Şokolad günü, Kəmaləddin Heydərov və 2600 adda ilan Featured

 

11-20 iyulun təqvimi Varisin təqdimatında

 

 

 

11 iyul, Ümumdünya Şokolad Günü

 

World Chocolate Day elə-belə gün deyil a, nəzərə alın ki, dünyanın bir çox problemsiz, şən, xoşbəxt xalqları – o xalqları ki, kreditlər, kommunal xərclər, qiymətlərin bahalaşması boyunduruğu altında inləmirlər, onu əməlli-başlı qeyd edirlər.

 

Lap qədimlərdə kakao-bob mənşəli şokolad ərzağı maye halında imiş, içki kimi istifadə olunurmuş. Onun aktiv istifadəsinin ilk izlərini arxeoloqlar eramızdan əvvəlin 19-cu əsrinə aid edirlər. Özü də bu izlər Meksikada aşkar edilib. Belə bir inam var ki, ilk bərk şokolad istehlakı da Şimali Amerikaya məxsusdur, tarixi isə Mayya dövrünə, eramızdan əvvəl 480-ci illərə təsadüf edir. Onun qalıqlarını Qvatemala ərazisi sularında batmış gəmidən tapıblar. Bəs Avropaya şokolad nə vaxt gətirilib? Yalnız eramızın 16-cı əsrində. Özü də Amerikadan onu Xristofor Kolumb gətirib.

 

Şokoladın adına bayram təşkil etməyin kökü isə Fransadan gəlir. 1995-ci ildə fransızlar bu təşəbbüsdə bulunaraq estafeti digər Avropa ölkələrinə, ordan da dünyaya ötürüblər. Şokolad günündə müxtəlif sərgilər, müsabiqələr, dequstasiya turları təşkil edilir, şokoladın faydaları barədə təbliğat aparılır. Bu faydalar isə “n” qədərdir. Tünd şokolad endorfin ifrazını təmin edir, endorfinsə xoşbəxtlik hormonlarıdır, hamımızın ehtiyac duyduğumuz nəsnədir. Şokolad xərçəng əleyhinə, qocalma əleyhinə də keyfiyyətlərə malikdir.

 

Düzdür, biz azərbaycanlılar yerli istehsalda keyfiyyətli şokolad tapa bilmərik, bizim şokolad bilgimiz qutusunda Nazpərinin şəkli olan içi qurdlu zatlardır, amma “Bravo”lara nə gəlib, gedin, məhz bu gün Belçikanın, Fransanın, Almaniyanın bahalı və həzzverici şokoladlarından alıb da feyziyab olun. Sonrakı bir həftəni pul xərcləməyib maddi ziyanınızı qarşılaya bilərsiniz, əlbəttə.

 

 

 

12 iyul, Kiribatinin Müstəqilliyi Günü

 

Təqvimin bu ongünlüyündə dövlət bayramı olan ölkələr bir neçədir, Sant-Tome və Prinsipi var, Monteneqro var, amma mən Kiribitini seçdim, ondan danışacağam. Kiribiti Respublikası – Sakit okeanda – Mikroneziya və Polineziyada yerləşən, 20-si naməlum olan 33 adadan ibarətdir. 1788-ci ildə britaniyalı dəniz kapitanı Gilbert bu adaları görüb, dərhal öz başdaduranlarına xəbər verib, onlar da gəlib buranı Briytaniya ərazisi elan edərək bayraqlarını sancıblar. Yerli aborogen əhali balıq, dəniz canlıları ovlayıb yaşayırmış, adalarda heyvan yoxuymuş, gəlmələr özləriylə ev heyvanları – donuzlar, itlər gətiriblər, həyatı canlandırıblar. Müstəqilliyi isə kiribatililər onlara donuzgətirənlərdən 1979-cu ilin bugünkü günü qopara biliblər.

 

Hazırda Kiribatidə 105 min insan yaşayır. Ölkənin padşahı bayram gününün bir həftə davam etməsini təmin edib, bu bir həftədə Yevangeliya günü, Milli mədəniyyət günü, Ahıl adamlar günü kimi bayramlar da keçirilərək bayram bayrama qarışır. Dəqiq bilmirəm, bu qədər bayramı birdəfəyə qeyd edən xalqın öz Bayram Nurluları da varmı, amma bu xalqın cəsurları hədsizdir. Belə cəsurlar kanoe, qayayadırmaşma, fasiləsiz rəqsetmə kimi yarışlara qatılıb ən güclüləri müəyyənləşdirirlər ki, ən güclülərə də padşah qiymətli hədiyyələr verir. Bu hədiyyələrdən biri də evlənmək iznidir.

