Ermənistanla barışıb, havadarları ilə düşmən olaq?! - ƏKBƏR QOŞALI YAZIR Featured

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist, siyasi şərhçi Əkbər Qoşalının son siyasi hadisələrə şərhini nəzərinizə çatdırır.

 

Olaylar çox sürətlə axın edir, birinin idrak sürəci bitməmiş digəri baş verir. Tanrıya şükürlər olsun, biz bu sürətli olaylar axınında “hansı səmtə gəldi axan”lardan (axıdılanlardan) deyilik; öz duruşumuz, öz yol xəritəmiz və gəmimizi bütün axınlardan təhlükəsiz keçirməyi bacaran rəhbərimiz var! Çün, biz yeni ümumdünya proseslərinə qalib ölkə olaraq daxil olmuşuq. 

 

Təsəvvür edin: ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunmamış olsaydı (iraq olsun), bu gün hər ağızdan gələn avaza diqqət yetirmək zorunda qalmazdıqmı? Əgər hələ də II Qarabağ müharibəsinədək olan durum davam etsəydi, indi necə olardı?!.

Budur, Qazaxın 4 kəndi öz bayrağımız altına keçir, ondan irəli, sülhməramsızlar Qarabağdan çıxarılmağa başlayıb; beləliklə, ən ümumi şəkli ilə ifadə etsək, Ermənistanla Azərbaycan arasında normallaşma sürəci həlledici aşamaya keçməkdədir kimi görünür.

 

Heç kəsə sirr deyil ki, bir sıra xarici tərəfdarlar da, tənqidçilər də, daxili siyasi opponentlər də Ermənistanla Sülh Anlaşmasına maraq nümayiş etdirir, buna çağırır. – Aha, bax, tam da bu nöqtədə bir amma var: guya, Azərbaycan dövləti sülh istəmirdimi? Sanki II Qarabağ müharibəsinin həmən ardından (beynəlxalq hüquq normalarına tam uyğun) beş baza prinsipi ilə ilk çıxış edən, qarşı tərəfə barış əli uzadan, gələcəyə baxmağa çağıran Azərbaycan dövləti olmayıbmı? Bu barış əlinin uzadılması böyük ərdəm nümayişinin, misilsiz comərdliyin tam özüydü! Əvəzində nə oldu? Ermənistan o beş prinsip əsasında Sülh Anlaşmasından yayındı da yayındı. Görəndə, yox, bıçaq kəmiyə dirənib, əvəzçıxma-zad boş şeydi, Dəmir Yumruq öz yerindədir – yalnız onda Sülh Anlaşmasının qacınılmaz olduğunu idrak etməyə başladılar.

Budur, Azərbaycan və Rusiya prezidentlərinin Moskvada keçirilən görüşündən, Baykal-Amur Magistralının 50 illiyi ilə bağlı tədbirdən sonra Azərbaycan hakimiyyətini Rusiya ilə yaxınlaşmaqda ittiham edən bəziləri öz ağıllarınca guya bir az “arqument” qazanmış kimi danışmağa başladılar. – Nə qəribdir deyilmi? –Sanki Azərbaycan 2 milyondan az əhalisi qalmış cırtdan Ermənistanla Sülh Anlaşması bağlamalıykən, 2 milyondan çox azərbaycanlının yaşadığı nəhəng Rusiya ilə qatı düşmən olmalıymış... Sanki Ermənistanı sülhpərvərlikdə, Azərbaycanı müharibə hazırlıqlarında suçlayan bunlar deyildi. İndi necə edək? – Sülhə gələk ya gəlməyək? Ermənistan - Rusiya bağları, bağsızlığı onların öz işidir; Kremlin və digər dəstəkçilərin sayəsində 105 il öncələr qurulmuş “baş tutmamış dövlət”lə kimin necə rəftar etməsinin fakturası bizə çıxarılmamalıdır, bu, heç mümkün də deyil. Sülhə gəliriksə, Ermənistanın hoqqalarının, erməni etibarsızlığının və erməni havadarlarının suçunu bizim boynumuza qoymaq lazım deyil, bu, heç mümkün də deyil.

Azərbaycan nə Qərbpərəstdir, nə Rusiyayönümlü; Azərbaycan hakimiyyəti məhz Azərbaycanyönümlüdür, Türk dünyası yönümlüdür. Bu planda, Azərbaycan Prezidentinin 14 fevralda Milli Məclisdəki Andiçmə törənində dediyi tarixi sözləri xatırlamaq yetərlidir: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir.

Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. – Əlbəttə, bu tarixi sözlərdən öncələr görülmüş, hazırda görülməkdə olan işlər, Azərbaycan Respublikasının yürütdüyü siyasət aydın şəkildə göstərir ki, Türk dünyasının qayğıları bizə necə doğmadır; hər kəs görür-bilir ki, qardaşlarımızın uğuru toplumumuza öz uğurumuz, uğursuzluğu uğursuzluğumuz kimi yansıyır, yayılır. Belə olan halda Azərbaycanı hansısa yönümlülükdə suçlamaq ya zəkasızlıq ya bədniyyətlilik ya da qaragüruhçuluqdur.

Ermənistanla barışırıqsa, Ermənistanın havadarları ilə düşmənmi olmalıyıq?!.

