoru Veysəl Məmmədovdur.
Qeyd edək ki, forum 09:00-dan 18:00-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)