 

Quru ərazisi az olan, əkinə yararlı sahələri heç olmayan bu dövlətin balıqçılıqdan başqa yeganə gəlir gətirən sahəsi adalardan birindəki fosfat yataqlarıdır, bir də nəhəng bataqlıqdan çıxan kraxmaldır. Padşah bu təbii sərvətləri xalqın ümumi sərvəti elan etməklə gözəl bir təşəbbüs ortaya qoyub.

 

Ölkədə yollar qısadır deyə cəmi 2070 nəqliyyat vasitəsi vardır. Bir ərəb şeyxinin avtoparkında olduğu qədər. O ki qaldı mədəniyyətə, bu adalar dövlətində nə yazıçı-şair, nə kino-teatr xadimi, nə rəssam var, yeganə mədəniyyət növü rəqslərdir. Hərbi rəqslər, cuşagətirici rəqslər, mistik rəqslər, sevgi rəqsləri, etiqad rəqsləri kimi rəqs növləri geniş yayılıb. Oyna ki oynayasan!

 

 

 

12 iyul, Monqolustanda Naadam yarışlarının açılışı

 

Təsəvvür edin ki, dünyanın ekzotikasevərləri bu gün Monqolustana yollanırlar ki, üçgünlük Naadam yarışlarını seyr etsinlər. Naadam beynəlxalq turizm marşrutlarına salınır, YUNESKO-nun bəşəriyyətin qeyri-mədəni irsi siyahısına daxil edilib. Ümumən, Monqolustan statistik dünya sakini üçün böyük maraq kəsb edir. Niyə? Ən yaxşı kaşemir parça almaq üçün, ən yaxşı kumıs içmək üçün adamlar məhz ora getməlidirlər. Təsəvvür edin ki, bu ölkədə bir adama 35 qoyun, 13 at düşür. Yəni, atlar və qoyunlar adamlardan qat-qat çoxdur.

 

Sevə-sevə yediyimiz dondurmanın da vətəni, əslində, Çin deyil, Monqolustandır. Vaxtı ilə qış aylarında orada süvarilər Qobi səhrasını keçəndə heyvan bağırsağına doldurulmuş qaymağı da atlarına yükləyirmişlər. Xarab olmasın deyə içinə şəkər əlavə edilmiş bu ərzaq atlar yürüdükcə çalxalanır, donurmuş. Mənzil başına çatanda monqollar indiki dondurmanı xatırladan ərzağı ləzzətlə yeyirmişlər. Çinə də dondurma məhz Monqolustandan aparılıb, 13-cü əsrdə Marko Polo da onu ordan Avropaya gətirib.

 

Naadam ənənəvi üçnövçülük yarışını xatırladır: güləş, oxatma, atçapma. Üçgünlük yarışlar paytaxt Ulan-Batorda təşkil edilir. Suxe Bator meydanından Çingiz xana məxsus olmuş 10 atın quyruğu 10 monqol qəbiləsi rəhbəri tərəfindən stadiona gətirilir (lap Olimpiada məşəli sayağı), beləcə də yarışlara start verilir. Bu, tək idman bayramı deyil, həm də incəsənət bayramıdır, yarışlar konsert və tamaşalarla müşayiət olunur.

 

Zarafat-zarafat, bəyənmədiyiniz monqollar dünya fatehi Çingiz xanın tərəmələridir, nəzərə alın.

 

 

 

13 iyul, mühacir rəssam Vidadı Nərimanbəyovun 95 illiyi

 