ATƏT-in keçmiş Minsk qrupunun digər həmsədrləri ilə bağlı da, ümumən Ermənistan havadarları və qara sevdalıları ilə bağlı gərginliklərdə (necə deyərlər) “atəşi birinci açan” heç vaxt biz olmamışıq. Örnəyi, Fransa gözgörəsi beynəlxalq hüquqa sayğısızlıq edir(di)sə, fransız parlamentinin hər iki palatası qondarma və keçmiş “DQR”i Allah qoymasa “dövlət” kimi tanıyıb, prosesi Fransa Prezidentinin imzasınadək irəlilətmiş(di)sə, üstəlik, yeri gəldi-gəlmədi öz kiçik bacısı üçün bizim üstümüzə gəlməyə çalışırsa, biz “qadan alım, a firəng”mi deməliyik? Özü şüşə binada oturan Fransaya, ATƏT-in keçmiş Minsk qrupunun hər üç sədrinə münasibətdə doğru etmişik, doğru edirik və öz doğrularımızda uhulət-suhulətlə davam etməliyik.

Anadolular demiş, hələ şu Amerikaya baxın: nə qədər ədalətsiz olduqlarını 32 il öncə “907” ilə sübut etmiş ABŞ, indi növbəti sanksiya hədəsi ilə ədalətsiziyin o dövlətin materiyasına nüfuz etdiyini, ikili standartların ABŞ-ın xroniki xəstəliyi olduğunu göstərməkdədir. ABŞ Xocalı Soyqırımını, Ağdaban, Bağanis-Ayrım, Ballıqaya, Başlıbel, Qaradağlı, Meşəli və b. soyqırımı aktlarını törədənlərə sanksiya tətbiq edibmi? Bəlkə ABŞ Köçəryana, Sarkisyana sanksiya tətbiq edib, bizim xəbərimiz yoxdur?

Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktları və vandal qətliamlarla müşayiət olunan hərbi təcavüzü sonucunda 30 il boyunca suveren ərazilərimizin 20 faizə qədərində törədilmiş müharibə cinayətləri, 20 min vətəndaşımızın qətlə yetirilməsi, 50 mindən artıq adamın yaralanması, əlil olması heç bir sanksiyaya əsas vermirmi? Yoxsa, Azərbaycanın böyük humanitar fəlakətlər yaşaması heç bir diqqəti, dəyəri, beynəlxalq hüquq yanaşmasını haqq etmir(di)mi? Bax, bu (təkzibolunmaz əsaslara dayalı) ritorik suallardan da aydın göründüyü kimi, ABŞ-ın və heç bir dövlətin, beynəlxalq qurumun Azərbaycana sanksiya tətbiq etməyə (ən azı) mənəvi haqqı yoxdur. Əgər separatçını, müharibə canisini, əli günahsız azərbaycanlıların (o cümlədən uşaqların, qadınların, qocaların) qanına batmış, əsir və girovlara işgəncə vermiş (tabeliyində olanları belə çirkin əməllərə sövq etmiş) yaramazlara görə Azərbaycanın hüquq-mühafizə orqanlarının başçılarını, bir sıra dövlət qulluqçularını sanksiya siyahısına salmağı düşünürlərsə, onlar bizimlə eyni ictimai-siyasi, mədəni-humanitar platformada necə dayanacaq, bizi öz “ədalət”lərinə necə inandıra biləcəklər?..

Bizimlə qərib davranan Qərbi də, Ukraynaya savaş açmaqla dərin bataqlığa düşmüş Rusiyanı da, öz duruşu olan (milli) dövlətlərdən xoşnud olmayan ABŞ-ı da görürük, bilirik...

Azərbaycan öz yolunda, düz yolundadır. Çətindir amma şərəflidir! Şərəf – bizim əbədi seçimimizdən, daha doğrusu xarakterimizdən qaynaqlanır; çətinliyi isə biz müəyyələşdirməmişik, bu, gerçəkliyin adı, özüdür...

 

Budur, Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək COP29-a (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına) dəvət edib.

Budur, ADA Universitetində Azərbaycan Prezidentinin iştirakı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir.

COP29-dan öncə Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. – KİV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışı zamanı bildirib.

Bu iki önəmli hadisənin baş verdiyi 23 aprel çox əlamətdar gündür.

Düz bir il öncə - 23 aprel 2023-cü ildə Həkəri körpüsü üzərində Laçın sərhəd-keçid məntəqəsi qurmuşuq. – Bununla da, Qarabağa qanunsuz silah, mina və s. daşınmasının, ümumən, ermənilərin, havadarlarının nə az-nə çox – 105 illik qanunsuz əməllərinin qarşısını qəti surətdə almışıq.

“Bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb”. – Bu isə biz bu yazını işlərkən yayılan xəbərdir...

Dünənki tarix - 23 Aprel qardaş Türkiyənin Egemenlik və Cocuq Bayramı idi. 104 il öncənin bu günündə Türkiyə Böyük Millət Məclisi qurulub.

Hər iki önəmli ildönümü qutlu olsun! Türkə bayram yaraşır!

“İndi bölgədə yeni nizam qurulur”. – Qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu sözləri (bizə iraq olmayan) İraqdan qayıdarkən jurnalistlərin qondarma “erməni soyqırımı” ilə bağlı sualına cavabında söyləyib. Ərdoğan Ermənistanı “fürsət qapısı”ndan yaralanmağa (keçməyə!) çağırıb. Bəli, “fürsət qapıları həmişə açıq qalmır”... Bəli, “İndi yeni yol xəritələri yaratmağın vaxtıdır”.

Yeri gəlmişkən, Türkiyə XİN-nin Qazaxın 4 kəndi ilə bağlı Açıqlaması da bütün digər beynəlxalq reaksiyaların ən doğru-dürüstü, ən yaxşısıydı. – Kərküklülər demiş, “Qardaş qardaşdı, qardaş”!

 BAYRAĞIMIZ UCA OLSUN!

 

“Ədəbiyyat və incəsənət”

(24.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.