Aşıq Şəmşirin nəvəsini diri-diri tonqalda yandırıblar - AĞDABAN FACİƏSİNİN İLDÖNÜMÜDÜR Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Azərbaycan xalqının faciələri sırasında bit faciə də yer almaqdadır: Ağdaban faciəsi. 

Xocalı soyqırımının ardınca – 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcərin Ağdaban kəndində Ermənistan tərəfindən dinc əhaliyə qarşı törədilən kütləvi qırğın zamanı 130-dan çox ev yandırılıb, 779 nəfər kənd sakininə divan tutulub. Faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilib, 8 nəfər qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. 2 nəfər itkin düşüb, 5 nəfər isə girov götürülüb.

Təbii ki, amansız düşmən maddi, cismani məhvlə yanaşı mənəvi məhvə də qol qoymaqla tanınır. 

Faciə zamanı Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndələri - Aşıq Şəmşirin və onun atası Ağdabanlı şair Qurbanın əlyazmaları, külliyyatı məhv edilib, Aşıq Şəmşirin nəvəsi diri-diri tonqalda yandırılıb.

Bu gün Ağdaban azad edilib. Kənd işğal dövründə Ermənistan tərəfindən tamamən viran edilib. Burada Aşıq Şəmşirin məzarı daxil olmaqla, kənd qəbiristanlığındakı məzarlar dağıdılıb, qəbiristanlıqlar minalanıb. İşğal dövründə Ermənistan Azərbaycan ərazisində məscidləri uçurub, içərisində donuz, mal-qara saxlayıb, onlarla məscidi yerlə-yeksan edib. Bu, heç bir dinə, mənəviyyata sığmayan vandalizm aktıdır.

Azərbaycanın işğal edilmiş ərazilərində törədilən soyqırımı aktları, cinayətlərin nəticəsidir ki, bu gün azad edilmiş ərazilərdə onlarla kütləvi məzarlıqlar aşkarlanmaqdadır.

Bu gün Ağdaban ictimaiyyəti - o dəhşətli qətliamın fəsadlarını yaşayan şəxslər, Azərbaycanın QHT təmsilçiləri beynəlxalq ictimaiyyətə açıq məktub ünvanlayıblar. 

Məktubda qeyd edilir ki, Fransanın, Avropa İttifaqının Avropa sülh mexanizmi adı altında Ermənistanı silahlandırması, revanşizmin baş qaldırmasına hər cür dəstək verməsi onları hiddətləndirir. 

Məktubda yazılıb: “Biz bu hərəkətləri, ərazi bütövlüyü məsələsinə ikili standartlarla yanaşmaları qəbul etmir, bu addımları Azərbaycan xalqına və dövlətinə qarşı fəaliyyət hesab edirik!

Biz yaxşı bilirik ki, Ağdaban soyqırımı da Xocalıda, Meşəlidə, Quşçularda, Malıbəylidə, Qaradağlıda, Ballıqayada, Başlıbeldə olduğu kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, etnik təmizləmə aparmaq məqsədilə törədilib.

Ötən dövr, 2020-ci ildəki 44 günlük müharibə, 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı da göstərdi ki, bütün bunlar Azərbaycan xalqının mətin iradəsini sındıra bilmədi.

Biz Ağdaban icması və Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə qürur duyuruq. Onun qətiyyətli siyasəti, müdrik liderliyi nəticəsində Azərbaycan BMT qətnamələrini təkbaşına icra etdi, respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin olundu, Azərbaycan xalqı ən böyük arzusuna çatdı. Biz Prezident İlham Əliyevin siyasətini tam müdafiə edir və alqışlayırıq!”

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.