Vidadi Yaqub oğlu Nərimanbəyov 1926-cı il iyul ayının 13-də Fransanın Kann şəhərində anadan olub. Ailəsi ilə birlikdə Bakıya köçdükdən sonra 1943-1944-cü illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub. 1953-1956-cı illərdə V.Muxin adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbində və 1957-1960-cı illərdə Tbilisi Rəssamlıq Akademiyasında sonrakı təhsilini alıb. Gənc rəssam tələbə ikən açıq səmanın, günəşin fonunda qara bulud layları təsvir edilmiş, öndə isə biri yağış, digəri quraqlıq arzulayan iki insan obrazı əks olunmuş “Düşmənin sevinci” tablosu ilə şöhrət qazanıb. 1961-ci ildən SSRİ Rəssamlar İttifaqına üzv olan rəssam 1963-cü ildə çəkdiyi “Yolda” monumental, irihəcmli tablosu ilə növbəti şöhrət çələnginə yiyələnib. Əsər hazırda R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi eksponatıdır. Nərimanbəyov tarixi hadisələri rəsmə çevirməklə yanaşı portret və natürmort janrlarında da özünü sınayıb, “Nəzifənin portreti” (1965), “Natürmort” (1969) kimi işləri bəyənilib. Yalnız keçmiş SSRİ məkanında deyil, Macarıstan, Çexiya, Bolqarıstan, Rumıniya, Almaniya, Əlcəzair, Finlandiya, İtaliya, Avstriya, Türkiyə, Hindistan, İraq kimi ölkələrdə də onun fərdi sərgisi təşkil edilib. 1992-2000-ci illərdə Fransanın Bordo, Po, Biarritz şəhərlərində “Buskayrol” (“Bouscayrol”) Qalereyasında Nərimanbəyovun fərdi sərgisi keçirilib. 20 Yanvar faciəsinə həsr etdiyi “Qatillər” tablosu isə dünyanın bütün sərgi salonlarında nümayiş etdirilib.

 

Görkəmli rəssamın yaradıcılığı, ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, o, 1977-ci ildə “Əməkdar rəssam”, 1982-ci ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb, 2001-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. Vidadi Nərimanbəyov 2001-ci il dekabr ayının 13-də vəfat edib, Bakı şəhərində dəfn olunub.

 

 

 

14 iyul, Bastiliyanın alınması günü

 

Nədənsə bu tarixi gün mənə həmişə Mirzə Fətəli Axundovun 1850-cı ildə yazdığı “Müsyö Jordan və Dərviş Məstəli şah” adlı dram əsərini xatırladır. Əsərin qəhrəmanı fransız Müsyö Jordan təbiətşünasdır, Qarabağın florasını öyrənmək üçün Azərbaycana gəlir. Yerli Hətəmxan ağanın evində yaşayır. Ağanın qardaşı oğlu, qızı Şərafnisin də nişanlısı gənc Şahbaz bəy Müsyö Jordanın Parislə bağlı hekayələrinə hayıl-mayıl olur, Jordana qoşulub elm öyrənmək üçün Parisə getməyə qərar verir. Təbii ki, Şahbaz bəyin bu qərarı ağanın həyat yoldaşı Şahrabanu xanımı da, qızı Şərafnisi də rahatsız edir. Onlar Şahbazın Paris səfərinə mane olmaq üçün İrandan gələn məşhur dərviş Məstəlidən kömək istəyirlər. Məstəli sadəlövh və xurafatçı qadınların verdikləri yüz çervonets pulun müqabilində Parisi partlatmağa söz verir. O, dəhşətli səslə şeytanları çağırır, Məleyxa başda olmaqla şeytanlara Parisi məhv etmək əmrini verir. Dərviş günahkar şəhəri təsvir edən maket düzəldir, şəhərin maketini dağıtmağa başlayır. Birdən həmin anda qapı zərblə döyülür və həyəcanla içəri girən Müsyö Jordan Parisin məhv edildiyini və dərhal Fransaya getməli olduğunu bildirir. Qadınlar Məstəlinin sehrli hərəkətlərinin belə tez bir zamanda icra olunmasından qorxuya düşürlər. Hətta dərvişin özü də əməllərindən qorxaraq pərdə arxasında gizlənir ki, heç kim onu ​​tapmasın. Hatəmxanın "Parisi axı kim məhv etdi?" sualına qaçan Jordan "Lənətə gəlsin!  Şeytan!  Şeytanlar!” deyə ümumi sözlərlə cavab verməklə bir qədər də dramatizmi artırır. Təbii ki, qadınlar Parisin dərviş Məstəli tərəfindən məhv edildiyinə şübhə etmirlər. Əslində isə 14 iyul 1789-cu ildə Parisdə bir inqilab baş vermişdi, Bastiliya alınmışdı və kral qaçmışdı.

