Könül, “Ədəbiyyat və incəsənət”
Bildiyiniz kimi, martın 22-də Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 105 illik yubileyidir. Ədəbiyyat tariximizə “Dəli Kür” kimi möhtəşəm bir roman bəxş etmiş İsmayıl Şıxlı həm də azərbaycançılıq məfkurəsinin formalaşmasında, müstəqillik hərəkatında müstəsna fəaliyyət göstərmiş, böyük ictimai-siyasi xadim olmuşdur.
105 illik münasibətilə Azərbaycan Ədəbiyyat Fondu Azərbaycan Yazıçılar Birliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin və “Qazax” Xeyriyyə-İctimai Birliyinin dəstəyi ilə “Onun ölməyən dünyası” adlı tədbir təşkil edəcək.
Tədbir bu gün - martın 18-i saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçiriləcək!
Tədbirdə Xalq yazıçısı Anar, Xalq şairi Nəriman Həsənzadə, akademiklər Nizami Cəfərov, Qəzənfər Paşayev, Mətbuat Şurasının sədri Rəşad Məcid, “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Nağıqızı, ədəbiyyatşünas Məti Osmanoğlu, İsmayıl Şıxlının tədqiqatçısı, professor Təyyar Salamoğlu, İsmayıl Şıxlının oğulları Elçin və Fərrux Şixlılar, eləcə də digər elm və ədəbiyyat nümayəndələri, media mənsubları iştirak edəcəklər.
Tədbirin moderatoru Azərbaycan Ədəbiyyat Fondunin Baş direktoru Varis olacaq.
Tədbirdə çıxışlarla yanaşı, aşıq musiqisi də ifa ediləcək, böyük yazara həsr edilmiş şeirlər də səsləndiriləcək. Habelə, İsmayıl Şıxlının 105 illiyi münasibətilə ən yaxşı esse müsabiqəsinin qalibi Nurəddin Ədiloğlu mükafatlandırılacaq.
“Ədəbiyyat və incəsənət”
(18.03.2024)