Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Həsrətin araya atdı, dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun?
Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir,
Axşamlar yadıma düşür səhərim.
Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi,-
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı
Bu gün klassik Azərbaycan poeziyasının seçilən simalarından biri olan, "Qaytar ana borcunu:, "Qayıt", "İki sevgi" kimi şeirləri ilə Azərbaycan poeziyası tarixinə öz möhürünü vurmuş şair, nasir, dramaturq, tənqidçi, tərcüməçi Əli Kərimin doğum günüdür.
Əli Kərim 1931-ci il mart ayının 18-də Göyçayda fəhlə ailəsində anadan olmuşdur. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olsa da, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçmişdir. 3-cü kursdan isə təhsilini Moskvada, Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirmiş və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib Bakıya qayıtmışdır.
Bakıya qayıtdıqdan sonra "Azərbaycan" jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinə rəhbərlik etmişdir.
İlk mətbu əsəri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunmuş “Təzə müəllim” şeiri olmuşdur.
Fəal ədəbi yaradıcılıqla məşğul olan şairin "İki sevgi”, “Həmişə səfərdə”, “Qızıl qanad”, “Qaytar ana borcunu”, “Uşaqlar və ulduzlar”, “Səfərdən sonra” , “Tənbəl ayı balası” , “Seçilmiş əsərləri. I cild”, “Seçilmiş əsərləri. II cild”, “Pillələr”, “Gül və çörək”, “Qız və kəpənək” , “Qayıt”, “Mavi nəğmənin sahilində”, “Neyləyim, şeirlə dərd söyləyirəm”, “Nə xoşbəxt imişəm bir zaman, Allah!”, “Metronun yaylı qapıları” və s. kitabları nəşr olunub. Sözlərinə “Nə gəlməz oldun”, “Yar gəldi”, “Azərbaycanım mənim”, “Nə xoşbəxt imişəm bir zaman, Allah!” kimi sevilən nəğmələr bəstələnilib.
1958-ci ildə Elza xanımla ailə həyatı quran Əli Kərimin bu izdivacdan Paşa, Azər və Orxan adlı 3 oğlu dünyaya gəlir.
Qanında başlayan laxtalanma səbəbi ilə ürəyi şairə narahatlıq verir. Lakin o, “kiçik oğlum mənsiz yatmayacaq” deyərək xəstəxanaya getməkdən imtina edir. 1969-cu il iyunun 30-da onu dilə tutub həkimə aparırlar. Və o, elə həmin gecə xəstəxanada dünyasını dəyişir. Rəsul Rza çox çalışsa da, onun fəxri xiyabanda dəfn olunması üçün icazə ala bilmir. Şair doğulduğu Göyçayda torpağa tapışırılır.
Söhbətin bu yerində sizi Əli Kərim yaradıcılığının ən unudulmaz, ən ölməz misraları ilə baş-başa buraxıram.
İKİ SEVGİ
Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mən səni sevirəm
Sususzluğun od vurub köz kimi yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir
rahatca bardaş qurub,
– Kabab üstdən sərin su pis olmaz – deyən kimi
Gözəl qız, sən işıqsan,
Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm
iynənin ucu boyda
İşığa həsrət qalan göz işıq sevən kimi
O isə səni sevir
Bir şən mağarda, toyda,
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki səni sevirəm
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
Səs kimi,
Qüdrət kimi
O isə səni sevir,
Gizli deyil ki səndən,
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De görək nə deyirsən!
Amma yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm
Nöqtə, nöqtə və nöqtə.
O QIZA
Axtarıram mən səni,
Arayıram mən səni.
Soruşuram gözümlə ötüb keçəndən səni,
Axtarıram kitabda, arayıram həyatda.
Bilmirsən nə boydasan, nə görkəmdə, nə adda,
Sənin təhsilin nədir, sənin yaşın neçədir?
Aladırmı gözlərin, qaradırmı, necədir?
Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi,
Qoy qara xalın olsun həsrətimin nöqtəsi!
Bəlkə məndən böyüksən, bəlkə məndən kiçiksən;
Ol, kiçik ol. böyük ol, amma kamallı ol sən.
Kamal ol ki ömür bir şən nümayiş deyil,
Mənalı yaşamaqsa çox da asan iş deyil.
Ağıl da öz yerində. kamal da öz yerində.
Bir gözəllik də görüm mənalı gözlərində.
Kimə, niyə baxıram təkcə səni andırır.
Ürəyimdə sözüm var, ürəyimi yandırır.
O elə bir sözdür ki, dosta. yada deyilməz.
Anadan əziz nə var, anaya da deyilməz.