 

 

 

15 iyul, Gənclərin Ümumdünya Vərdiş Günü

 

BMT-nin qiymətləndirməsinə görə dünyada işsiz gənclərin sayı 75 milyon nəfər həddindədir, işsizlərin əksəriyyəti inkişaf etməkdə olan ölkələrin payına düşür. Bundan əlavə, hər beş gəncdən biri (cəmi 125 milyon nəfər) işləsə də gündə 1 dollardan az gəlirlə yoxsulluq içindədir. Gənclər arasında yoxsulluq halı dünyanı narahat edən ciddi problemdir. Vərdiş gününün keçirilməsi gəncləri gələcək iş prosesinə hazırlamaq, onlarda müəyyən iş, peşə vərdişləri formalaşdırmaq məqsədi güdür.

 

Sovet dönəmində, xatırlayırsınızsa Maraq klubları fəaliyyət göstərirdi, ölkə üzrə Texniki Peşə məktəbləri səpələnmişdi, yeniyetmə və gənclər demək olar ki, boş qalmır, bir ixtisas sahibi olurdular, sonradan işlə də təmin edilirdilər. Bu təcrübə əfsus ki, indi unudulub. Çoxsaylı universitetlər konveyer kimi diplomlu gənclər istehsal edirlər, məzunlar diplomlarına uyğun iş axtara-axtara işsiz qalırlar, ənənəvi sənət sahələri isə sənətkarların olmaması səbəbindən durğunluq keçirir.

 

 

 

15 iyul, dahi Rembrandtın 515 illiyi

 

Rəssamlıqdan danışanda, təbii ki, ilk ağla gələn adlar “Mona Lizanı” çəkmiş Da Vinçi ilə yanaşı, Rembrandt da olur. Bu dahi niderlandlını dünyanın hər yerində uşaqdan böyüyə hamı tanıyır.

 

Yaratdığı “Doktor Tülpün anatomiya dərsi” (1632), “Saskiyanın portreti” kimi portretlərdə o, obrazların səciyyəvi cizgilərini məharətlə verə bilmiş,  “Çarmıxdan endirilmə” (1634), “İbrahimin qurban verməsi” (1635), “Danaya” (1636), “Samsonun gözlərinin çıxarılması” (1637) kimi süjetli kompozisiyalarda bir tərəfdən barokko incəsənətinə xas dekorativ əlamətləri, digər tərəfdən isə obrazların realist şərhini ortaya qoymuşdur.

 

Rəssam sifarişlə rəsmlər çəkməklə dolanırdı, amma bu pul o qədər cüzi imiş ki, adam kimi yaşamasına bəs etmirmiş. 1642-ci ildə “Gecə gözətçiləri” əsərini başa çatdırmışdı, lakin tablo sifarişçilərin - atıcı rotanın zabitlərinin etirazına səbəb olmuşdu, onlar hər yerdə rəssamı ucuzsaqqal etmişdılər, nəticədə sifarişlərin arası tamamilə kəsilmişdi, rəssam çörəksiz qalmışdı.

 

Şedevrlərini isə Rembrandt çəkib özü üçün saxlayırmış. 1657-1658-ci illərdə yaratdığı Bibliya motivli “Assur, Aman və Esfir”  və “Fərsiz oğulun qayıtması” kimi dini kompozisiyalarında emosional gərginlik, obrazların psixoloji dramatizmi olduqca güclüdür. Təsadüfi feyil ki, onun rəsm əsərləri qədər incəsənət tarixində insanı həyəcanlandıran rəsm əsərləri mövcud deyil.

 

Holland boyakarı və qrafiki təqribən 800 tablo, 300 ofort və 2000 rəsm əsəri çəkmişdir. Dünya incəsənətinin ən görkəmli nümayəndələrindən biri olan bu şəxs dünyadan səfil kimi köçmüşdür, Amsterdamda vəfat etmiş, yurdsuzlar qəbiristanlığında dəfn olunmuşdur. Ona şöhrət isə yalnız ölümündən sonra gəlmişdir.

 

 

 

15 iyul, bəstəkar Kəmaləddin Heydərovun 60 illiyi

 

Yox, məmurla nə işimiz var, biz Kəmaləddin Heydərovun adını Fövqəladə hallar naziri kimi yox, bir bəstəkar kimi çəkirik.

 

Kəmaləddin Fəttah oğlu Heydərov 1961-ci il iyul ayının 15-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə, 2006-cı ilin fevral ayında isə Azərbaycan Respublikası Fövqəladə Hallar naziri vəzifəsinə təyin edilib. 2006-cı ildə o, general-polkovnik hərbi rütbəsi alıb. “Azərbaycan Bayrağı”, “Şöhrət”, II dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.

