Heyran Zöhrabova, " Ədəbiyyat və incəsənət"
"Dünyada nə qədər kitab var belə
Çalışıb əlləşib gətirdim ələ
Oxudum, oxudum, sonra da vardım
Hər gizli xəznədən bir dürr çıxardım."
(Nizami Gəncəvi)
23 aprel dünyada "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" kimi qeyd edilir.
Kitablara və müəlliflərə dünya miqyasında ehtiramın göstəricisi olan bu gün 1995-ci ildə UNESCO tərəfindən təsis edilmişdir.
Bu gün üçün 23 aprel tarixinin seçilməsi də təsadüfi deyil. Dünya ədəbiyyatı üçün 23 aprelin xüsusi bir anlamı var.
Belə ki, 23 aprel 1616-cı ildə dünya ədəbiyyatının ən tanınmış simalarından olan ingilis şairi və dramaturqu Uilyam Şekspir, ispan yazıçısı Migel de Servantes və Peru yazıçısı İnka Qarsilaso de la Veqa vəfat edib. Və bu əlamətdar gün onların xatirəsinə ehtiram olaraq təsis edilib.
Ölkəmizdə isə "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" 1997-ci ildən etibarən qeyd edilir.
Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı dünya və insanlıq sevgisiylə dolduracaq"
(M. Qorki)
Kitablar keçmiş və gələcək nəsillər arasındakı əlaqə və mədəniyyət körpüsü, dünyanın heç vaxt tükənməyəcək olan ən dəyərli xəzinələrindən biridir.
Smayls'in də söylədiyi kimi "Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbərdirlər."
Kitab mütaliəsi bir çox yerdə bizim əlimizdən tutur. İnsanlarla daha rahat ünsiyyət qurmaq, daha aydın və effektli nitq söyləmək, lügət ehtiyatını zənginləşdirmək, asudə vaxtını ən faydalı şəkildə dəyərləndirmək, hər gün yeni biliklər öyrənmək və dünyagörüşümüzü genişləndirmək üçün, deyə bilərəm ki, ən gözəl yol mütaliədən keçir.
Kitab oxumaq elmimizi, biliyimizi artırmaqla bərabər, həm də ruhi və zehni sağlamlığımız üçün də çox faydalıdır.
Çünki kitab oxumaq həmçinin bir terapiya (müalicə) üsuludur. Bu terapiya üsulu "Biblioterapiya" adlanır.
Biblioterapiya yunancadan tərcümədə "kitabla müalicə" deməkdir.
Biblioteraliyanın tarixi olduqca qədim dövrlərə gedib çıxır.
Orta əsr mənbələrinə görə təxminən 1200-1300-cü illərdə Qahirənin Əl-Mənsur xəstəxanasında Qurani-Kərimdən tibbi müalicə üsulu kimi istifadə olunurdu. Avropada isə biblioterapiyanın əsası kilsə kitabxanalarında qoyulmuşdur.
Biblioterapiyanın ən önəmli faydalarından biri də kitabı oxuyan şəxsin özünü tam olaraq qəbul etməyə başlamasıdır. Həmin insanda vaxt ötdükcə özünə inam hissləri formalaşır və bu zamanla daha da artır.
Kitab oxumaq insanın özünü qəbul etməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Kitab oxuyarkən insan oxuduğu kitaba fokuslanır və qısa müddətlikdə olsa onu narahat edən, stres keçirməsinə səbəb olan amilləri, problemləri unudur. Və eyni zamanda vaxtını da səmərəli və faydalı keçirərək, yeni şeylər öyrənir. Öz problemlərinə bənzər problemlərin başqalarında da olduğunu görərək tək olmadığını anlayır.
Kitab oxuyan insanda həyatda yaşamaq üçün mübarizə aparmaq əzmi formalaşır. Dəyərləri və münasibətləri inkişaf edir. Problemlərin sadəcə bir deyil, müxtəlif həll yolları olduğunu dərk edərək yeni ideyalar formalaşdırır.
"Kitab bir limandı mənim üçün. Kitablarda yaşadım və kitablardakı insanları küçələrdəkindən daha çox sevdim.."
(Cemil Meriç)
Kitablar həm də bir qaçışdır deyərdim, qaçmaq və səni heç kəsin tapa bilməyəcəyi özünəməxsus gizli bir dünyaya sığınmaq.. Çünki, insan kitab oxuyarkən qısa bir müddət belə olsa, uzun-uzadı onu düşündürüb kədərləndirən şeyləri unudur.
Kitab oxumaq insanın əsəblərini sakitləşdirir və bir kitabı oxuyub bitirdikdən sonra insan özünü çox daha yaxşı hiss edir. Bəzən günlərlə oxuduğu bir kitabın təsirinə düşür, bəzən bəzi obrazlara əsəbləşib, bəzilərini doğması kimi çox sevir.
Əsəbi və ya məyus olduğunuz anlarda əlinizə bir kitab alın, əvvəl qoxusunu çəkin ciyərlərinizə, karbon qazıyla birlikdə içinizdəki mənfi enerjini də qovub çölə atın və sonra oxumağa başlayın. Vərəqlər bir-birinin arxasınca qaçmağa tələsdikcə və siz sətirlərin içində daha dərinlərə qərq olduqca hirsiniz üzərinə günəş şüası düşmüş buz parçası kimi əriyib yox olacaq və siz özünüzdən xəbərsiz rahatladığınıza şahid olacaqsız.
Kitablarda yazılmaz bəlkə bu, amma, hər nə qədər özündə ağrılı həyat hekayələrini daşısalar da kitablar sağaldır.
"Kitablardan başını qaldırma, balaca. Dünya pis bir yerdi."
(Hikmet Anıl Öztekin)
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)