Əllərimi göynədir saçlarının həsrəti.
Gəl yiyəsiz qalıbdır könlümün məhəbbəti.
İşdir üz-üzə gəldik… Onda məndən utanma,
Ürəyindən keçəni nə gizləmə, nə danma
Gizləmə ki, danma ki, gedər hərə bir yana;
Qoyma canım od tutub yana, ömürlük yana.
Səni harda axtarım? De nəçisən? De kimsən?
Tez ol, görün, tez ol gəl, axtarıram səni mən!
Gözümdə, könlümdə qəm,
Yollarına bitmişəm.
İlk baharı gözləyən cavan bir ağac kimi.
Baharı gözləyirəm… Ay qız, gəl bahar kimi.
NƏ XOŞBƏXT İMİŞƏM BİR ZAMAN, ALLAH
Nə xoşbəxt imişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.
Nə xoşbəxt imişəm,
nə xoşbəxt,
xoşbəxt!
Bu gün eşitmişəm bunu həsrətdən.
Niyə yazmamışam o zaman, Allah,
Əlimə qələm də gəlməyir indi.
De, niyə aradan küləklər əsir?
Aramız, de, niyə belə sərindir?
İçdiyim o su da səadət imiş,
İşə getməyim də, qayıtmağım da.
Ona baxmağım da xoşbəxtlik imiş,
Onu yuxusundan ayıltmağım da.
Dünya başdan-başa səadət imiş,
Mənsə bu dünyanın qoynundayammış,
Dünya fırlanırmış sevinc gücüylə,
Bəs indi nə olub belə dayanmış?
Göylər səadətin çətiri imiş,
Torpaq da səadət məhvəri imiş.
Gecələr toranlı vüsal məskəni,
Hər səhər,
ruhumun səhəri imiş.
Dilin quruyaydı sənin, ay həsrət,
Sən bu gün könlümü tarımar etdin.
Ya bunu vaxtında deyəydin mənə,
Ya da ki lal olub heç dinməyəydin.
Dünya başdan-başa səadət imiş,
Görəsən, heç bir də olarmı yenə?
Dünya başdan-başa nə imiş dedin?
Dünya başdan-başa nə imiş, de nə?
ATAMIN XATİRƏSİ
O sərt idi. Səhər dərsə tələsəndə mən
Bildirməzdi yolda durub boylandığını.
Bircə dəfə söz açmazdı qəlbindəkindən,
Söyləməzdi övlad üçün çox yandığını.
Gizli-gizli məni süzüb gülərdi bəzən
Durub-durub güc gələrdi əyri qəlyana.
Övladına bircə dəfə "can" söyləməkdən
Övlad üçün can verməyi daha asandı ona.
Əməksevər. ağır, enli, cod əli vardı,
Tale kimi endirərdi çiynimə hərdən
Sərt üzünə bircə anlıq səhər doğardı
Bilməzdim ki, hansı nurlu düşüncələrdən.
Sevgisi də soyuq idi - təzə əkini
Hər bəladan hifz eləyən qar kimi.
Moskvada oxuyurdum,
Tərk etdi məni.
Gələn kimi bir əbədi ayrılıq dəmi
Gah istəyib məni görə. Gah deyib ki mən
Qoy bilməyim
O utanıb öz ölümündən
Ah, o niyə belə etdi, bu nə qubardı?
Nə zamansa bu nişanda bir atam vardı.
*
Bəzən haqq qazanır insan öləndə,
Hətta unudulur ağır günahı
Hamıya dərd olur cavan getməyi,
Oduqca az görüb, az yaşamağı…
Deyirlər:”bilsəydik, ayıq olardıq
Onu qoyardıqmı heç gözdən iraq?
Hər bir dərdinə də çarə tapardıq,
Nə bilək, o belə az yaşayacaq?”
Eh! Bu gün nə qədər xəyala daldım,
Eh! Qəlbim nə qədər alışdı, dindi.
Sən mənim qədrimi biləsən deyə
Bu cavan yaşımda ölümmü indi?
İLK GÖRÜŞ
Nə vaxt görüşmüşük?
Harda? Nə zaman?
Doğrusu, elə bil yadımdan çıxıb.
Təbəssüm səhəri doğdu üzündən,
Dayandın ehmalca əlimi sıxıb.
Sözlərin qırıldı, töküldü bir-bir;
Çırpdı divarlara, daşlara külək.
Kəlmələr dağıldı sahil boyunca
Yorulmuş bir gülün ləçəkləri tək.
Əynində sevincdən biçilmiş ağ don,
Gözündə çaşqınlıq ala-toranı.