 

Və ən əsası, keçək mahnılarına. Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kəmaləddin Heydərova məxsusdur, o, mahnılarını “Kamal” imzası ilə bəstələyir, bir neçə hit mahnının müəllifidir. Bunlardan ən məşhuru Aygün Kazımova üçün bəstələdiyi “Səndən nigaranam” mahnısıdır. Bu mahnını özbək müğənnisi Nəsibə Abdullayeva da gözəl ifa edir. Digəri isə Alim Qasımovun ifa etdiyi “Xatirədir” mahnısıdır.

 

2009-cu ildə bəstəkar Kamalın “Sənə güvəndiyim dağlar” adlı albomu buraxılıb. 4 diskdən ibarət albomdakı mahnılardan ikisinin sözləri Leyla Əliyevaya, digərləri isə şair Baba Vəziroğluna məxsusdur. Disklərdəki mahnılar Xalq artistləri Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva (Allah hər ikisinə rəhmət eləsin), Aygün Kazımova, İlqar Muradov, Röya və Zülfiyyə Xanbabayevanın, Əməkdar artist Aygün Bəylərin və başqalarının ifasında yazılıb.

 

Musiqinin də fövqəladə halları olurmuş.

 

 

 

16 iyul, Ümumdünya İlanlar Günü

 

Sizə kimdən, nədən danışım, ilanlardan. Sən demə, onların da peşə bayramı var. İlanın adam çalması, yəni peşə deyil ki?

 

Bu gün elmə 2600 ilan növü məlumdur, onların demək olar ki, hamısı tərpənən canlıları ovlayırlar. İlan gördün, yerindən tərpənmə. Çıxıb gedəcək.

 

Serpentoloqların – ilan tədqiqatçılarının təklifi ilə İlan günü təyin etməkdə məqsəd bu canlıları kütləvi məhvdən xilas etməkdir. Çünki onların çox qiymətli zəhəri vardır ki, tibbdə geniş istifadə edilən bu maddəni əldə etmək üçün ilanlar hədəf seçilirlər.

 

 

 

17 iyul, Beynəlxalq Başqalarının Uğuruna Səmimi Sevinmə Günü

 

Bu günün qeyd edilməsini yəhudilər təklif ediblər, təqvimə də bu gün İnternational Firgun Day kimi salınıb. Firgun – ivritcə başqasının uğurundan qürurlanmaq deməkdir.

 

Biz azərbaycanlılar üçün hazırda şəxsi eqonun son həddə çatması, paxıllıq və xudpəsəndliyin meydan sulaması katostrofik hala yetişib. Necə ki, Valentin gününü təqvimə salıb təmtəraqla bayram edirik, bəlkə bu günə də diqqət ayıraq? Ən azı, ilin bir günü uğur qazanan başqasına paxıllanmarıq, uğuruna sevinərik.

 

O bir məsəl var e, birinə deyirlər, hansı istəyini desən həyata keçirəcəyik, amma qonşuna onun ikiqatı olacaq, deyir, bir gözümü çıxarın. O məsəl havadan yaranmayıb ki.

 

 

 

17 iyul, məşhur səyyah Mikluxo-Maklayın 175 illiyi

 

Mikluxo-Maklay ömrünü Sakit okean adalarında tropik ölkələrin “vəhşi” xalqlarının həyat tərzini öyrənməyə həsr etmiş səyyah olmuşdur. O, irqindən asılı olmayaraq bütün insanların əqli cəhətdən bərabərliyi fikrini irəli sürən və bu ideya uğrunda mübarizə aparan rus səyyahı və antropoloqudur. Darvin nəzəriyyəsilə yaxından tanış olan Mikluxo-Maklay Darvin ideyasının təbliğatçısı professor Hekkellə birlikdə Kanar adaları və Mərakeşə səyahətdə iştirak etmişdir. O, Coğrafiya cəmiyyətində çıxış edərək çıxışlarında “monogenist” fikirlər səsləndirir, irqindən asılı olmayaraq bütün insanların eyni mənşəyə malik olmalarını iddia edirdi. Halbuki, “poligenist”lər isbat etməyə çalışırdılar ki, ağ və qara irqlər müxtəlif mənşəyə malikdirlər, qaralar idarəetmə qabiliyyətləri olmadığından tabe olmaq üçün yaranmışlar. Mikluxo-Maklay fikirlərinin düzgün olduğunu isbat etmək məqsədilə tropik ölkələrin “ibtidai” insanlarını tədqiq etmək qərarına gəlmiş, 1870-ci ilin payızında “Vityaz” gəmisi ilə Kronştaddan yola düşmüş, Braziliya və Argentina sahillərində üzməklə Cənubi Amerikanın cənubundan Sakit okeana daxil olmuş, Santyaqoda dayanmışdır və Akankaqua dağında qısa müddətli tədqiqat işləri aparmışdır. Səyahətini Samoa və Yeni Qvineya istiqamətində davam etdirib Avstraliyada tamamlayan Mikluxo-Maklay on iki illik səyahətindən sonra 1882-ci ildə vətəni Rusiyaya qayıtmış və Rusiya Coğrafiya cəmiyyəti qarşısında bütün irqlərin bərabərliyi haqqında çıxış etmişdir.

