BÖYÜK CƏFƏR CABBARLININ 125 İLLİYİ TAMAM OLDU - MM Mədəniyyət Komitəsi bu tarixi hadisəyə münasibət bildirib Featured

Novruz tətili günlərində Azərbaycanın böyük dramaturqu Cəfər Cabbarlının anadan olmasının 125-ci ildönümü tamam oldu. Bu münasibətlə Azərbaycan Respublikası

Milli Məclisinin Mədəniyyət Komitəsi paylaşım edib. “Ədəbiyyat və incəsənət” portalı komitəyə istinadən həmin paylaşımı təqdim edir: 

 

Azərbaycanın böyük dramaturqu, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor,  Əməkdar incəsənət xadimi Cəfər Cabbarlının anadan olmasının 125-ci ildönümü tamam oldu (20.03.1899, Xızı – 31.12.1934, Bakı).

CəfərCabbarlı yaradıcılığa şeirlə başlasa da, ən ünlü əsərlərini dramaturgiya janrında yazıb və görkəmli Azərbaycan dramaturqu, teatr xadimi kimi tanınıb. 

Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaradıb, eyni zamanda incəsənətin müxtəlif sahələrində uğurlu fəaliyyət göstərib.

Azərbaycanda tarixi dram janrını milli-azadlıq ideyaları, geniş xalq kütlələrinin şah mütləqiyyətinə qarşı çıxışı ilə ilk dəfə Cəfər Cabbarlı zənginləşdirib - "Nəsrəddin şah" pyesində istibdad və mütləqiyyətə qarşı geniş xalq kütlələrinin mübarizəsinin əks olunması onun fərqli özəlliyi olub. Azərbaycan dramaturgiyasında və Cəfər Cabbarlının yaradıcılığında tarixi mövzunun işlənilməsi "Nəsrəddin şah"la yeni mərhələ idi. "Nəsrəddin şah" ilk dəfə 1919-cu ildə Aşqabadda tamaşaya qoyulub.

"Trablis müharibəsi" və "Ədirnə fəthi" əsərlərinin mövzusu isə Osmanlı əhalisinin, Türkiyə türklərinin mübarizə dolu tarixinin yaxın keçmişindən (1911–1913-cü illər) götürülüb. 

Cəfər Cabbarlının yaradıcılığının ikinci dönəmi - 1920–1923-cü illərdəki ədəbi fəaliyyətinin əsas nəticəsi "Aydın" (1919) və "Oqtay Eloğlu" (1921) pyesləri olub. Hər iki əsər 1921–1923-cü illərdə Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulub və teatrın repertuarında yer tutub. İdeya və üslub cəhətdən bir-birinə yaxın olan bu əsərlərdə Cabbarlı pulun hökmranlıq etdiyi bir toplumu, bu tiplumda əzilən sadə insanların faciəsini göstərib.

Cəfər Cabbarlı keçmiş SSRİ qurulduqdan sonra - 1922–1923-cü illərdə iki dəfə həbs olunub və işgəncələrə məruz qalıb. - Onu pantürkizmdə günahlandırırdılar.

1928-ci ildə dramaturq "OdGəlini" pyesi ilə tarixi qaynağına görə problematik, zamanına görə güncəl bir mövzuya üz tutub.

Faciədə ərəblərin Azərbaycanda işğalçılığını, soyğunçuluğunu, xalqın adətlərinə, dininə, heysiyyatına təcavüzünü əks etdirən səhnələr bir-birini əvəz edir.

Məhəmməd Əmin Rəsulzadə "Çağdaş Azərbaycan Ədəbiyyatı" əsərində yazırdı:

"Od gəlini"ni Cəfər "Çeka" həbsindən çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər məmləkətdə, istərsə məmləkət xaricində səs salmış bir hadisəyə görə "müsavatçılar" qrupu ilə birlikdə həbs edilmişdi. 

Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar. Neft dövlətin malı elan edilir. Ərəbistana daşınır. Azərbaycanlıları islam dinini gəbul etməyə məcbur edirlər.

Mənzərənin rəmziliyi göz qabağındadır. Tamaşaçılar üçün "ərəb" və "islam" sözləri yerinə "rus" və "kommunizm" sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir".

1925-ci ildə Cəfər Cabbarlı dövlət teatrı üçün Şekspirin "Hamlet" faciəsini tərcümə edib, 1927-ci ilin əvvəllərində F.Qladkovun "Sement" əsərindən bir parça çevirib. 1928-ci ildə o, Tolstoyun "Uşaqlıq" povestini və Qorkinin "Üzügülər" hekayəsini tərcümə və çap etdirib.

Cəfər Cabbarlı 1920–1930-cu illərdə Azərbaycan dramaturgiyasının ən populyar siması idi. Dövrün tarixi-ictimai məzmununu təsvir və səciyyələndirmək qüdrəti məhz ona nəsib olub. Sənətşünasların qəti rəyinə görə, Cəfər Cabbarlısız bu dramaturgiyanı bütöv, fəal, müstəqil və qüdrətli hesab etmək mümkün deyildir.

1928-ci ildən etibarən yazıçının yaradıcılığının üçüncü dönəmi başlayır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıçı, 1927-ci ildə "Sevil" əsərini yazır. Əsər qadın azadlığı mövzusuna həsr olunub. 1928-ci ildə "Sevil"in tamaşaya qoyulması ilə sanki Şərq qadınlarının azadlığı üçün bir yol açıldı…

Cabbarlının 1930-cu illər dram yaradıcılığı "Almaz" pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilib. Tamaşa böyük uğur qazanıb.

1933–1934-cü illər Cabbarlının həyatında ən gərgin fəaliyyət illəri idi. Bu zaman o həm dram teatrında, həm opera teatrında, həm də kinoda işləyirdi.

Bütün həyatını teatrla bağlamasına baxmayaraq dramaturq incəsənətin vacib sahələrindən biri olan kinoya da çox böyük önəm verib, Azərbaycan milli kinosunun yaranması və inkişafı üçün əlindən gələni əsirgəməyib.

Teatrda olduğu kimi kino işinə də çox ciddiliklə yanaşan yazıçı bu sahədə milli kadrların yetişdirilməsi və hazırlanmasına böyük önəm verib.

O, 1928-ci ildə Mirzə Fətəli Axundovun "HacıQara" pyesi əsasında ssenari yazaraq Azərbaycanın ilk milli kino ssenaristi olub, kinematoqrafiya tariximizin qızıl fonduna "Sevil", "Almaz" kimi filmlər bəxş edib.

Sayğılarla anırıq.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.