Fazil Mustafa Nazim Əhmədlini yubileyi ilə bağlı təbrik edib

 

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa "Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr" İctimai Birliyinin sədri, “Avriasiya Press" nəşriyyatının direktoru, şair-tərcüməçi Nazim Əhmədlini qarşıdan gələn 70 illik yubileyi ilə bağlı təbrik edib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, komitə sədrinin yubilyara ünvanladığı məktubda deyilir: 

 

"Hörmətli Nazim müəllim,

Sizi - tanınmış şair, tərcüməçi, publisist və ictimai xadimi 70 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

 

Çox şadam ki, bu ilki yubileyinizi doğma Laçının düşmən tapdağından qurtuluşunun, o torpaqlarda abadlıq-quruculuq işlərinin geniş vüsət almasının sevinci, qüruru içində keçirirsiniz.

 

Siz Azərbaycan Yazıçılar Birliyinin (AYB-nin) “NATAVAN Klubu”nun direktoru, AYB-nin məsləhətçisi, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin redaktoru, ümumi şöbə müdiri, Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinin direktor müavini, eləcə də "525-ci qəzet"də şöbə müdiri vəzifəsində çalışmısınız. 

Bir müddət pedaqoji fəaliyyətlə məşğul olmusunuz.

Hazırda Beynəlxalq Avriasiya Mətbuat Fondu nəzdindəki “Avriasiya Press" nəşriyyatının direktoru, habelə (2012-ci ildən) "Skandinaviya ölkələri ilə Mədəni və Elmi Əlaqələr" İctimai Birliyinin sədrisiniz. Skandinaviya ölkələrində Azərbaycanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və Qarabağ həqiqətləri ilə bağlı yaddaqalan layihələr həyata keçirirmisiniz. 

Siz I Qarabağ müharibəsi veteranısınız - 1993-1996-cı illərdə AzərbaycanOrdusu sıralarında hərbi jurnalist kimi xidmət edib, qaynar döyüş bölgələrindən reportajlar hazırlamısınız. 

 

Şeirləriniz, hekayələriniz bir sıra xarici dilə çevrilib, o cümlədən qardaş türkcələrə uyğunlaşdırılıb.

“Gök yüzünün adamı” (#Ankara), "Bürkü" (Təbriz), "Mein geliebtes fernes Meer" ("Mənim sevimli uzaq dənizim"; Köln, Almaniya), "Bir ömür sevgi", "Ruhum da sənin olacaq", "Sevgi Allahı", "Unutduğum göy üzü", "Yenə dönüb gələcəm", "Mənim generalım", "Qız təbəssümü" və b. kitablarınız gün üzü görüb. 

Siz Orhan Arasın (Almaniya) "Helenendorfun sonuncu şahidi" və "Biz Azərbaycanı çox sevdik" kitablarını Azərbaycan dilinə uyğunlaşdırmış, İsveç yazıçısı, #Nobel mükafatı laureatı Pyer Fabian Lagerkvist, yapon yazıçısı Yukio Misiman, rus şairi İvan Jdanov, rus yazıçısı Sergey Qraçovun və ingilis yazıçısı Aqata Kristin yaradıcılığından örnəkləri dilimizə çevirmisiniz.

 

Sizi 70 illik yubileyiniz, ictimai fəaliyyət və yaradıcılıq uğurlarınızla bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.