 

Həyatını bir ideyaya sərf etmək bax buna deyərlər.

 

 

 

17 iyul. Polşa dramaturqu Bruno Yasenskinin 120 illiyi (1901-1938)

 

Daha çox siyasi proseslərə qoşulması ilə, kommunist əqidəsinə görə təqib olunması ilə gündəmə gələn Bruno gah Polşada, gah Fransada, gah SSRİ-də yaşayıb. Öz ölkəsindən kommunizm ideyalarına görə SSRİ-yə mühacirət həyatına atılsa da, həmin o SSRİ-də 37-ci il repressiyasının qurbanına çevrilib. Kommunarka poliqonunda “əksinqilabi fəaliyyətinə görə” güllələnib.

 

Bu da həyatın acı ironiyası.

 

 

 

18 iyul, ingilis yazıçısı-satiriki Uilyam Meykpis Tekkereyin 210 illiyi (1811-1863)

 

Satiralarını, “Ketrin” kimi romanını psevdonimlə yazdıqdan sonra 1847-ci ildə yazdığı “Şöhrətbazlıq yarmarkası” romanının altına Tekkerey öz imzasını qoyub və dünya şöhrəti qazanıb. Bu roman Azərbaycan dilində də nəşr olunub, kitabxana seriyalarına salınıb, oxunur və sevilir.

 

“Deni Düval” romanını isə yazar tamamlaya bilmədən insultdan dünyasını dəyişib.

 

 

 

18 iyul, Nelson Mandela Günü

 

95 il ömür sürən, bunun 67 ilini Cənubi Afrika Respublikasında ağların istismarına məruz qalmış qaradərili insanların hüquqlarının və azadlıqlarının təmin edilməsinə həsr edən Mandela daim təqib edilib, 27 il həbsxanalarda yatıb. 1993-də sülh carçısı kimi Nobel mükafatı alıb,1994-cü ildə CAR-ın ilk qaradərili prezidenti seçilməyə müvəffəq olub. Hələ sağlığında ikən BMT onun doğum gününü – 18 iyulu bayram etmək qərarına gəlib.

 

Qaradərililərdən söz düşmüşkən, rəhmətlik Habil Əliyevin adına çıxmış bir lətifəni xatırlamamaq olmur. Habil Əliyev Ağdaşdan ilk dəfə Bakıya gələndə avtovağzalda bir zənci görübmüş, yanındakı yoldaşından sorşubmuş ki, görən Qara Qarayev budumu.

 

 

 

19 iyul, şotland yazıçısı Arçibald Jozef Kroninin 125 illiyi (1896-1981)

 

Tanımırıq, eşitməmişik, bilmirik. Təbii ki, bu şotland yazar haqqında hamımız belə deyəcəyik. Amma ən məşhur əsərlərinin adlarını çəkək, bəlkə haçansa oxuyası olduq: “Broudi qəsri”, “Gənc yaşlar”, “Şennonun yolu”, “Ulduzlar aşağı baxır”.

 

Amma onu da deyim ki, bu yazar dünyada məşhur olub, ABŞ-ın ən nüfuzlu ədəbi mükafatı sayılan National Book Awards mükafatına da layiq görülüb.

