Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, şair-publisist Dr. İradə Əlilini 60 illik yubileyi ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, komitə sədrinin yubilyara ünvanladığı məktubda deyilir:
"Hörmətli İradə xanım,
Sizi 60 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, ədəbi, elmi yaradıcılıqda yeni uğurlar diləyirəm!
Siz Bakı Mədəni-Maarif Texnikumunun (indi ADMİU nəzdindəki Humanitar Kollecin) Kitabxanaçılıq fakültəsini 1986-cı ildə fərqlənmə diplomu ilə bitirmisiniz. Daha sonra Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində oxumusunuz (1988–1994). “Çağdaş dönəmdə Azərbaycanda ekoloji problemlərin biblioqrafik informasiya təminatı” mövzusunu geniş surətdə araşdırmışınız.
Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Rəsul Rza” mükafatı laureatısınız, habelə Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olmusunuz.
Ölkəmizdə və ölkədışında müxtəlif elmi konfranslarda uğurla iştirak etmisiniz.
Siz bir mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, informasiya və sənəd menecmenti sahəsini tədris edən pedaqoq, jurnalist, şair, fəal ictimaiyyətçi olaraq çoxşaxəli əməli fəaliyyətlə məşğulsunuz.
“Mənim sevgi dünyam” (2013), “Dünya sevənlərindir” (2014), “Döyüşçü qadının səngər xatirələri” (2015), “Güllə səsindən doğulan kitab” (2015), “Vətənin cəsur döyüşçüləri” (2019), “Bir damla göz yaşında torpaq həsrəti” (2021), “Laçın həsrətim” (2021), “Və bir gün” (esselər; 2021), “Bir ömrün işığı” (2022), “Xocalı: Şahidlər danışır” (2022), “Kahraman Şehit Oğuz Özgür Çevik” (2022), “Zəfər yolu” (2023) və b. kitablarınız gün üzü görüb. Kitablarınızın bir neçəsi xarici dillərə çevrilib.
Sizi yaradıcılıq uğurlarınız və 60 illik yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm"!
“Ədəbiyyat və incəsənət”
(19.04.2024)