Əllərin qonmağa bir yer tapmadı,
Sındırdın az qala barmaqlarını.
Sonra da gözlərin sirli söhbəti:
- Sevirsən?
- Sevirəm.
- Hər zaman?
- Hər an!
Sonra da dillərin şirin yalanı:
- Sevmirsən?
- Sevmirəm?
İndi o vaxtdan:
Saatlar,
həftələr, illər ötüşür.
Amma o ilk görüş yaşayır hələ.
Qocalmır, zamana yanıqlar verib,
Yaşayır hər yeni görüşümüzlə.
İlk görüş yox olsa, yox olub gedər,
Dönər bir heçliyə görüşlərimiz...
Görüşlər hamısı vərdişə dönər,
Bəlkə bir saatda qocalarıq biz.
Hər yeni görüşlə ilk görüş gəlir,
Bütün görüşlərə nur səpir bir-bir.
İlk görüş həmişə arxada deyil,
İlk görüş bəzən də gələcəkdədir.
QAYTAR ANA BORCUNU
Bir gözəl, bir sevimli oğul böyütdü ana.
O bəd, uğursuz günü – ərinin öldüyünü
Bildirmədi heç ona.
Kədəri dalğa-dalğa doldusa da ürəyə
Lakin nə saç yolaraq verdi əsən küləyə,
Nə şivən etdi ana.
Ürəyində ağlayıb, gülmək öyrətdi ona,
Dözərək davanın da dərdinə, bəlasına,
Öz boğazından kəsib yedirdi balasına…
Bir oğul böyütdü ki, gur, çatmaqaş, gensinə.
Bir oğul böyütdü ki, oğul deyirəm sənə:
Atlını atdan salıb küləklərlə ötüşür.
Baxışından qızların ürəyinə od düşür.
Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,
Oğul instituta qızıl medalla girdi.
Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!”
Ana yuxularında tez-tez Bakıya getdi,
Ana məktub yazdı ki: “Yanıltma gümanımı,
Pul nədir, pul deyirsən, göndərərəm canımı”.
Nə zaman ki oğlunun getdiyi dörd il oldu,
Məktubları kəsildi, gəlmədi tətil oldu,
Ananı fikir aldı, ananın əsdi dizi
Ana müqəssir etdi, tramvayı, dənizi.
O yenə dözdü, durdu… O yolmadı saçını,
Səsləri qonşuları Əsmər, Çiçək bacını.
Yenə də azalmadı ürəkdən bala dərdi
Onlar oğul vermədi, onlar təsəlli verdi.
Məktub məktub dalınca axdı, Bakıya xdı,
Ana da məktubların dalınca baxdı, baxdı…
Məktublarsa Bakını dolandı, gəzdi, gəldi,
Məktublar əzik-üzük, məktublar bezdi gəldi,
Ana yenə də baxdı gah dolama yollara,
Gah da oğul boyuna həsrət qalan qollara.
Ana oğul böyütdü gur, çatmaqaş, gensinə,
Ana oğul böyütdü, özgəyə qismət oldu.
Ana fikirləşdi ki, mən neyləmişəm sənə?
Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?
Oğul böyütdümü o büzmədodaq bir qıza?
Oğul böyütdümü o. min işvəyə, min naza?
Ana bilsəydi əgər böyütməzdi oğlunu,
Yox, bunu yandım dedim, yenə atmazdı onu.
Bir gözəl, bir sevimli oğul böyütdü ana,
Ürəyində ağlayıb gülmək öyrətdi ona.
Oğul! Nədir etdiyin bəs bu haq-say üçün?
Qaytar onun ömrünə neçə gecə, neçə gün!
Qaytar onun saçının qaralığını geri.
Qaytar o dilindəki şirin-şirin sözləri!
O sözü, o söhbəti gülüşü anan verib,
Ana dodaqlarından bala dodaqlarına.
İndi ondan gen gəzən oğul, ayaqlarına
Yerişi anan verib.
Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,
Qaytarsan o yerişi, yerindəcə qalarsan.
Qaytarsan o gülüşü hırıldamazsan daha
Qaytar, qaytar onları. qaytar qoyma sabaha!
Sən ki dərd verdin, oğul, sənə gülüş verənə.
Oğul demərəm sənə!
Deyirəm ki, o boyu, buxunu qaytar geri!
Deyirəm ki, varını, yoxunu qaytar geri!
Qaytar onun borcunu,
Gülüşünü, adını, sözünü qaytar geri!
Qaytar ana borcunu,
O borc sənin özünsən, özünü qaytar geri!
“Ədəbiyyat və incəsənət”
(18.03.2024)