Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış teatr və kino aktyoru Rahib Əliyevi (12.07.1945, Bakı - 28.03.2024) vəfatı münasibətilə başsağlığı verib. Başsağlığı mətnində deyilir:
Rahib Seyidağa oğlu Əliyev hələ məktəbli illərindən dram dərnəklərində fəaliyyət göstərib, xalq teatrlarında səhnəyə çıxıb.
O, M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU-nun) Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən, Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayıb. Ömrünün sonunadək bu mədəniyyət-sənət ocağında çalışan aktyor, ümumilikdə 70-dən artıq obrazda çıxış edib.
Əməkdar artistin Markone (“Ovod”, E.Voyniç), Fərzəli bəy (“Nəsrəddin”, Y.Əzimzadə), Qazı (“Danabaş kəndinin məktəbi”, C.Məmmədquluzadə), Bəkdəmirov (“Şirinbala bal yığır”, S.Qədirzadə), Cəbi (“Hacı Qəmbər”, N.Vəzirov), Mirzə Salman (“Mahmud və Məryəm”, Elçin), Babaşov (“Sağlıq olsun”, İ.Məlikzadə), Molla Xudaverdi, Kərəməli (“Hacı Qara”, M.F.Axundzadə), Fərəcov (“Sən həmişə mənimləsən”, İ.Əfəndiyev), Ancelo, Mer (“Səhvlər komediyası”, “III Riçard”, U.Şekspir), Şeyx Əbuzər (“Şeyx Sənan”, H.Cavid), Mister Sauyrberi (“Oliver Tvistin macəraları”, Ç.Dikkens) və b. obrazları tamaşaçıların marağına səbəb olub.
Rahib Əliyev səhnə xadimi kimi tanınsa da, o, ondan artıq filmdə də (“Ulduzlar sönmür", “Yol əhvalatı”, “Yaramaz”, “Qətl günü”, “Güllələnmə təxirə salınır”, “Cavid ömrü”, “Axırıncı dayanacaq” və b.) çəkilib.
Sənətkar 2006-cı ildə “Əməkdar artist” fəxri adına, 2018-ci ildə “Tərəqqi” medalına layiq görülüb, dəfələrlə Prezident mükafatçısı olub.
Uca Tanrı rəhmət eləsin.
Sənətkarın ailə üzvlərinə, bütün doğmalarına başsağlığı verir, səbr diləyirik!
Azərbaycan Respublikası
Milli Məclisinin Mədəniyyət Komitəsi
“Ədəbiyyat və incəsənət”
(29.03.2024)