 

 

 

19 iyul, Ümumdünya Fotoqrafiya Günü

 

World Photography Day – 1822-ci ilin 19 iyulunda fransalı alim Jozef Neps dünyada ilk fotoqrafiyanı çəkdi, o günün şərəfinə də 19 iyul fotoqrafiya günü kimi tarixə düşdü. Neps arxa həyətdəki nahar süfrəsini çəkibmiş.

 

Fotoqrafiya tarixi barədə bir faktı da deyim. Dünyada ən qədim fotoaparat “Daguerrotyre Susses Freres” adlanır ki, 2007-ci ildə Vyana şəhərində auksionda bir kolleksiyaçıya 800 000 dollara satılmışdır.

 

Mobil telefonların kəşfindən sonra foto işi ilə əlində telefon olan hər bir kəs məşğuldur, indi hamı çəkir. Amma gəlin unutmayaq ki, peşəkar fotokamera ilə peşəkar fotoqrafın çəkdiyi foto sizin telefonla çıkhaçık çəkdiklərinizdən tam fərqli bir şeydir. Məsələn, nə təklif edərdim? İndi urvatdan düşmüş, çörəkpulu çıxara bilməyən peşəkar fotoqraflara məhz bu gün güzəşt edək, küçədə, parkda, məclisdə fotomuzu çəkməyi öz mobil telefonumuzun kamerasına yox, onlara həvalə edək.

 

 

 

20 iyul, Beynəlxalq Şahmat Günü.

 

Şəhriyar Məmmədyarov Xorvatiyada keçirilən şahmat üzrə blits turnirin 6-cı turunda dünya çempionu, bakılı, nankor erməni Harri Kasparovu cəmi 7 gedişdə məğlub edib. Şahmat barədə daha nəsə yazmağa lüzummu var?

 

 

 

20 iyul, Ç.Naxcıvanski adına Hərbi Liseyin yaranmasının 50 illiyi

 

Müharibə aparan bir ölkədə hərb sənəti daim öndədir, hərbçilər daim diqqət mərkəzindədir. Həm 44 günlük savaşda, həm əvvəlki 1-ci Qarabağ müharibəsində diviziya komandiri C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələri böyük sücaət göstərmişlər. Liseyin məzunlarından 100 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 8 nəfəri isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

 

Tarixinə nəzər salsaq, görərik ki, bu məktəb1971- ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmışdır. 24 noyabr 1997-ci il tarixdə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi Lisey adlandırılmışdır. C.Naxçıvanski adına Hərbi Lisey 11 hektar ərazini əhatə edir. Hərbi Liseyin ərazisində qərargah binası, kursant yataqxanası, tibb məntəqəsi, hamam-camaşırxana-qazanxana kompleksi inşa edilib, eləcə də mövcud binalar əsaslı təmir olunub və qurğular yeniləşdirilib. Hərbi Liseydə sahəsi 1800 kvadratmetr olan üçmərtəbəli yeni qərargah binası inşa olunub. Binanın qarşısında Cəmşid Naxçıvanskinin büstü və ətrafında xatirə kompleksi yerləşir. Liseyin ərazisində tibb məntəqəsi də inşa olunub. Bir sözlə, ordu üçün gərəkli kadrların yetişdirilməsi üçün burada hər cür şərait var.

 

Bizsə liseyin kursant və pedaqoji heyətini yubiley münasibətilə təbrik edirik.

 

 

 

20 iyul, Beynəlxalq Tort Günü

 

International Cake Day günü də yaşadıqları hər günü bayram etməyə çalışan bəxtəvər insanların kəşfidir, bu gün növbənöv tortlar yemək, rəngbərəng şamlar yandırmaq adətdir.

 

Düzdür, tort qidalar içində ən çox adamkökəldəndir, özü də bahalı məşğuliyyətdir, amma bu gün xətrinə dəyməməkçün ondan bir dilim dadmaq olar. İmkanlılar gedib “Azza” kimi məşhur qənnadı sexlərinin növbənöv tortlarından (Mars”, “Trüfel” və s.) dada bilərlər, imkansızlar evlərində özləri ucuzvari bir şey ərsəyə gətirə bilərlər. Təki, ağız dada gəlsin.

 

 

 

20 iyulun şeir bəndi

 

Yenə bu şəhərdə üz-üzə gəldik,

 

Neynəyək, ayrıca şəhərimiz yox.

 

Bəlkə də biz xoşbəxt ola bilərdik,

 

Bəlkə də xoşbəxtik, xəbərimiz yox.

 

                                 Ramiz Rövşən

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.